Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:33

«Rəqs etmək istəyirəm»


Bakı sakini Reyhan Hacıyeva AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, Bakı Xoreoqrafiya Məktəbində oxuyan 8 yaşlı qızı Sevinc həmin məktəbdən qovulub. Ana deyir ki, uşağının məktəbdən qovulmasının səbəbi odur ki, hələ 3 il əvvəl Sevinc məktəbə daxil olmaq istəyərkən məktəb rəhbərliyi rüşvət istəyib. O isə rüşvət verməyib, Mehriban Əliyevaya bu barədə məktub yazıb və bundan sonra uşaq məktəbə qəbul edilib.

«DEDİLƏR MƏKTƏBƏ QƏBUL PULLADIR, MEHRİBAN ƏLİYEVAYA YAZDIM»

Ancaq sonradan ananın etdiyi şikayətlərin acığını məktəb rəhbərliyi baladan çıxıb:

«2007-ci ildə uşağı apardım Bakı Xoreoqrafiya Məktəbinə, məktəbə götürmədilər. Eşitdim ki, pul vermək lazımdır, məndə də elə imkan yoxdur ki, uşağı pulla oxudum. Mehriban Əliyevaya məktubla müraciət elədim, bundan sonra uşağı məktəbə qəbul elədilər. Birinci sinifdə qiymətləri yaxşı oldu, imtahanlardan da keçdi. Sonra direktor mənə təzədən ərizə yazdırdı ki, uşaq bir il də məktəbdə oxusun. Mən əvvəl başa düşmədim ki, ərizəni mənə nə məqsədlə yazdırır. Sonra bildim ki, uşağı məktəbə şərti götürübmüş. Demə onun xoşuna gəlməyibmiş ki, mən uşağı məktəbə Mehriban Əliyevaya şikayət məktubu yazmaqla qoymuşam, ona görə də uşağı məktəbə şərti götürüb ki, sonra çıxartsın. Bütün müəllimələr Sevinci çox istəyirdilər, ancaq indi direktorun təzyiqi altında hamısı uşağın əleyhinə danışır».

«NAZİRİN QARŞISINI KƏSDİM»


Məktəb Mədəniyyət və Turizm Nazirliyinə tabedir. Reyhan Hacıyeva deyir ki, məktəb direktorunun hərəkətlərindən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə də şikayət edib. Ancaq bununla belə Sevincin məktəbə bərpa olunmasına nail ola bilməyib:

«Nazirin qarşısını kəsmişəm, yalvarmışam ki, mənə kömək eləsin. O da məni məktəbin nazirlikdəki elm və təhsil şöbəsinin müdiri, həm də Xoreoqrafiya Məktəbinin kuratoru Yaşar Əliyevin yanına göndərdi, Yaşar Əliyev də Nilufər xanımın dediyi sözləri təkrarladı. Mən Yaşar Əliyevə əvvəllər də müraciət eləmişdim, bu da Nilufər xanımın xoşuna gəlməmişdi».

«YASTIDABANDAN BALERİNA OLMAZ»


Bakı Xoreoqrafiya Məktəbinin direktoru Nilufər Kərimova valideynin ittihamlarını qəbul etmir. Deyir ki, balaca Sevincin məktəbdən xaric edilməsinin səbəbi odur ki, uşağın ayağında yastıdabanlıq var və ondan balerina ola bilməz:

«Birinci sinfə daxil olanda biz gördük ki, bu uşağın bədən tərzi balerinalığa uyğun gəlmir, musiqi ritmi yoxdur, belə uşaqları biz qəbul etmirik. May ayında məktəbə qəbul idi, uşaq keçmədi. Sentyabr ayında məktəbə əlavə qəbul olanda anası bu uşağı yenə gətirdi, Ancaq anası yalvardı ki, heç olmasa imkan yaradın 1 il oxusun. Mən onu başa salmağa çalışdım ki, bu uşağın bədən tərzi uyğun gəlmir, ritmik duyumu yoxdur, dedi tək anayam, bir uşaqdır, istəyirəm burda oxusun. Razılaşdım ki, 1 il şərti oxusun, görək necə olur. Komissiya üzvlərindən də xahiş elədim ki, şərti olaraq götürək. 1-ci sinfə götürdük, 1-ci sinfi yaxşı oxumadı, ancaq 1-ci sinifdə qiymətləndirmə olmur deyə, bu uşaq 2-ci sinfə keçə bildi. 2-ci sinifdə artıq problemləri başladı, ixtisas fənlərindən qeyri-kafi qiymətlər aldı. Anası yenə gəldi yalvar-yaxara, I dedim axı mən sizə demişdim ki, bu uşağın yeri deyil bura.

BÖYÜKLƏRİN ODUNA YANAN BALACA SEVİNC


Nilufər Kərimova deyir ki, ananın Mədəniyyət və Turizm Nazirliyinə şikayətdən sonra ona Nazirlikdən göstəriş gəlib ki, uşaq bir il də məktəbdə oxusun. Bu səbəbdən də o, Sevincin 3-cü sinifdə oxumasına etiraz etməyib:

«Beləliklə uşaq üçüncü sinfə keçdi, ancaq yenə ixtisas fənlərindən problemlər yarandı, Anası deyir, bu uşaq hökmən balerina olmalıdır, Üçüncü sinfi bitirəndə ixtisas fənni var ki, üçündən də 2 aldı, ana dili və riyaziyyatdan da iki aldı, məktəbin əsasnaməsində göstərilir ki, 2 alan tələbələr məktəbdən xaric olunur».

Ancaq balaca Sevinc valideyni ilə məktəb rəhbərliyi arasında nə baş verdiyinin fərqində deyil, çünki bu, onun üçün maraqlı deyil. Onun üçün maraqlı olan yalnız rəqs etməkdir, ancaq bu arzusunun gerçəkləşməsi böyüklərin arasındakı anlaşılmazlıqdan yarı yolda qalıb.
XS
SM
MD
LG