Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:21

«Analoqu və ataloqu olmayan seçki olacaq»


Əli Kərimli və İsa Qəmbər
Əli Kərimli və İsa Qəmbər
ÖZÜNÜZLƏ BİR NEÇƏ PALTAR GÖTÜRÜN

- Bizdə çoxsaylı faktlar var. Artıq indidən bu seçkilərin saxtalaşdırma sahəsində analoqu və ataloqu olmayan seçki olacağı görünür.

Müsavat Partiyasının başqanı İsa Qəmbər bu iddiadadır. “AXCP-Müsavat” seçki blokunun oktyabrın 28-də keçirdiyi mətbuat konfransında İsa Qəmbər bildirdi ki, indiki təşviqat mərhələsində onlar üçün çoxsaylı problemlər yaratmaqla yanaşı hakimiyyət seçki günündə də saxtakarlıqlarla bağlı ciddi hazırlıq işləri görür:

- Bir çox büdcə təşkilatlarında işləyən adamlara deyiblər ki, həmin gün işə gələndə özünüzlə bir neçə paltar götürün ki, karusel zamanı tez-tez paltarınızı dəyişəsiz, müşahidəçilər sizin eyni adam olduğunuzu hiss etməsinlər. MSK-dan öz adamları üçün müşahidə vəsiqəsi alırlar, deyirlər ki, seçki günü filan-filan məntəqələrdə olarsız, soruşsalar ki, hansı partiyanı təmsil edirsiz, deyərsiz ki, Müsavatı və ya AXCP-ni. Soruşanda ki, proses necə gedir, deyərsiz ki, hər şey əladır, pozuntu yoxdur.

ÇOXLUQ İMKANINDAN MƏHRUM MÜXALİFƏT

AXCP lideri Əli Kərimli isə deyir ki, hakimiyyət seçkilərin 60 faizinin aqibətini artıq indidən həll edib. Bloklarından olan namizədlərin hələ qeydiyyat dövründən qanun pozuntuları ilə üzləşməsi nəticəsində dairələrin yalnız 40 faizində hakimiyyətə real alternativlər var.

Əli Kərimli deyir ki, hətta azad və ədalətli seçki keçirilərsə belə, müxalifət parlamentdə çoxluq əldə etmək imkanından elə bu başdan məhrum olunub. O ki qaldı seçki gününə hazırlanan saxtakarlıqlara, Əli Kərimli deyir ki, mübarizəni hüquq müstəvisində aparacaqlar:

- Biz bu seçkilərdə ciddi bir hüquq davası aparmaq fikrindəyik. Artıq bilirsiniz ki, Azərbaycan cəmiyyəti üçün Avropa İnsan Haqları Məhkəməsi real bir instansiyaya çevrilib. Seçkilərin indiki mərhələsində geri çəkilmək fikrimiz yoxdur, yəqin ki səsverməyədək iştirak edəcəyik və baş verən bütün qanun pozuntularını da rəsmiləşdirəcəyik, seçkilərdən sonra da hüquq davasını davam etdirəcəyik.

Seçki günü xüsusən də “AXCP-Müsavat” blokunun namizədləri olan dairələrdə ciddi monitorinqlər aparacaqlarını deyən partiya liderləri müstəqil və beynəlxalq təşkilatları da eyni addımı atmağa çağırdılar.

KİMİN QALİB GƏLMƏSİ ÖNƏMLİ DEYİL

Hakimiyyət isə ölkədə seçki saxtakarlığı ilə bağlı hazırlıqların getməsinə dair məlumatları əsassız hesab edir. Mətbuata müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, ölkədə azad, ədalətli və demokratik seçkinin keçirilməsi üçün şərait mövcuddur. O həmçinin bildirib ki, hakimiyyət üçün seçkidə kimin qalib gəlməsi yox, bütövlükdə seçici iradəsinin qalib gəlməsi önəmlidir.

Sadalanan seçki saxtakarlıqlarının artıq təcrübədə dəfələrlə tətbiq olunduğunu deyən seçki mütəxəssisi Hafiz Həsənova görə isə, bugünədək olan mərhələ bu dəfə də heç nəyin dəyişmədiyini göstərir. H.Həsənovun fikrincə, bu cür pozuntularla mübarizə aparmaq üçün beynəlxalq müşahidə missiyası ilə birgə işləmək vacibdir:

“KARUSEL METODLARININ SEZİLMƏMƏSİ ÜÇÜN DAHA TƏKMİL FORMALAR SEÇİLİR”

- Nəzərə alsaq ki, bu seçkilərdə xeyli sayda yerli və beynəlxalq müşahidəçilər olacaq, səsvermənin gedişində karusel metodlarının sezilməməsi üçün daha təkmil formalar seçilir. Burda təəccüblü heç nə görmürəm.

Parlament seçkisi öncəsi Azərbaycanda vəziyyətlə bağlı artıq ATƏT və AŞPA müşahidə missiyaları hesabatlarını açıqlayıblar. AŞPA seçkiöncəsi mühitin dinc olduğunu, ancaq rəqabətin hiss olunmadığını deyirdi. Bir neçə beynəlxalq insan haqları təşkilatı, o cümlədən “Human Rights Watch” isə bu günlərdə açıqladıqları hesabatlarında bildiriblər ki, Azərbaycanda söz azadlığının pozulması seçkinin demokratik keçirilməsini təhlükə altına salır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG