Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:14

Azərbaycan «HRW»un tövsiyələrinə əməl edəcək?


«Azad sözə qarşı hücumlar noyabrın 7-də keçiriləcək parlament seçkilərinin legitimliyinə çox ciddi təhlükələr yaradır».

Beynəlxalq insan haqlarını müdafiə təşkilatı – «Human Rights Watch» Azərbaycanda söz azadlığının vəziyyətinə dair oktyabrın 26-da yayılan hesabatında belə deyib.

94 səhifəlik sənəddə qeyd edilir ki, hökumət həbsdə olan jurnalistləri azad etməli, təhqir və böhtana görə cinayət işi nəzərdə tutulan qanuni normaları ləğv etməlidir.

Sənəddə deyilir ki, indiyə qədər jurnalistlərə qarşı zorakılıq edən və cəzasız qalan polislərin də məsuliyyətə cəlb edilmələri təmin olunmalıdır.

Sənədin müəllifi olan təşkilatın Cənubi Qafqaz üzrə araşdırmaçısı Qiorqi Qoqia bildirir ki, azad və ədalətli seçki üçün canlı ictimai debatlar çox vacibdir:

«Amma işi xəbər yaymaqdan ibarət olan adamların həbsə atıldığı, təzyiqlərə məruz qaldıqları bir vaxtda azad və ədalətli seçkidən danışmaq mümkün deyil».

«Human Rights Watch» mövcud vəziyyəti müsbətə doğru dəyişmək üçün Azərbaycan prezidentinə və hökumətə, parlamentə, Daxili işlər Nazirliyinə, məhkəmələrə, Mətbuat, eləcə də Milli Televiziya və Radio Şuralarına bir sıra tövsiyələr verir.
İsa Qəmbər


Qurumun qənaətincə, Azərbaycanda diffamasiya ilə bağlı Cinayət Məcəlləsinə və Mülki Məcəlləyə dəyişikliklər edilməlidir. Həbsdə olan, qətlə yetirilən və ya qorxudulan, təqiblərə məruz qalan media mənsublarının işi ilə bağlı konkret addımlar atılmalıdır. Sadalanan problemlər sırasında xarici radiostansiyaların FM tezliyinin alınması, MTRŞ-nın boş tezliklərə müsabiqələri şəffaf keçirməli olduğu və digər məsələlər də var.

TÖVSİYƏLƏRƏ ƏMƏL OLUNMAYACAQ?


Müsavat partiyasının başqanı İsa Qəmbər düşünür ki, hesabatda qeyd olunanlar Azərbaycan reallığını əks etdirir. Deyir aydın məsələdir ki, ölkədə demokratiyanın, insan haqlarının, azad və ədalətli seçki keçirilməsi şərtlərindən biri də söz, media azadlığıdır:

«Human Rights Watch haqlıdır. Və son illərin təcrübəsi göstərir ki, mövcud hakimiyyət bu cür çağırış və tövsiyələrə əməl etmir. Çünki dərk edir ki, cəmiyyətdə bu qədər narazılığın olduğu bir şəraitdə söz azadlığı mövcud olarsa hakimiyyətin seçkilərdə uduzub tamamilə kənara çəkilməsi labüd olar. Ona görə də hakimiyyətin öz xoşu ilə bu tövsiyələrə əməl edəcəyini gözləmirəm».

İsa Qəmbərə görə hesabatda qeyd olunan tövsiyələrə əməl edilməsi üçün ya cəmiyyətin çox ciddi fədakar mübarizəsinə, ya da Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların öz təməl prinsiplərinə uyğun prinsipial, ardıcıl münasibətlərinə ehtiyac var.

TƏŞKİLAT ÖZ VARLIĞINI ŞÜBHƏ ALTINA ALIR

Fəzail Ağamalı

Hakimiyyət yönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının fikrincə isə bu hesabat birmənalı şəkildə Azərbaycana qarşı qərəzli münasibəti ortaya qoyur və bu münasibət ənənəvi xarakter daşıyır.

Fəzail Ağamalı deyir ki, qarşıdan gələn parlament seçkiləri ilə bağlı hər şey şəffafdır. Bütün tərəflərə bərabər imkanlar yaradılıb. «Human Rights Watch» bu seçkiləri öz hesabatında şübhə altına almaqla artıq öz varlığını şübhə altına salır:

«Deyilənlərin heç bir əsası yoxdur. Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur. Jurnalistlərə qarşı hər hansı təzyiqlər yoxdur. Bir neçə ayrı-ayrı jurnalist həbsə alınıbsa, bu, onların konkret törətmiş olduqları cinayət əməli ilə izah olunmalı, məsələyə bu cür qiymət verilməlidir. Mən çox təəccüb edirəm ki, bu və buna bənzər hesabatlarda Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv münasibətlər davamlı olaraq ictimai rəyə ötürülür və Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışırlar».

Fəzail Ağamalı məsləhət görür ki, «Human Rights Watch» zəhmət çəkib öz tövsiyələrini mənsub olduğu ölkələrə versin. Azərbaycan dövləti hansısa bir beynəlxalq təşkilatın, hansısa ölkənin istək və iradəsinə deyil, özünün keçdiyi demokratiya yoluna, xalqın maraqlarına uyğun hərəkət edir. Bunun kiminsə xoşuna gəlməməsi nə Azərbaycan dövlətini, nə də onun xalqını o qədər də qayğılandırmır.

«Human Rights Watch» hesabatında ABŞ, Avropa Birliyi, Avropa Şurası, ATƏT və BMT-yə ifadə azadlığına hörmətin Azərbaycanla əməkdaşlıqda razılaşmaların ayrılmaz tərkib hissəsi halına gətirilməsini tövsiyə edir.

HESABAT QURAN AYƏSİ DEYİL
Rasim Musabəyov


Politoloq Rasim Musabəyov isə deyir ki, Azərbaycanda insan haqları ilə bağlı xeyli problemlər mövcuddur. Problemlərin müəyyən bir qisminin belə hesabatlarda əksini tapması istisna deyil. Ancaq bu cür hesabatların Azərbaycana qarşı qərəzli olduğu və ölkəni nüfuzdan salmağa yönəldiyini də düşünmək düz deyil.

«Düşünmürəm ki, burada məqsəd Azərbaycanı hörmətdən salmaqdır. Çünki bildiyim qədər bu təkcə Azərbaycana aid hesabat deyil. Bu bütün ölkələrdə olan vəziyyəti əhatə edən hesabatdır. Amma «Human Rights Watch»un hesabatını da Quran ayəsi kimi qəbul etmək lazım deyil. Onlar da subyektiv baxışlardan azad deyil. Bu oradakı kifayət qədər məhdud sayda ekspertin fikirləridir».

Rasim Musabəyov bu hesabatın, mahiyyətindən asılı olaraq Azərbaycanın hörmətdən düşməsinə, yaxud nüfuzunun artmasına təsir edə biləcəyini düşünmür. Deyir ki, belə hesabatlarda qeyd olunan tövsiyələri Azərbaycan iqtidarı nəzərdən keçirir. Ancaq o düşünmür ki, həmin tövsiyələr hakimiyyət üçün hansısa bir böyük əhəmiyyət kəsb edir. Azərbaycan iqtidarı daha çox ATƏT-in insan hüquqları, demokratiya ilə bağlı institutları və digər bu kimi qurumların tövsiyələrini nəzərdən keçirir.

Ötən həftənin sonunda Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu yaratmış 9 beynəlxalq jurnalist təşkilatı da ölkədə ifadə azadlığının məhdudlaşdırılmasının gözlənən parlament seçkisinin azad və ədalətli keçirilməsinə təsir göstərdiyini qeyd edib.

Azərbaycan rəsmiləri bu cür tənqidi hesabatları parlament seçkisi ərəfəsində kimlərinsə Bakıya təzyiq cəhdi hesab edir, ölkədə ifadə azadlığına dair hər hansı problemin olmadığını deyirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG