Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 04:32

"Müşfiq gecikərsə, özündən küssün"


Mikayıl Müşfiq
Mikayıl Müşfiq
“ Kommunist” qəzetinin 12 mart 1937-ci il sayında Seyfulla Şamilovun yazıçıları tənqid edən “Ədəbiyyatda bolşevizm ideyalığı uğrunda” adlı məqaləsi dərc edilib.

Məqalənin əvvəlki hissələri
37-ci ildə Əhməd Cavadı nədə suçlayırdılar?..

Yazıçıları "şəxsi həyat silahı" ilə vurmaq...


"...Yalnız revolusiyadan, ölkəmiz sovetləşəndən sonra əlinə qələm alıb şer yazmağa başlayan və ictimai keçmişi ləkəli olmayan Mikayıl Müşfiq öz istedadına və məhsuldar enerjisinə nisbətən ideya cəhətdən özünün yenidən qurulmasına lazımınca fikir verməyir.

Müşfiq özünün ilk yaradıcılıq dövründə Əhməd Cavadın və başqalarının təsiri altına düşdüyünü unutmamalıdır.

O unutmamalıdır ki, bu təsirlər qismən onun üzərində bu gün belə bəzən özünü göstərməkdədir.

Müşfiq bu millətçi və mürtəce təsirlərdən təmizlənməzsə onun məsələsi qəti qoyulmalıdır.

Müşfiq bilməlidir ki, revolusiya heç bir məsələdə güzəştə getməyə yol verməz.

Buna görə də Müşfiq Əhməd Cavad kimi zəhərli ideoloqların dostluğunu bir sovet yazıçısına layiq nifrətlə qarşılamalı və özünün yaradıcılığını Lenin və Stalin milli siyasətinə uyğun bir surətdə inkişaf etdirməyə çalışmalıdır.

Müşfiq bilməlidir ki, xalq düşmənlərinin təsirindən özünü təmizləməyi bacarmayanlar da bu düşmənlərlə bərabər uçuruma yuvarlana bilərlər.

Müşfiq özü-özünü düşmənlərin ağuşuna atmaq istəmirsə, biz onu sağlam və düzgün yolla irəli aparmağa hər zaman çalışmışıq və çalışacağıq.

Bu işdə Müşfiq gecikərsə o vaxt bizdən deyil, özündən küssün.

Seyid Hüseyn özünün mürtəce keçmişini və müsavatla əlaqəsini daha kəskin bir sürətdə ifşa etmək üçün indiyədək yazmış olduğu az-çox dəyərli hekayələrdən sonra özünü bir qədər doğrultmağa çalışır.

Xüsusən onun son zamanlarda böyük Stalin Konstitusiyası ilə əlaqədar olaraq yazmış olduğu hekayələri Seyid Hüseyni və onun yaradıcılığını Əhməd Cavadlardan və Yusif Vəzirlərdən müəyyən dərəcədə ayırır.

Görünür ki, Seyid Hüseyn sovet ədəbiyyatının ona vermiş olduğu imkanları doğrultmaq fikrindədir.

Lakin biz, Seyid Hüseyndən xalq düşmənləri, müsavatçıları və millətçiləri daha kəskin ifşa edəcək bədii və qüvvətli əsərlər gözləyirik.

Seyid Hüseyn belə əsərləri yarada bilər. Bu, onun yenidən qurulması üçün su və hava kimi lazımdır.

Tənqidçi Musaxanlı özünün keçmiş tənqidi fəaliyyətində olan kontrrevolusion ünsürləri tamamilə ifşa etmək üçün hələ çox az iş görmüşdür.

Musaxanlı pan-turkist ideolojisini daha konkret bir sürətdə ifşa etmək üçün Əhməd Cavad, Yusif Vəzir və Sanılı kimi yazıçıların haqqında bir sıra yeni və ciddi məqalələr yazmalı idi.

Seyfulla Şamilov
O, bunu hələ etməmişdir. Halbuki, sovet yazıçılarının etimadını qazanmaq üçün və öz səmimiyyətini və həqiqətən yenidən qurulmasını sübut etmək üçün belə bir fəaliyyət göstərməlidir...

Yazıçılar içərisində Azərbaycan həyatı ilə daha az maraqlanan və Azərbaycan əməkçilərinin mübarizəsinə yad olan əsərlər yazmaqdan əl çəkməyən Hüseyn Caviddir.

Biz bilirik ki, Hüseyn Cavid burjua romantizminin məktəbində yetişmişdir.

Bununla bərabər o, Azərbaycan sovet və partiya təşkilatlarının onun üçün yaratdığı imkanlara və hətta əsərinə verdiyi mükafatlara baxmayaraq, yenə də Azərbaycan əməkçilərinin mübarizəsinə dair bir şey yazmamışdır..."

(ardı var)

Mikayıl Müşfiq
1938-ci il yanvarın 6-da güllələnib. Hüseyn Cavid 1941-ci il dekabrın 5-də sürgündə - Maqadanda vəfat edib.

Seyid Hüseyn (Hüseyn Mir Kazım oğlu Sadıqzadә) yazıçı, tәnqidçi, pedaqoq 1887 –ci ildə anadan olub.

1913 -14- cü illәrdә «İqbal»ın baş redaktoru olub.

Bәdii yaradıcılığa 1907-ci ildә başlayıb. Repressiyanın qurbanlarından olan Seyid Hüseyn 1937-ci ildә hәbs edilib, 1938-ci ilin yanvarında güllәlәnib.

Atababa Musaxanlı Azərbaycanda ilk ədəbi tənqidçilərdən və “Kitabi – Dədə Qorqud”un ilk tədqiqatçılarından biri olub. 1905-ci ildə Bakıda anadan olub.

31 dekabr 1937-ci ildə güllələnməyə məhkum olunub. Sonradan güllələnmə sürgün cəzası ilə əvəz olunub. 1941-ci il avqustun 14-də cəza tədbirləri dövründə həlak olub.

Məqalə müəllifi Seyfulla Şamilov bundan əvvəl - 1936-cı ildə Yazıçılar İttifaqı idarəsinin sədri olub. 1936-37-ci illərdə isə o, «İnqilab və mədəniyyət» jurnalının, «Ədəbiyyat qəzeti»nin məsul redaktoru işləyib.

Repressiya dövründə onun özü də həbs edilərək sürgün olunub. 1974-cü ildə vəfat edib.
XS
SM
MD
LG