Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Nobel mükafatlı yazıçı "çarıqlarını çıxarır"


Naipaul
Uzun illər dünya ölkələrini gəzərək həmin ölkələrin adət-ənənələrini qələmə alan Nobel mükafatlı yazıçı Vidiadhar Surajprasad Naipaul 78 yaşında bu işindən əl çəkir.

Naipaul 50 ildən çox müddətdə dünyanı səyahət edib ayrı-ayrı ölkələrin əhalisi, adət-ənənəsi haqqında 30 kitab yazıb.

Onun sonuncu kitabı Afrika, bu ölkədəki inanclar və dinlər haqqındadır. Kitab “Afrika maskası” adlanır. Çox güman ki, bu, onun sonuncu səyahəti olacaq.

Onun dünyaya səyahəti isə doğma vətəni olan Trinidaddan başlayıb. Sonra İngiltərəyə gəlib. Daha sonra Hindistan, İran, Malayziya və çoxlu-çoxlu başqa ölkələrə səyahət edib.

“QOCALMIŞAM”

“Mənim daha bir belə kitab yazmağım üçün yaşım çoxdur. Qocalmışam, daha belə bir kitab yaza bilmərəm. Bu böyük zəhmət tələb edir” - Naipaul “Reuters”ə belə deyib:

“Afrika elə bir əyləncəli yer deyil. Əyləncəli yerlər o yerlərdir ki, orada insanın əhval-ruhiyyəsi qalxır. Düşünmürəm ki, mənim təsvir etdiyim Afrika haqqında belə söyləmək olar”.

İRQÇİLİK İTTİHAMI

Naipaulun Britaniyada sonuncu kitabı geniş tənqidlərə tuş gəlib.

Həmin kitab afrikalıların ənənələri, həyat tərzləri haqqında idi. Bütün ədəbiyyat dünyası Naipaulun Afrikadakı insana baxışları, barışmaz fikirlərinə görə narahat olmağa başladı.

Hətta bir dostu onu müstəmləkəçiliyə bəraət qazandıran şəxs, hətta irqçi kimi də qələmə verdi.

Naipaul 1981-ci ildə yazdığı “Dinə inanalar arasında: İslam səyahəti” adlı kitabında islam fundamentalizmi təhlükəsi haqqında yazmışdı.

Hələ o vaxt da bir çox mütəfəkkirlər onu məsələni həddindən artıq şişirtməkdə və problemi birtərəfli işıqlandırmaqda günahlandırmışdılar.

Lakin Naipaul indi düşünür ki, 11 sentyabr hadisələri islam fundamentalizmi haqqında yazdıqları ilə onun haqlı olduğunu sübut edib. O deyir ki, “mən bu fəlakətin yaxınlaşdığını görürdüm. Lakin o vaxt heç kəs bununla maraqlanmırdı” .

ƏLLƏRİ NİYƏ ŞİŞDİ?

1981-ci ildə çıxmış Naipaulun bioqrafiyasından onun mürəkkəb şəxs olduğu da üzə çıxıb.

O fahişələrin yanına gedir, ilk həyat yoldaşı Patrisia ilə çox pis davranırmış. Sevgilisi Marqarit Gudinqə qarşı isə zorakı seksual rəftar edirmiş. Hətta bir dəfə bu qadını o qədər döyüb ki, öz əlləri şişib.

Bu bioqrafiyası çıxandan sonra Naipaula qarşı hücumlar da artdı.

Ancaq indi o nə bu, nə də kitabları haqdakı tənqidlər barədə danışmaq istəmir.

Lakin bu onun reputasiyasına və karyerasına təsir göstərmədi. O demək olar ki, ədəbiyyat sahəsində olan bütün mükafatları qazandı. O cümlədən 2001-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını.

GÜCLÜ OLDUM

Naipaul 1932-ci ildə Trinidadda hindli ailəsində doğulub. Kasıb ailədə böyüyüb.

18 yaşında Oksford Universitetinə təqaüd qazanandan sonra İngiltərəyə köçüb.

1989-cu ildə cəngavər rütbəsi alıb. Hələ də İngiltərədə yaşayır. Naipaul indi öz karyerasına dönüb baxır və bu əsərləri yazmağın ona nə qazandırdığını xatırlayır:

“Mən yazmağı öyrənəndən sonra özümün ağam, həm də çox güclü oldum. Hətta bu gün də həmin güc mənimlədir”.

/Sayta hazırladı: Kəbiran Dilavərli/
XS
SM
MD
LG