Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 01:56

Hüquq müdafiəçiləri Eynulla Fətullayevlə bağlı prezidentə müraciət edib


Azərbaycanın bir qrup hüquq müdafiəçisi prezident İlham Əliyevə müraciət edərək həbsdə olan jurnalist Eynulla Fətullayevin işinə baxılması prosesini sürətləndirməyi xahiş ediblər.

Müraciəti Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov imzalayıblar.

Müraciətdə deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevin dərhal azad olunması ilə bağlı qərarının icrası yalnız Azərbaycanın xeyrinə ola bilərdi. Ona görə Eynulla Fətullayevin yaxın günlərdə azad olunması üçün işə Ali Məhkəməsinin Plenumunda baxılmasını dəstəkləməyinizi xahiş edirik.

Hüquq müdafiəçisi Əvəz Həsənov: «Müraciətimizdə qeyd etdik ki, onsuz da Azərbaycanın Eynulla Fətullayevin azad olunması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarını icra etməsi vacibdir. Biz də prezidentdən xahiş etdik ki, bu qərarın icrasına dəstək olsun».

Eynulla Fətullayev 2007-ci il aprelin 20-də 2 il 6 ay, həmin il oktyabrın 30-da isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də Eynulla Fətullayevin Azərbaycan dövlətinə qarşı şikayətinə baxaraq onun dərhal azadlığa buraxılmasını və jurnalistə 28 min avro təzminat ödənilməsini tələb edib. Azərbaycan hökuməti qərardan Böyük Palataya şikayət versə də, oktyabrın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi əvvəlki qərarı qüvvəsində saxlayıb.

2009-cu ilin dekabrında saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində jurnalistin üstündən narkotik maddə tapıldığı açıqlanıb, ona yeni cinayət işi qaldırılıb. 2010-cu ilin iyulunda Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi narkotik maddə saxlama ittihamı ilə təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
XS
SM
MD
LG