Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:00

«Mən kənddə oturub milçəyimi qovmuram»


Fəzail Ağamalı
Fəzail Ağamalı
“GÖRÜŞLƏRİMİZƏ MANE OLUR, ELANLARIMIZI QOPARIRLAR”

“Neftçala rayon İcra Hakimiyyəti deputatlığa namizəd Fəzail Ağamalının xeyrinə seçki prosesinə müdaxilələr edir”.

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Ədalət Yusubov belə deyir. O Klassik Xalq Cəbhəsi Partiyasının üzvüdür, namizədliyini isə “AXCP-Müsavat” seçki bloku müdafiə edir:

“Müəllimləri, həkimləri, bir sözlə, büdcə təşkilatlarının işçilərini məcburi qaydada Fəzail Ağamalının görüşlərinə aparırlar. Belə görşülərdən birində uşaqlar dərsdən tez buraxılıb. Həsən Əliyev adlı valideyn isə bizə müraciət edib ki, bundan sonra övladlarını məktəbə buraxmayacaq. Bu müraciətdən sonra həmin ərazidən bizim təbliğat materialları yığışdırılıb. Görüşlə bağlı elanlar qoparılıb, seçicilərin bizimlə görüşə gəlməsinə maneələr yaradılır. Bu işə icra qurumlarında çalışanlar və bələdiyyə üzvləri cəlb edilib”.

Ədalət Yusubov deyir ki, seçki prosesinə Neftçala rayon Polis İdarəsinin əməkdaları cəlb edilib. Namizəd bütün bunlarla bağlı dairə seçki komissiyasına, eləcə də MSK-ya və ATƏT-in Bakı ofisinə məlumat verib:

“Təəssüflər ki, indiyədək ölçü götürülməyib”.

“MƏNİM MÜRACİƏTİMDƏN SONRA POLİS GÖRÜŞLƏRİMDƏ İŞTİRAK EDİR”

İqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyilənləri sadəcə böhtan və qərəz adlandırır:

“Mənim görüşlərimdə heç bir dövlət qurumunda işləyən insan iştirak etmir. Bircə mənim müraciətimdən sonra bu görüşlərə gələnlərin təhlükəsizliyini təmin etmək üçün polis əməkdaşları olur. Onlar da kənar durub gedirlər. Çünki bir dəfə ictimai asayişi pozmaq istəyən oldu, həbs edildi. Sonra mənim xahişimlə azad olundu. Ona görə polisin görüşlərimdə olması təbiidir və buna don geydirmək olmaz”.

Fəzail Ağamalı deyir ki, rəqibinin əlində haqlı olduğunu sübut edəcək videoçəkiliş və ya başqa fakt varsa, ortalığa qoysun:

“Ədalət Yusubovun tərəfdarları üçüncü dəfədir ki, əsassız məlumat verir, sonradan üzr istəyirlər. Bunun şəkilləri qoparılır, bizi günahlandırır, bunun görüşünə getmirlər, məni günahlandırırlar. Mən tanınan siyasətçiyəm. Ədalət Yusubov kimi kəndimdə oturub milçəyimi qovmuram”.

Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev isə AzadlıqRadiosuna deyib ki, onlara son günlər şikayətlər gəlsə də, konkret Ədalət Yusubovun adından ərizə daxil olub-olmamasından xəbərsizdir. Amma istənilən halda, bu cür şikayətlər araşdırılmaq üçün dairə seçki komissiyasına göndərilir.

Dairə seçki komissiyasının sədri Qalib Manafovu axtarsaq da, onu yerində tapa bilmədik.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG