Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Yanvar, şənbə, Bakı vaxtı 04:43

Dünya xəbərləri

Gürcüstanda Rusiyaya casusluq ittihamı ilə 20 nəfər saxlanıb

Gürcüstan polisi Rusiyaya casusluq ittihamı ilə 20 nəfəri saxlayıb. Reuters agentliyi Gürcüstanın təhlükəsizlik orqanlarına istinadla xəbər verir ki, onlar gizli məlumatları Moskvaya ötürürlərmiş.

Amma Daxili İşlər Nazirliyi bu barədə məlumatlara şərh verməkdən imtina edib. Nazirlik bu barədə gələn həftə rəsmi məlumat veriləcəyini bildirib.

Gürcüstan 2006-cı ildə də 12 zabiti Rusiyaya casusluq ittihamı ilə həbs etmişdi.

Bütün xəbərləri izləyin

Ötən il jurnalist ölümləri 50% artıb

Belaruslu jurnalist Ales Minau Ukraynada

2022-ci ildə dünyada jurnalist qətlləri bir il öncəylə müqayisədə 50% artıb. Buna əsasən Ukrayna, Meksika və Haitidə jurnalist qətlləri təkan verib.

Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) yanvarın 24-də yaydığı hesabatda qeyd edir ki, 2022-ci ildə dünyada azı 67 xəbər mediası işçisi öldürülüb. Bu isə 2018-ci ildən bəri ən yüksək rəqəmdir.

Adıçəkilən üç ölkədə jurnalistlər deyirlər ki, getdikcə artan təhlükə onları aşırı stress altında işləməyə vadar edir.

Ötən il təkcə Haitidə 7 jurnalist öldürülüb ki, bu da 12 milyon adamın yaşadığı kiçik ada ölkəsi üçün böyük saydır. Onların bəzilərini zorakı küçə bandaları, azı ikisini isə polis güllələyib.

CPJ-nin məlumatına görə, 67 qətlin 35-i cəmi üç ölkədə – Ukrayna, Meksika və Haitidə baş verib. Meksikada 13 media işçisi öldürülüb. Digər media qrupları bu sayın 15 olduğunu deyirlər.

Rusiyanın hərbi hücumuna məruz qalmış Ukraynada isə ötən il 15 media işçisi qətlə yetirilib. Qurum Ukraynada müharibəni işıqlandıran jurnalistlərin “nəhəng risklə üzləşdiyini” qeyd edir.

CPJ 46 jurnalistin “birbaşa işləri ilə əlaqədar” öldürüldüyünü təsdiqləyib, 26 qətlin motivinin isə araşdırıldığını bildirib.

Qərb şirkətlərinin əslində neçə faizi Rusiyadan gedib

Arxiv fotosu

Qərb şirkətlərinin 9 faizindən də Rusiya Ukraynaya hücuma başlayandan bu ölkədən gedib. Bunu İsveçrədəki St Gallen Universitetinin və Beynəlxalq Menecment İnkişafı İnstitutunun araşdırması üzə çıxarıb.

Simon EventNikol Pisani deyir ki, onların araşdırması “Avropa İttifaqı və G7-nin (Böyük Yeddilik) Rusiyadan çox məhdud şəkildə çəkildiyini” ortaya qoyub. Bu isə “nəhəng sayda Qərb firmalarının bazarı tərk etməsi haqda deyilənlərin əksini göstərir”, – onlar vurğulayıblar.

2022-ci ilin fevralında Aİ və G7-dən 1404 şirkətin Rusiyada ümumilikdə 2 min 405 filialı olub. Ötən noyabradək onların cəmi 8.5 faizi Rusiyaya investisiyanı dayandırdığını açıqlayıb. Ötən ilin dördüncü rübündə Rusiyadan kapitalın çıxarılması göstəricilərində “cüzi dəyişiklik” qeydə alınıb, tədqiqatçılar belə deyirlər.

Moskva ötən il fevralın sonunda Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan sonra bir sıra tanınmış brendlər Rusiyada fəaliyyəti dayandırdıqlarını bildiriblər.

Polşa Ukraynaya tank tədarükü üçün 'kiçik koalisiya' yarada bilər

Polşa, "Leopard 2" tankları ilə təlimlər, 24 mart 2014

Polşanın baş naziri Mateuş Moravetski yanvarın 22-də bəyan edib ki, əgər Almaniya hökuməti “Leopard-2” tanklarının Ukraynaya göndərilməsinə qərar verməsə, Varşava öz arsenallarından Kiyevi “müasir texnika” və “müasir tanklar”la təmin edəcək ölkələrdən “kiçik koalisiya” yaradacaq.

Polşanın PAP xəbər agentliyinə müsahibəsində baş nazir Almaniyanın tank tədarükü məsələsində mövqeyini tənqid edib.

"Almaniyanın mövqeyi qəbuledilməzdir. Müharibənin başlanmasından demək olar ki, bir il keçir. Günahsız insanlar hər gün ölür", - Morawiecki deyib.

Berlin hələ ki, özündə və digər ölkələrdə olan "Leopard" tanklarının Ukraynaya verilməsi ilə bağlı qərar qəbul etməyib.

Bir gün əvvəl Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri Almaniya hakimiyyətini Ukraynanı dərhal “Leopard” tankları ilə təmin etməyə çağırıblar.

“Bu, Rusiyanın təcavüzünü dayandırmaq, Ukraynaya kömək etmək və Avropada sülhü tez bir zamanda bərpa etmək üçün lazımdır”, - onlar tvitter hesabında yazıblar.

Bu günlərdə Kiyevin müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə Qərb tanklarının tədarükü ilə bağlı Almaniyanın Ramşteyn aviabazasında görüşüb müzakirə aparsalar da razılıq əldə olunmayıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius cümə günü bildirib ki, Berlin "Leopard"larla bağlı hələ qərar qəbul etməyib.

Bazar günü Avropa İttifaqının xarici işlər naziri Josep Borrell, əsasən Almaniyanın mövqeyinə görə Ukraynaya tankların tədarükü ilə bağlı siyasi qərarın hələ verilmədiyini təsdiqləyib.

"El Diario"-ya verdiyi müsahibədə Borrell şəxsən tank tədarükünün tərəfdarı olduğunu bildirib.

Daha əvvəl Ukraynaya az sayda öz tanklarının təhvil verildiyini açıqlayan Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli bildirib ki, Ukrayna Silahlı Qüvvələri "Leopard"ları əldə edərsə London buna şad olacaq.

Qərb dövlətlərinin Ukraynaya silah tədarükünün artması ilə əlaqədar son günlər Rusiyanın yüksək rütbəli nümayəndələri kütləvi qırğın silahlarından istifadə ilə bağlı təhdidlər edirlər.

Los-Anceles yaxınlığında naməlum şəxs atəş açaraq ən azı 9 nəfəri öldürüb

Kaliforniya, hadisə yeri

Hadisəni törədənin kimliyi, tutulun-tutulmadığı və əbəbləri barədə hələki hər hansı məlumat yoxdur

ABŞ-ın Kaliforniya ştatının Monterey Park şəhərində şənbədən bazara keçən gecə silahlı şəxs atəş açıb.

Polisin verdiyi məlumata görə, hadisə nəticəsində 9 nəfər həlak olub. Atəş açanın kimliyi və həbs edilib-edilmədiyi hələlik məlum deyil.

Hadisə Çin təqviminə görə Yeni ilin gəlişinin qeyd edildiyi vaxta təsadüf edib, bu zaman parkda və küçələrdə çox adam olub.

Monterey Park Los-Ancelesin ətrafıdır. Qeyd olunur ki, şəhər əhalisinin yarıdan çoxu Çin və Cənub-Şərqi Asiyadan gələnlərdir.

Bir neçə gün davam edən Çin Yeni ili şənliyinin ənənəvi hissəsi atəşfəşanlıqdır. Hadisə şahidlərinin sözlərinə görə,buna görə də atəş səslərini fişənglərin səsindən dərhal ayıra bilməyiblər.

Rusiya Dumasının rəhbəri Qərb ölkələrini hədələyib

Vyaçeslav Volodin, arxiv foto

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukraynaya hərbi yardım edən Qərb ölkələrini hədələyib.

Bazar günü teleqram kanalındakı paylaşımında o yazıb ki, Kiyevə hücum silahlarının çatdırılması qlobal fəlakətə gətirib çıxaracaq.

"Əgər Vaşinqton və NATO ölkələri təhdid etdikləri kimi mülki şəhərlərə zərbələr endirmək və ərazilərimizi ələ keçirməyə cəhd etmək üçün istifadə olunacaq silahları tədarük etsələr, bu, daha güclü silahlardan istifadə etməklə cavab tədbirlərinə səbəb olacaq"-Rusiya Dövlət Dumasının sədri yazıb.

Vaşinqton və Brüsseli öz qərarları ilə dünyanı dəhşətli müharibəyə sürüklədiyini vurğulayan Volodin bildirir ki, bu ölkələr bəşəriyyət qarşısında məsuliyyətlərini dərk etməlidirlər.

Buna oxşar fikirləri əvvəllər Rusiyanın digər rəsmiləri də səsləndiriblər. Həmin çıxışlarda qeyd olunub ki, Ukrayna ordusunun mümkün hücumları Rusiyanın ərazi bütövlüyünü və mövcudluğunu təhlükə altına sala bilər.

Ərazi bütövlüyünə təhlükədən danışan Rusiya rəsmiləri Kremlin mövqeyinə uyğun olaraq, Ukraynanın dörd vilayətinin və Krımın ilhaq edilmiş ərazilərini Rusiya ərazisi hesab edirlər.

Rusiyanın nüvə doktrinasında belə bir təhlükə nüvə silahından istifadənin səbəblərindən biridir.

Rusiya liderləri əvvəllər mümkün təhlükələrdən danışsalar da ilk dəfədir ki, kütləvi qırğın silahlarının mümkün istifadəsini bu qədər açıq şəkildə Ukraynaya silah tədarükü ilə əlaqələndirirlər.

ABŞ və müttəfiqləri Ukraynaya qarşı nüvə silahından istifadənin yolverilməzliyi ilə bağlı Rusiyaya dəfələrlə xəbərdarlıq ediblər.

Təhlilçilərin fikirincə, Rusiya nümayəndələrinin son bəyanatlarından belə nəticə çıxır ki, Moskva bundan təkcə Ukraynaya qarşı deyil, həm də Qərb ölkələrinin özlərinə qarşı istifadə imkanlarını nəzərdən keçirir.

Hələlik son bəyanatlara Qərbdən heç bir reaksiya verilməyib.

Rusiya ötən ilin fevralıda Ukraynaya hücum edib və bu təcavüz hələ də davam edir.

ISW: Moskvada HHM sistemlərinin qurulması əhalini uzunmüddətli müharibəyə hazırlamağa hesablana bilər

Rusiya Müdafiə Nazirliyinin binası üzərində "Pantsir" sistemi

Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Moskvada müxtəlif məkanlarda və hətta binaların üzərində hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini Ukraynadan hücum təhlükəsi ilə bağlı olmadığını düşünür.

İnstitut hesab edir ki, çox güman ki, bu, şou oyunudur, onun köməyi ilə Kreml vətəndaşları uzun sürən müharibəyə hazırlayır.

ISW ekspertləri hesab edirlər ki, Moskva hansısa zərbə endiriləcəyinə inanmır, sadəcə bu silahlar Ukrayna müharibəsinin yaratdığı təhlükəni əhaliyə çatdırmağa hesablanmış yüksək profilli görüntülər yaymaq üçün qurulub.

Hesabatda o da vurğulanır ki, Moskva bununla "Böyük Vətən Müharibəsi" ilə paralellər aparmaqla Ukraynanı Rusiya üçün real təhlükə yaradan ölkə kimi təqdim etmək niyyətini nümayiş etdirə bilər .

ISW-yə görə, ola bilsin ki, bu yolla Kreml əhali arasında müharibə tərəfdarlarının sayını artırmaq və onları gələcək səfərbərliyə hazırlamaq istəyir.

"Bloomberg" agentliyi yazır ki, bu Moskvanın Ukrayna pilotsuz aparatlarının hücumundan qorxduğunu da göstərə bilər.

Beləki agentliyə danışanlar bu qərarın Ryazan və Saratov yaxınlığındakı hərbi aerodromlara pilotsuz təyyarələrin hücumundan sonra verildiyini bildiriblər.

Rusiya hərbçilərinin Moskvanın mərkəzində, Putinin Novo-Oqaryovodakı iqamətgahının yaxınlığındakı binaların damlarında zenit-raket komplekslərinin quruaşdırıldığını göstərən foto və videolar bir neçə gün əvvəl Rusiyadakı sosial şəbəkələrdə paylaşılıb.

Həmin məlumatlarda bildirilir ki, "Pantsir S-1" Rusiya Müdafiə Nazirliyinin əsas binasının vertolyot meydançasında quraşdırılıb. Bundan əvvəl Moskvanın kənarında yeni S-400 hava hücumundan müdafiə sistemləri görünüb.

Hələki Rusiya rəsmiləri məsələyə şərh vermirlər. Dövlət Dumasının Müdafiə Komitəsi isə görüntülərin saxta olduğunu bildirib.

Rusiya neft məhsullarına iki qiymət həddi tətbiq ediləcək

Rusiya, Krasnoyarski diyarı, 11 oktyabr 2020

G7 ölkələri, Avropa İttifaqı və Avstraliya Rusiyanın neft məhsulları üçün iki qiymət həddinə dair razılığa gəliblər.

Bundan başqa dəniz yolu ilə ixrac edilən Rusiya neftinin qiymət limitlərinə də yenidən baxacağı bildirilir.

Bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Maliyyə Nazirliyi məlumat yayıb. Bütün bu məhdudiyyətlər Rusiyanın Ukraynaya təcavüzünə cavab hesab edilir.

Maliyyə nazirliyinin məlumatına görə, bir qiymət həddi adətən xam neftə (dizel, benzin) nisbətən yüksək qiymətlə satılan Rusiya neft məhsulları üçün, digəri isə adətən endirimlə satılan məhsullar üçün (mazut) müəyyən ediləcək.

Vurğulanır ki, bu addım Rusiya neft məhsullarının alqı-satqısının aparıldığı qiymətlərin geniş diapazonunu nəzərə aldığı üçün daha dəqiq qiymət məhdudiyyətlərinə imkan verəcək.

Fevralın 5-dən Rusiya neft məhsullarına qiymət limitinin qüvvəyə minəcəyi gözlənilir.

O da bildirilir ki, dünya bazarında baş verəcək dəyişiklikləri nəzərə alan ölkələr mart ayında Rusiya tanker neftinin qiymət həddinə də yenidən baxacaqlar.

2022-ci ilin dekabrından bu yana qiymətlər 60 dollar/barel səviyyəsindədir.

Tətbiq olunan qiymət həddi Ukraynaya qarşı müharibə aparan Rusiyanın gəlirlərinin azaldılmasına yönəlib.

ABŞ və Avropa İttifaqı Rusiyanın tankerlə daşınan neftini almaqdan imtina edib.

Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin və neft məhsullarına tətbiq edilən qiymət razılaşmasına qoşulan ölkələrə satışı qadağan edib.

Eyni zamanda, Rusiyanın "Urals" brendindən olan nefti indi dünya bazarında tətbiq edilən qiymət həddindən aşağı satılır. Analitiklər qeyd edirlər ki, məhdudiyyətlərdən sonra Rusiya neftinin ixracı xeyli azalıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edib. Hələ də davam edən müharibədə Ukraynanın yaşayış məntəqələri dağıdılıb, minlərlə insan həlak olub, öz yaşayış yerlərindən didərgin düşüb.

Böyük Britaniyanın baş naziri təhlükəsizlik kəməri taxmadığı üçün cərimələnib

Rişi Sunak, Kiyev, 19 noyabr 2022

Bu arada baş nazirin hadisəyə görə üzrxahlığının yayıldığı bildirilir

Böyük Britaniyanın baş naziri Rişi Sunak yanvarın 20-də təhlükəsizlik kəməri taxmadan avtomobildə oturduğu üçün polis tərəfindən cərimələnib.

Baş nazir ölkənin şimalındakı Lankaşirə ezamiyyətdə olarkən cinayət törətməkdə təqsirli bilinib.

BBC-nin məlumatına görə, Lankaşiredə polisin "42 yaşlı kişinin" cinayətə görə cəzalandırıldığı təsdiqlənib. Bu arada hadisəyə görə baş nazirin ofisi onun üzrxahlığını yayıb.

Sunak motosikletçi mühafizəçilərin müşayiəti ilə şirkət avtomobilinin arxa oturacağında olub. O, sosial şəbəkədə video çəkdirərkən bir neçə dəqiqə kəməri açdığını bildirib.

Böyük Britaniyada təhlükəsizlik kəməri taxmadan avtomobil idarə etməyə görə cərimə 100 funt sterlinqdir (123 dollar və ya 209 manat). Əgər məsələ məhkəməyə gedərsə, bu zaman cərimə 500 funt sterlinqə qədər qalxır.

Tokayev parlamenti buraxır, seçki təyin edir

Qasım-Jomart Tokayev

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev parlamentin aşağı palatası Məclisi buraxaraq martın 19-na növbədənkənar parlament seçkisi təyin edib. Tokavev açıqlamanı yanvarın 19-da verib. Düz iki ay öncə o, erkən prezident seçkisi keçirərək hakimiyyətini möhkəmləndirib.

Ötən ilin əvvəlində Qazaxıstanda ölümlərlə nəticələnən etirazlarda Tokayevin sələfi Nursultan Nazarbayevin mövqeləri zəifləyib.

Nazarbayev üç il öncə, martın 19-da istefa verdiyini açıqlayıb, Prezident səlahiyyətini Tokayevin icra edəcəyini bildirib.

Ötənilki etirazlardan sonra Nazarbayevin yaxın qohumları bir sıra vəzifələrdən kənarlaşdırılıb, həbs edilənlər olub. Keçmiş prezidentin titulları alınıb.

Ermənistan hərbi bazasında yanğında 15 hərbi qulluqçu həlak olub

Ermənistanın Müdafiə Nazirliyi

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində mühəndis-istehkam bölüyünün kazarmasında yanğın nəticəsində 15 hərbi qulluqçu həlak olub, üçünün vəziyyəti ağır dəyərləndirilir.

Bu haqda nazirliyin mətbuat katibi Aram Torosyan Facebook səhifəsində yazıb.

Nazirlik daha öncə yanvarın 19-da gecə 01:30 radələrində qurumun N saylı hərbi hissəsinin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verdiyi haqda məlumat yaymışdı. Geğarqunik vilayətinin Azat kəndi ərazisindəki yanğının səbəbləri hələ müəyyənləşdirilməyib.

İtaliyada mafiya bossu saxlanıb

Matteo Messina Denaronun saxlanması

İtaliya polisi bu gün – yanvarın 16-da ölkədə ən çox axtarılan, 30 ilədək polisdən yayınmış mafiya bossu Matteo Messina Denaronu saxlayıb.

Siciliya paytaxtı Palermoda saxlanan Messina Denaronun Siciliyadakı Kosa Nostra mafiyasının bossu olduğu iddia edilir.

O 1992-ci ildə mafiyayla mübarizə aparan prokurorlar Covanni Falkone (Giovanni Falcone) və Paolo Borsellinonun qətlindəki roluna görə qiyabi olaraq ömürlük həbsə məhkum edilib.

Denaro həmçinin bir il sonra Florensiya, Roma və Milanda 10 nəfərin ölümünə səbəb olmuş bomba hücumlarındakı roluna görə ömürlük həbs cəzası alıb.

Polis 2022-ci ilin sentyabrında bildirib ki, axtarılan şəxs uzun müddət ortalıqda olmamasına baxmayaraq, hələ də Siciliyanın qərbindəki Trapani şəhərinin ətrafında mafiyanı idarə etmək iqtidarındadır.

Vaxtanq Kikabidze vəfat edib

Vaxtanq Kikabidze. 25 may 2006

Aktyor, müğənni, rejissor və ictimai xadim Vaxtanq Kikabidze 84 yaşında Gürcüstanda vəfat edib.

Onun ölümü haqqında məlumatı Gürcüstanın "Mtavari Arxi" telekanalı məlumat yayıb.

1980-ci ildə Gürcüstanda xalq artisti adını almış Vaxtanq Kikabidze 1970-ci illərdə Corc Daneliyanın filmlərində oynadığı rollar, eləcə də pop-vokal ifaları sayəsində keçmiş SSRİ-də geniş tanınıb.

2008-ci il Rusiya-Gürcüstan müharibəsindən bəri Kikabidze Rusiyada çıxış etməyib. O, həmçinin Krımın ilhaqını və Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsini pisləyib.

"Mən bunu rəzil müharibə adlandırdım. Şeytan var və bu odur." -Kikabidze Putin və müharibə haqqında belə deyib.

Kikabidze 1938-ci ildə Tbilisidə anadan olub. Tbilisi Filarmoniyasında işləyib, 1960-cı illərdə filmlərdə rol almağa başlayıb. Geniş yayılmış şöhrət ona “Ağlama!” filmində rol qazandırıb.

George Danelia. Eyni rejissorla “Tamamilə İtirilmiş” və “Mimino” filmlərində rol alıb. Ümumilikdə o, 20-dən çox filmdə, sonuncu rolu isə Ukraynanın "Matchmakers-7" serialında oynayıb.

Kikabidzenin ifa etdiyi mahnılar da populyar olub, o cümlədən rus dilində - "Mənim illərim, mənim sərvətim", "Sevgiyə yola salmaq" və s.

Kikabidze məşhur "Orero" ansamblına rəhbərlik edib, həm də ssenarist və rejissor kimi fəaliyyət göstərib.

V.Kikabidze Rusiya-Gürcüstan savaşı haqda...
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00
Direct-ə keçid

2008-ci ilin iyulunda o, Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib, bir ay sonra Rusiya-Gürcüstan müharibəsinə görə bu ordendən imtina edib.

O, son illər Ukraynada bu ölkəni müdafiə edən çıxışlar edib və Rusiyanın hərəkətlərini tənqid edib.

2020-ci ildə o, müxalifətdə olan Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasından Gürcüstan parlamentinə seçilib.

O, 2020-ci ilin avqustunda Bakıda konsert proqramı ilə çıxış edib.

Çexiyada prezident seçkilərinin birinci turunda istefada olan general qalib gəlib

Petr Pavel

Çexiyada keçirilən prezident seçkilərinin birinci turunda istefada olan general Petr Pavel qalib gəlib. O, 35,4 faiz səslə əsas rəqibi, Çexiyanın keçmiş baş naziri Andrey Babişi (34,99) qabaqlayıb.

"Andrey Babişin sözlərinə görə, mən siyasətdə təcrübəsiz insan idim, ona görə də nəticəni pis hesab etmirəm", - Pavel bildirib.

Seçkinin ikinci turu iki həftədən sonra keçirilməlidir. Qalib uzun müddət Avropa İttifaqı ölkələrinin ən rusiyapərəst başçılarından biri olan, fevralın 24-dən sonra Moskvanın siyasəti ilə bağlı mövqeyini kəskin şəkildə sərtləşdirən Miloş Zemanı Praqa qalasında əvəz edəcək.

Keçmiş baş nazir Babiş hazırda ən böyük müxalifət partiyasının lideri və milyarderdir.

Bu həftə məhkəmə ona Avropa İttifaqı subsidiyaları ilə bağlı fırıldaqçılıq işinə görə bəraət verib. Babişin seçicilərinin çoxunu pensiyaçılar və aztəminatlı insanlar təşkil edir.

Petr Pavel karyeralı hərbçidir, Çexiya və keçmiş Sovet bloku ölkələrinin tarixində (2015-2018-ci illərdə) NATO Hərbi Komitəsinin ilk rəhbəridir.

O, Rusiyanın Ukraynaya təcavüzünə qarşı sərt mövqe tutur. Həmçinin Çexiyanın Qərb oriyentasiyasını müdafiə edir, eyni zamanda vətənpərvərlik hisslərinə səsləyir.

Onu əsasən sağ, mühafizəkar və liberal baxışların tərəfdarları dəstəkləyirlər.

Nepalda təyyarə qəzasında azı 68 nəfər həlak olub

Nepal paytaxtına uçmalı olan təyyarənin uçuç-enmə zolağında alışdığı bildirilir

Yanvarın 15-də Nepalda qəzaya düşən təyyarədəki 72 nəfərdən azı 68-i həlak olub. Ötən gecə qalan dörd nəfərin axtarışı dayandırılsa da, yanvarın 16-da bərpa olunub.

Hadisə təyyarə turizm şəhərinə 27 dəqiqəlik uçuş zamanı yeni açılmış aeroporta eniş edərkən baş verib.

Nepal Mülki Aviasiya İdarəsi qəzanın səbəblərinin aydın olmadığını bildirib.

+++

Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb. Yeti Hava Yollarına məxsus təyyarədə dörd ekipaj üzvü və 68 sərnişinin olduğu bildirilir. Sərnişinlər arasında iki uşaq olub.

News18 telekanalının ilkin məlumatına görə, təyyarədə olanların hamısı həlak olub.

TASS Rusiyanın Nepaldakı səfirliyinə istinadən xəbər verir ki, sərnişinlər arasında 4 Rusiya vətəndaşı olub.

ATR72 model təyyarəsi Poxara hava limanından Nepalın paytaxtı Katmanduya uçmalı olan təyyarə Poxarada uçuş-enmə zolağında yanıb. Qəzanın səbəbləri hələlik məlum deyil.

Nepal yüksək dağlıq ərazisi və tez-tez dəyişən hava şəraiti səbəbindən hava səyahətləri üçün riskli ölkə hesab olunur.

Dneprdə yaşayış binası raketlə vurulub, ən azı 20 nəfərin həlak olduğu bildirilir

Ukrayna, Dnepr, raketlə vurulan yaşayış binası, 14 yanvar 2023

Son məlumatlara görə, raketin düşdüyü binada ən azı 20 nəfər həlak olub. Onlardan biri 15 yaşlı qızdır. Dağıntılar altından uşaqlar da olmaqla 40-a yaxın yaralının çıxarıldığı və hələ də 30-dan çox bina sakini itkin düşdüyü bildirilir.

Şəhərdə 3 günlkü matəm elan edilib.

Ukrayna mənbələri bildirirlər ki, Dneprdəki zərbə Rusiyanın Ukrayna ərazisinə kütləvi raket hücumu zamanı həyata keçirilib və bu zaman onlarla müxtəlif tipli raketlər atılıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, uzun mənzilli bombardmançı təyyarədən X-22 raketi Dneprdəki evə atılıb. Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib ki, raket dənizdə təyyarədaşıyan zərbə qruplarına qarşı döyüşmək üçün nəzərdə tutulub.

Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç daha əvvəl bildirib ki, Rusiyaya məxsus X-22 raketi Ukraynanın hava hücumundan müdafiəsi vasitələri tərəfindən vurulub və o, Dneprdə evin üzərinə düşüb, sonra partlayıb.

Onun bu sözləri dərhal Rusiya mediası və teleqram kanalları tərəfindən sitat gətirilməyə başlanılıb, insanların ölümündə Ukraynanın özünün günahı barədə şərhlər yazılıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandiri Nikolay Oleşçuk bildirib ki, heç bir şübhə yoxdur ki, məhz X-22 raketi şəhərə – Rusiyanın Kursk vilayəti üzərindəki hava məkanından atılıb.

Oleşçukun sözlərinə görə, "Ukrayna Silahlı Qüvvələrinin bu tip raketləri vurmağa qadir olan atıcı silahları yoxdur. Rusiyanın hərbi təcavüzü başlayandan indiyədək Ukrayna ərazisinə bu tipli 210-dan çox raket atılıb. Biri hava hücumundan müdafiə sistemləri tərəfindən vuruldu."

Ukraynada Arestoviçin sözləri bir çox şərhçilər, o cümlədən Dnepr meri Boris Filatov tərəfindən tənqid edilib. O bildirib ki, raket hava hücumundan müdafiə vasitəsi ilə vurulsa belə, bu, heç nəyi dəyişmir və Rusiya hələ də insanların ölümünə görə məsuliyyət daşıyır.

Vilayət administrasiyasının rəhbəri Valentin Rezniçenkonun açıqlamasına görə, Rusiya ordusunun atdığı raket 9 mərtəbəli yaşayış binasınıngirişini dağıdıb. "...Artıq xəstəxanalarda ikisi uşaq olmaqla 18 yaralı var. Dağılmış evin dağıntıları altında hələ də insanlar var. Xilasetmə əməliyyatı davam edir”.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərbi - Rusiyanın Dneprdəki yaşayış binasına zərbəsindən sonra - Rusiyanın raket və dron istehsalını "öldürəcək" sanksiyalar tətbiq etməyə çağırıb:

"Hər bir raket zərbəsi Rusiyanın ehtiyatlarını daha da tükəndirir, lakin onlar hələ də yeni raketlər istehsal etmək iqtidarındadırlar. Biz onların raket və dron istehsalını kütləvi yeni sanksiyalarla öldürə bilərik və etməliyik. "Böyük yeddilər"i və Avropa İttifaqını ləngimədən Ukraynanın təkliflərinə uyğun sanksiyalar tətbiq etməyə çağırıram" -ukraynalı nazir tvitter hesabında yazıb.

Ukraynadan yayılan məlumatlara görə, Dneprdən başqa Rusiya Ukraynanın digər şəhərlərinə də raket zərbələri endirib.

Xarkovda əksər rayonların işıqsız qaldığı, metronun fəaliyyətinin dayandırıldığı bildirilir. Lvovda da kritik bir infrastruktur obyektində zərbə endirildiyi barədə məlumatlar var.

Kiyevdə hava hücumundan müdafiə sisteminin aktiv olduğu bildirilir.

Son günlər Ukraynanın Solidar şəhəri uğrundə Ukrayna hərbi qüvvələri ilə Rusiyanın "Vaqner" hərbi birləşmələri arasında şiddətli döyüşlərin getdiyi barədə məlumatlar yayılır. Rusiya müdafiə nazirliyi şəhəri tutduğunu bildirsə də Kiyev bu məlumatları təsdiq etmir, şəhər uğrunda döyüşlərin davam etdiyini bildirir.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya təcavüz edib. Hələ də davam edən müharibədə Ukraynanın çox sayda yaşayış məntəqələri, infrastruktur obyektləri dağıdılıb, minlərlə insan həlak olub və öz evlərindən didərgin düşüb.

Britaniya İrandakı səfirini geri çağırıb və İran baş prokuroruna sanksiya tətbiq edib

Əlirza Əkbəri, arxiv foto

Bu Londonun Britaniya və İran vətəndaşı olan Əlirza Əkbərinin asılaraq edam edilməsinə reaksiyasıdır

Britaniya İrandakı səfirini müvəqqəti olaraq geri çağırır. Bu addım casusluqda ittiham olunan keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbərinin asılaraq edam edilməsinə reaksiyadır. (Əkbərinin həm İran, həm də Britaniya vətəndaşlığı var olub)

Əkbərinin edamına cavab olaraq London İranın baş prokuroru Məhəmməd Cəfər Montazeriyə sanksiya tətbiq edib. Fransa hakimiyyəti də edamı pisləyib, bununla bağlı İranın Parisdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Britaniya İran əsilli vətəndaşının edamını vəhşilik adlandırır

London Böyük Britaniya və İran vətəndaşı olan Əlirza Əkbərinin casusluq ittihamı ilə edamını "barbar" hərəkət kimi qiymətləndirir.

"Mizan" xəbər agentliyinin yanvarın 14-də yazdığına görə, Əkbəri "korrupsiya və Britaniya hökumətinin kəşfiyyat xidməti üçün casusluq yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı geniş fəaliyyət göstərməkdə" ittiham edilərək edam cəzasına məhkum edilib.

Edamın nə vaxt icra olunduğu açıqlanmır, bəzi xəbər agentlikləri bunun bir neçə gün əvvəl ola biləcəyini yazırlar.

Əlirza Əkbəri 2008-ci ildə İranda qısa müddətə saxlanıldıqdan sonra Britaniyaya köçüb. Onun 2019-cu il yenidən İrana qayıtdıqdan sonra həbs olunduğu güman edilir.

İranda casusluq və milli təhlükəsizliklə bağlı ittihamlara adətən qapalı proseslərdə baxılır və bu səbəbdən də indiyə qədər Əlirza Əkbərinin işi ilə bağlı az təfərrüatlar açıqlanıb.

İran rəsmi agentliklərinin məlumatlarında Əkbərinin casusluğa görə 2 milyon dollardan çox ödəniş aldığı iddia olunur.

Həmçinin rəsmi mediada yayımlanan videoda Əkbərinin 2020-ci ildə İranın aparıcı nüvə alimlərindən biri Möhsün Fəxrizadənin öldürülməsində də rol oynadığını iddia olunur.

Videoda Əkbərinin qətldə əli olduğunu etiraf etməsi göstərilmir, sadəcə britaniyalı agentin ondan Fəxrizadə ilə bağlı məlumat istədiyini deyir. Tehran həmin sui-qəsddə İsraili günahlandırır.

Böyük Britaniyanın baş naziri Rishi Sunak Tvitter hesabında Əkbərinin edam edilməsi ilə bağlı xəbərlərə yanvarın 14-də reaksiya verib. O, bu edamı "öz xalqının insan haqlarına hörmət etməyən barbar rejim tərəfindən həyata keçirilən vəhşi və qorxaq hərəkət" adlandırıb.

İran öz vətəndaşları üçün ikili vətəndaşlığı tanımır.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli yanvarın 14-də tvitində yazıb ki, "bu barbar hərəkət ən sərt şəkildə qınanmağa layiqdir. Bu, etirazsız qalmayacaq".

Bu bəyanatlardan sonra Böyük Britaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

"Britaniya hökuməti İranın milli təhlükəsizliyinə hücuma səbəb olan qeyri-ənənəvi rabitənin qurulmasına görə cavabdeh olmalıdır." -nazirliyin yaydığı bəyanatda vurğulanır.

Əkbəri 1997-2005-ci illərdə, keçmiş prezident Məhəmməd Hatəminin hakimiyyəti dövründə İranın müdafiə nazirinin müavini, İran Hərbi Dəniz Qüvvələrinin müşaviri olub.

O, həmçinin BMT-nin 1980-1988-ci illər İran-İraq müharibəsinə son qoyan qətnaməsini icra edib.

Edam hökmünü tənqid edən iranlı vəkil Səid Daehqan 14 yanvardakı tvitində bunu “siyasi” qərar kimi qiymətləndirib.

İranda ikili vətəndaşlıqla bağlı bir çox işi təmsil edən vəkil bunu Britaniyanın İran İslam İnqilabı Keşikçiləri Korpusunu rəsmən terror təşkilatı elan etməyi planlaşdırdırdığı barədə proseslərə qarşı cavab hesab edir.

NATO kəşfiyyat təyyarələrini Ukraynanın qonşuluğuna köçürür

Arxiv foto

NATO Almaniyada yerləşdirilmiş bir neçə müşahidə təyyarəsini Rusiyanın Ukraynaya qarşı müharibəsinə daha yaxın olacaq Rumıniyaya köçürür.

NATO-nun yanvarın 13-də yaydığı bəyanatda deyilir ki, Havadan Xəbərdarlıq və Nəzarət Sistemi (AWACS) müşahidə təyyarələrinin “alyansın regionda gücləndirilmiş mövcudluğunu dəstəkləmək və Rusiyanın hərbi fəaliyyətini izləmək üçün” yanvarın 17-də Buxarestə çatması planlaşdırılır.

DPA xəbər verir ki, Almaniyanın Axen şəhəri yaxınlığında yerləşən AWACS təyyarələri Rumıniya Hərbi Hava Qüvvələrinin Buxarest yaxınlığındakı Otopeni bazasında, Avropa İttifaqı və NATO ölkəsinin Ukrayna ilə şərq sərhədindən təxminən 200 kilometr aralıda yerləşdiriləcək və bir neçə həftə orada qalacaq.

Almaniya Afrika ölkələrini Putinə qarşı birləşməyə çağırıb

Bu arada Efiopiyada səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Baerbok Afrika ölkələrini Putinə qarşı həmrəyliyə çağırıb.

Yanvarın 13-də Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika Birliyinin (AU) liderləri qarşısındakı çıxışında nazir Almaniya, Fransa və digər Avropa ölkələrinin Afrikadan dəstək alacaqlarına ümid etdiyini söyləyib.

"Biz avropalılar olaraq, Rusiyanın təcavüzkar müharibəsi ilə Avropada sülhə hücum etdiyi bir vaxtda bütün dünyada dostlarımızın və tərəfdaşlarımızın dəstəyinə ehtiyac duyuruq" - Baerbok çıxışında deyib.

Rusiya ötən ilin fevralında qonşu Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edib. Hələ də davam edən müharibədə Ukraynın onlarla yaşayış məntəqələri dağıdılıb, xeyli sahdə ukraynalı evlərindən və ölkədən didərgin düşüb. Son günlər Ukraynanın Soledar şəhəri uğrunda döyüşlər gedir.

Rusiya mənbələri şəhəri tutduqlarını bildirsə də Kiyev məlumatı təsdiq etmir, şəhər uğrunda döyüşlərin hələ də davam etdiyini bildirir.

Rusiyada koronavirusun ‘kraken’ subvariantı aşkarlanıb

Arxiv fotosu

Rusiyada koronavirusun “Omikron” ştamının “kraken” adlı subvariantı aşkarlanıb. Bu haqda istehlakçıların hüquqlarını müdafiə agentliyi “Rospotrebnadzor”un mətbuat xidməti məlumat yayıb. Yoluxma halının Penza vilayətində tapıldığı bildirilir.

Daha öncə Dünya Səhiyyə Təşkilatı (DST) “kraken”in COVID-19-in ən yoluxucu subvariantı olduğunu açıqlayıb. Ancaq ekspertlər xəstəlik dönəminin yüngül keçdiyini deyirlər.

Hazırda Rusiyada “Omikron” ştamının müxtəlif variantlarının yayıldığı, ВА.5-in dominant olduğu deyilir.

Ötən payızda ölkədə “delta” ştamına tək-tük yoluxma halları da qeydə alınıb. 2021-ci ilin ikinci yarısında dominant olan bu ştam yüzminlərlə insanın ölümünə səbəb olub. “Rospotrebnadzor” son aylar başqa ştamlar aşkarlamayıb.

“Kraken” adı verilmiş XBB.1.5 ilk dəfə oktyabrda ABŞ-da tapılıb. Onun aktiv şəkildə Böyük Britaniyada və Avropanın digər ölkələrində də yayıldığı deyilir.

Tbilisi polis departamentinin yüksək vəzifəlisi öldürülüb

Arxiv fotosu

Gürcüstanda Tbilisi polis departamentinin yüksək vəzifəli əməkdaşı – detektivlər baş idarəsinin rəisi Aleksandr Şekeladze öldürülüb. Təqsirləndirilənin Daxili İşlər Nazirliyinin əməkdaşı Georgi Mqebrişvili olduğu bildirilir.

Polis əməkdaşı hazırda müvəqqəti saxlama təcridxanasındadır. Bu gün ona rəsmi ittiham irəli sürüləcəyi gözlənir.

Vəkilinin sözlərinə görə, Mqebrişvili ağır psixoloji vəziyyətdədir, onun Şekeladzeni öldürmək niyyəti, yaxud motivi olmayıb.

Xüsusi İstintaq Komitəsində Şekeladzenin qəsdən öldürülməsi faktı üzrə cinayət işi açılıb. İş həmçinin odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və gəzdirilməsi maddəsini əhatələyir.

Qətlin yanvarın 7-dən 8-bə keçən gecə törədildiyi bildirilir. Mqebrişvili öz evində Tbilisi polis departamentinin əməkdaşları Şekelidze və digərləri ilə birlikdə olub.

İstintaqın məlumatına görə, Mqrebrişvili ayıq vəziyyətdə olmayıb, özünü qeyri-adekvat və aqressiv aparıb və bundan sonra Şekelidzeyə bir neçə atəş açıb. Şekelidzenin aldığı yaralardan yerində keçindiyi deyilir.

update

Almaniyada kimyəvi hücum planlaşdırma ittihamıyla iki iranlı qardaş saxlanıb

İlusturativ foto

Yerli mətbuatın yazdığına görə, hadisə ilə bağlı saxlanan şəxs radikal dini cərəyana mənsub olan 32 yaşlı İran vətəndaşıdır

Almaniya zəhərli maddələrlə hücum planlaşdırmaq ittihamıyla iki iranlı qardaş saxlanıb. 32 və 25 yaşlı qardaşların sianid və risindən istifadə etməklə “qeyri-müəyyən sayda adam öldürməyi” planlaşdırdığı bildirilir. Prokurorluq yanvarın 8-də bu haqda bəyanat yayıb.

Adları açıqlanmayın qardaşların islamçı ekstremizmdən ruhlandığı qeyd edilir. Adı çəkilməyən təhlükəsizlik əməkdaşı “dpa” agentliyinə deyib ki, qardaşlar, çox güman, İran dövləti adından hərəkət etməyiblər.

+++

Almaniya polisi yanvarın 8-də genişmiqyaslı terror aktı hazırlamaqda ittiham olunan Şimali Reyn-Vestfaliya sakininin həbs edildiyini açıqlayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanan şəxs sianid və risindən istifadə etməklə kütləvi zəhərlənmə planlaşdırımış. Risin kimyəvi maddəsi bioloji silah kimi təsnif edilir.

Şübhəlinin adı açıqlanmasa da onun Almaniyanın qərbindəki Castrop-Rauxel kiçik qəsəbəsində yaşayan radikal dini cərəyana mənsub olan 32 yaşlı Iran vətəndaşı olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, polis onunla birlikdə mənzildə olan digər şəxsi də saxlayıb.

"Bild" qəzetinin yazdığına görə, Federal Cinayət İdarəsi şübhəlini bir neçə gün nəzarətdə saxlayıb. Hücumun hazırlanması ilə bağlı məlumat Almaniya təhlükəsizlik qüvvələrinə “dost kəşfiyyat xidməti”ndən daxil olub.

Deutsche Welle radiosu ("Alman Dalğası") dörd il əvvəl Kölndə mənzildə risin maddəsi hazırlayan bir tunisli və onun alman həyat yoldaşının saxlandığını xatırladır. Qeyd olunur ki, mütəxəsislər cütlüyün hazırladığı risin maddəsinin 13 mindən çox insanın ölümünə səbəb ola biləcəyini deyiblər.

Putin Milad mərasimində tək iştirak edib

Vladimir Putin (sağda) kilsədə

Rusiya prezidenti Vladimir Putinin Milad bayramı ilə bağlı mərasimə tək qatıldığı müşahidə olunub.

"Rossiya 1" kanalının Klemldəki kilsədən nümayiş etdirdiyi kadrlardan görünür ki, məbəddə Putindən başqa yalnız ruhanilər olub.

Putin üçüncü dəfədir ki, Milad bayramını Moskvada qeyd edir. 2022-ci ildə o, Moskva vilayətindəki Novo-Oqaryovo iqamətgahındakı kilsədə olub. “Kommersant” qeyd edir ki, 2021-ci ildə Rusiya prezidenti Milad bayramını Novqorod vilayətindəki Lipno adasındakı Müqəddəs Nikolay kilsəsində qeyd edib.

Milad bayramı təbrikində Vladimir Putin, xüsusən, rus kilsə təşkilatlarının millətlərarası sülhün qorunmasının tərəfdarı olduğunu və Ukraynadakı hərbi əməliyyatın iştirakçılarını dəstəklədiyini bildirib (Rusiya hakimiyyəti öz ordusunun qonşu ölkəyə təcavüzünü müharibə deyil "hərbi əməliyyat" adlandırır).

Bu həftənin əvvəlində yayılan məlumatlara görə, Putin Müdafiə nazirinə yanvarın 6-ı günorta saatlarından növbəti günün sonuna qədər, Ukraynadakı bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

O, bu qərarını Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillin xahişi ilə Milad atəşkəsi kimi əsaslandırıb.

Rusiya hakimiyyəti Kiyevi də oxşar addım atmağa çağırıb. Heç bir öhdəlik götürməyən Ukrayna bu təklifi rədd edib.

Ukrayna rəhbərliyi hesab edir ki, Moskvanın hərəkətləri ikiüzlülük və hiylədir. Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs çağırışını dini bayramdan cəbhə kimi istifadə etmək cəhdi adlandırıb.

BBC Rus xidmətinin Ukrayna rəsmilərinə istinada verdiyi məlumata görə, “atəşkəs” başlayandan sonra da Rusiya tərəfdən atəşlər dayanmayıb.

Rusiya ötən ilin fevralında qonşu Ukraynaya hərbi təcavüz edib. Hələ də davam edən müharibədə Ukraynada çoxsaylı yaşayış məntəqələri dağıdılıb, minlərlə insan həlak olub, on minlərlə ukraynalı öz yurdundan didərgin düşüb.

İranda daha iki etirazçı edam olunub

execution in Iran

Yanvarın 7-də İranın Kərəc şəhərində hakimiyyət əleyhinə nümayişlər zamanı Bəsic qüvvələrinin (Bəsic İranda birbaşa dini liderdən əmr alan yarım hərbi könüllü təhlükəsizlik qüvvələridir) bir üzvünü öldürməkdə təqsirli bilinən iki nəfər edam edilib.

Bu barədə "Mizan"xəbər agentliyinə istinadə RadioFarda məlumat yayıb. Məlumatda qeyd olunur ki, Bəsis qüvvələrinin üzvü olan Ruhullah Əcəmiyanın ölümündə əsas günahkar bilinənlər Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyni yanvarın 7-si səhər saatlarında edam ediliblər.

Hər iki şəxs dekabrın əvvəlində ölümə məhkum edilib. Ali Məhkəmə noyabrın 3-də edam hökmlərini qüvvədə saxlayıb.

Prokurorlar bildiriblər ki, 27 yaşlı Əcəmiyan sentyabr ayında etirazlarda öldürülən Hədis Nəcəfinin anım mərasiminə qatılan bir qrup tərəfindən çılpaq soyundurularaq öldürülüb.

Kərəmi və Hüseyni onlara qarşı irəli sürülən ittihamları rədd edərək, həbsxanada işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Vəkil Məhəmməd Hüseyn Ağasi Kərəminin atasına istinadən bildirib ki, ailəsi onunla “sonuncu dəfə” görüşə bilib.

Vəkil məhkəmənin ona Kərəmini təmsil etməyə icazə vermədiyini bildirib. Onun sözlərinə görə, bu qərar Ali Məhkəmə sədrinin bütün məhbusların öz qanuni təmsilçilərini seçmək hüququna malik olması ilə bağlı dedikləri ilə ziddiyyət təşkil edib.

İrandakı HRANA (Human Rights Activists News Agency ) fəal qrupu Kərəminin müdafiəçisinə istinadla vəkil seçmək hüququnun rədd edilməsinə etiraz olaraq Kərəminin yanvarın 4-dən Kərəc Mərkəzi Həbsxanasında aclıq aksiyası keçirdiyi barədə məlumat yayıblar.

Məlumatlarda o da qeyd olunur ki, Kərəmi ötən ay ailəsi ilə görüşdə həbs olunarkən çox pis döyüldüyünü, hətta öldüyünü zənn edərək onu küçədə atıb getmək istədiklərini, amma sonra ölmədiyini bilib həbs etdiklərini deyib.

Amnesty International bu proseslərin “məhkəmə araşdırmalarına heç bir aidiyyatı olmadığını" bəyan edib.

Nyu-Yorkda yerləşən İran İnsan Haqları Mərkəzinin icraçı direktoru Hadi Qaemi yanvarın 7-də verdiyi açıqlamasında deyib ki, "bu adamlar məhkəmə prosesindən sonra edam edilməyib, linç ediliblər"-RadioFarda yazır.

“İslam respublikası İran xalqının ümidlərini və dəyişiklik çağırışlarını puça çıxarmaq üçün əhalinin qəlbinə qorxu salmaq üçün küçə nümayişçilərinə qarşı edam və öldürücü güc tətbiq edir”, Mərkəz direktoru əlavə edib.

2022-ci il sentyabrın ortasında guya hicabı düzgün bağlamadığına görə saxlanan 22 yaşlı Məhsa Amini polis tərəfindən saxlanandan sonra vəfat edib. Bunun ardınca ölkədə hakimiyyətə qarşı etirazlar başlanıb. Azı 400 nəfərin öldürüldüyü bildirilir.

Saxlananların arasında tanınmış jurnalistlər, kinorejissorlar, hüquqşünaslar və fəallar da var. Bəziləri sonradan zaminə buraxılsa da, digərləri həbsdə qalır.

Ukraynada törədilən müharibə cinayətləri ilə bağlı beynəlxalq konfrans gözlənilir

Ukrayna , Buça

Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərin müzakirəsi ilə bağlı Londonda beynəlxalr konfransın keçiriləcəyi gözlənilir.

Bu barədə DPA agentliyi şənbə günü məlumat yayıb.

Ədliyyə nazirləri səviyyəsində keçiriləcək konfransa Britaniya baş nazirin müavini Dominik Raabınlə və onun hollandiyalı həmkarının sədrlik edəcəyi gözlənilir.

Erməni politoloq: "Azərbaycanın razılığı olmadan Laçın dəhlizinə beynəlxalq missiya göndərilə bilməz"
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Konfransa həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın da çıxışı gözlənilir.

Belə bir toplantıya hazırlıq Rusiyanın Ukraynada mühüm infrastruktur obyektlərinə zərbələr endirməsi ilə bağlı getdikcə daha çox məlumatların yayılması fonunda elan edilib.

Hücumlar nəticəsində Ukrayna şəhərlərinin və digər yaşayış məntəqələrinin sakinləri qış aylarında elektrik enerjisinin uzunmüddətli kəsilməsi səbəbindən su və istilik təchizatında problemlərlə üzləşiblər.

Məlumatda o da vurğulanır ki, hazırda prokuror Kərim Xan Kiyevin rus hərbçilərinə qarşı ittihamlarını araşdırır.

Ukrayna hakimiyyəti iddia edir ki, 11 aydır davam edən hərbi əməliyyatlar zamanı işğalçı Rusiya ordusunun əsgərləri dinc əhaliyə qarşı məhkəməsiz qətllər törədib, işgəncələrə əl atıb, zorlama halları olub.

Kiyev mülki infrastrukturun bombalanmasını da müharibə cinayəti hesab edir.

“Rusiya ordusu bilməlidir ki, onlar cəzasız hərəkət edə bilməzlər və ədalət bərqərar olana qədər biz Ukraynanı dəstəkləyəcəyik”, - Dominik Raab vurğulayır.

Keçən il Britaniya hökuməti Beynəlxalq Cinayət Məhkəməsinə 1,2 milyon dollar əlavə maliyyə və polis yardımı olmaqla yardım paketi təklif edib.

Rusiya hakimiyyəti mülki əhaliyə qarşı qəsdən hücumlar barədə iddiaları rədd edir. Enerji obyektlərinə hücumları isə Rusiyanın müdafiə nazirliyi Ukrayna hərbçilərinin hərəkətlərinə cavab adlandırır

Moskva həmçinin hərbçilərinin Ukraynada dinc sakinləri öldürdüyünü inkar edir.

Ordu ilə bağlı məlumatlar yayanlar Rusiyada cinayət təqibi ilə hədələnə bilir.

'Bir gənc niyə Mehriban Əliyevanın könüllüsü olsun ki?'
Gözlə

No media source currently available

0:00 0:10:20 0:00

Xüsusilə, Buça sakinlərinin qətliamları ilə bağlı Rusiyada məlumat paylaşanlar cinayət məsuliyyətinə cəlb olunur. Müxalifət liderindən biri- İlya Yaşin elə bu ittihamla 2022-ci ilin dekabrında səkkiz il yarım azadlıqdan məhrum edilib.

Rusiya ötən il fevralın 24-də Ukraynaya hücum edir. Davam edən müharibədə yüzlərlə insan həlak olub, xeyli yaşayış məntəqələri dağıdılıb, minlərlə insan ölkədən didərgin düşüb.

ABŞ İranın altı iş adamına sanksiya tətbiq edib

İran istehsalı olan "Shahed-136" kamikadze dronunun Ukraynada əldə olunmuş qalıqları, Xarkov, 6 oktyabr 2022

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Maliyyə Nazirliyi Rusiya ordusuna "Şahed" kamikadze pilotsuz uçan aparatların tədarükü ilə bağlı altı İran vətəndaşına sanksiya tətbiq edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, söhbət ABŞ-ın sanksiyaları altında olan Qods Aviation Industries (QAİ) şirkətinin rəhbərlərindən gedir.

Məlumatda qeyd edilir ki, adı çəkilən şirkət Ukraynada istifadə üçün pilotsuz döyüş aparatlarının Rusiyaya təhvil verilməsində iştirak edib.

Sanksiya siyahısına şirkətin direktorlar şurasının sədri Seyid Höcətullah Qoreyşi də daxildir.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İranın hərbi tədqiqat və təkmilləşdirmələrinə rəhbərlik edən Qoreyşi İran pilotsuz aparatlarının tədarükü üçün Rusiya ilə danışıqlarda cavabdeh şəxs olub.

Sanksiyalar siyahısında həmçinin şirkətin direktoru Hassem Damavandyan da var. Məlumata görə, o, kamikadze aparatları ilə bağlı Rusiya hərbçilərinin təlimi prosesinə nəzarət edib.

Sanksiya siyahısında İranın Aerokosmik Sənaye Təşkilatının direktoru Nader Xun Siavşın da adı yer alıb.

Kiyev Moskvanı mülki hədəflərə hücum etmək üçün İran pilotsuz aparatlarından istifadədə ittiham edir.

Rusiya bu ittihamları qəbul etmir. Avqustun sonunda "The Washington Post" qəzeti İranın ilk pilotsuz döyüş aparatlarının Ukraynadakı müharibədə istifadə olunmaq üçün Rusiyaya çatdırıldığını yazıb.

İran hakimiyyəti Rusiyaya dronların çatdırılmasını əvvəlcə təkzib edib, amma sonradan bunun Ukraynada müharibə başlamazdan əvvəl göndərildiyini bildirib.

Rusiya Ukraynaya ötən il fevralın 14-də hücum edib.

Yeni il ərəfəsində Kiyev səmasında 23 hədəf vurulub

Rusiyanın Ukraynaya atdığı raketin görüntüsü, arxiv foto

Yeni il ərəfəsində hava hücumundan müdafiə qüvvələri Kiyev səmasında 23 hədəfi vurub. Dnepr bölgəsində raket parçaları yolun hərəkət hissəsinə düşüb, xəsarət alan olmayıb. Yeni il ərəfəsində bütün Ukraynada hava xəbərdarlığı elan edilib.

Kiyevdə 10-a yaxın partlayış olduğu bildirilir. Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, şəhərin üç rayonunda obyektlər vurulub. Solomenski rayonunda raket parçaları yaşayış binasına düşüb və bir nəfər ölüb.

O da qeyd olunur ki, Ukraynanın əksər bölgələrində şənbə günü hava hücumu xəbərdarlığı elan edilib. Rusiya hərbçiləri ölkəyə növbəti kütləvi raket hücumu həyata keçirib - raketlər gəmilərdən və bombardmançı təyyarələrdən atılıb. Bu, son üç gündə ikinci böyük raket hücumu hesab edilir.

Bu arada Ukraynanın müdafiə naziri Oleksey Reznikov rusiyalılara müraciət edərək növbəti səfərbərliklə bağlı tezliklə Rusiya sərhədlərinin bağlanacağını bildirib.

Rus dilində etdiyi müraciətində müdafiə naziri iddia edib ki, Yeni ildən bir həftə sonra Rusiya və Belarus sərhədlərini bağlayacaq və Rusiyada Ukrayna ilə müharibə üçün yeni səfərbərlik dalğası başlayacaq ki, bu daha böyük şəhərlərin sakinlərinə təsir edəcək.

Reznikov öz məlumatlarının mənbələrini açıqlamayıb. Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyada yeni səfərbərlik dalğasının yanvarın 5-dən başlaya biləcəyi barədə bəyanatlar vermişdi.

Rusiya rəsmiləri hələlik bu məlumata münasibət bildirməyib.

Bundan əvvəl Rusiya liderləri, o cümlədən prezident Vladimir Putin bildiriblər ki, yeni səfərbərlik dalğasına ehtiyac yoxdur.

Amma məlumatda vurğulanır ki, sentyabr ayında Rusiyada elan edilmiş qismən səfərbərlik haqqında fərman ləğv edilməyib və nəzəri olaraq səfərbərliyə çağırış istənilən vaxt bərpa oluna bilər.

"Əmin bilirəm ki, sizin bir həftəyə yaxın vaxtınız qalıb, halbuki hələ bir az seçim var. Yanvarın əvvəlində Rusiya hakimiyyəti kişilər üçün sərhədləri bağlayacaq, sonra hərbi vəziyyət elan edəcək və növbəti səfərbərlik dalğasına başlayacaq. Belarusda da sərhədlər bağlanacaq”, - Reznikov bildirib.

Ukraynanın müdafiə naziri Oleksii Reznikov.Kiyev, 28 dekabr 2022
Ukraynanın müdafiə naziri Oleksii Reznikov.Kiyev, 28 dekabr 2022

Ukraynanın müdafiə naziri bu çıxışı ilə rusiyalıları Moskvanın Ukraynada başladığı müharibədə iştirakdən çəkinməyə çağırıb.

Rusiya prezidenti Vladimir Putin fevralın 24-də Ukraynanın işğalını elan edərkən deyib ki, xüsusi əməliyyatda yalnız zabitlər və müqaviləli hərbçilər iştirak edəcək.

Sentyabrda isə cəbhədə Rusiya ordusu üçün bir sıra uğursuzluqlardan sonra Putin 300.000 nəfər üçün səfərbərlik çağırışı elan edib.

Davamı

XS
SM
MD
LG