Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:51

ATƏT: «Canlı siyasi debatı görmürük»


«İşdən sonra» verilişinin qonağı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri, səfir Odri Qlover və həmin missiyanın media analitiki Rasto Kuzeldir.

- Bu günlərdə sizin ilk hesabatınız işıq üzü görüb. Həmin hesabatdan irəli gələrək Azərbaycanda azad və ədalətli seçim üçün imkanın yaradıldığını demək olarmı?

Odri Qlover:

- Biz seçkiləri azad və ədalətli kimi kriteriyalarla qiymətləndirmirik. Çünki belə qiymətləndirmə çox da dəqiq əks etdirmir. Biz nə edirik? Biz seçkiləri müəyyən beynəlxalq kriteriyalara görə qiymətləndiririk və bunlar da əsasən Kopenhagen kriteriyalarıdır. Biz seçkilərdən onu gözləyirik ki, bərabər imkanların yaradılsın, namizədlərin seçiciləri daha çox məlumatlandırma imkanları olsun, seçicilərin daha çox məlumatı olsun ki, onlar səs verə bilsinlər və sonradan bu səslər düzgün hesablansın.

- Dedikləriniz Azərbaycanda baş verirmi?

Odri Qlover:


- Biz təşviqat öncəsi və təşviqat müddətini çox yaxından izlədik və izləyirik. Bu dövrlərin bəzi aspektləri var ki, bizə müəyyən narahatlıqlar verir. Biz bizim uzunmüddətli müşahidəçilərdən namizədlərin qeydə alınması prosesində məsələsi ilə bağlı bəzi məlumatlar almışıq və bu məlumatlarda hədə-qorxular haqda, təhdidlər haqda danışılır namizədlərə və onlar üçün imza toplayan insanlara qarşı. Eyni zamanda bəzi qeydiyyata almama halları da qeydə alınıb və namizədlərin özlərinin namizədliyini geri götürmə halları. Bu da 2005-ci seçkilərindən fərqlidir. O vaxtkı seçkilərin əksinə olaraq o vaxt 2000-ə yaxın namizəd heç bir çətinlik olmadan rahat qeydiyyata alınmışdılar. O zaman namizədləri təmsil edən 4 siyasi bloka hər həftə 3 saat təşviqat üçün televiziyada vaxt ayrılmışdı. Onlar mitinqlər və yürüşlər keçirə bilirdilər. Bu günə qədər izlədiyimiz ondan ibarətdir ki, biz namizədlər arasında canlı siyasi debatı görmürük. Biz onu da qeydə aldıq ki, MSK hər bir namizədə 4 dəqiqə vaxt ayırdı. Amma bu 2005-ci ildə namizədlərin sahib olduğundan fərqlidir.

- Siz deyirsiniz fərqlidir, bunu keçən dəfəkindən pisdir kimi başa düşək?


Odri Qlover:

- Əgər bunu belə qiymətləndirsəniz, vəziyyət yaxşılığa doğru dəyişməyib. Buna onu da əlavə edə bilərsiniz ki, həm ümumiyyətlə seçki müddəti, həm də təşviqata ayrılan müddət qısaldılıb. 2008-ci ildə bu bir daha qısaldılmışdı və artıq növbəti dəfə qısaldılıb. Namizədlər üçün təşviqat və seçki dövrü dolayısı ilə daha qısadır.

- Cənab Kuzel, medianın konkret olaraq seçicilərin məlumatlı seçim etməsinə verdiyi töhfəni necə qiymətləndirirsiniz?


Rasto Kuzel:

Rasto Kuzel
- Hər hansı bir demokratik seçkidə medianın rolu çox həlledicidir. Çünki hər bir vətəndaş üçün media əsas məlumat mənbəyidir. Burda mən səfir Qloverin o fikrini bir daha vurğulamaq istəyirəm ki, doğrudan da çox vacibdir ki, vətəndaşlar izləyə bilsinlər ölkədə baş verən seçki ilə bağlı siyasi debatları. Çünki seçicilər üçün debat çox maraqlı və çox faydalı bir vasitədir ki, o bu forum vasitəsi ilə seyrçilər müxtəlif siyasi baxışlara və mövqelərə çıxış əldə edirlər və oradan seçim edə bilirlər. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, medianın xəbərləri hansı şəkildə, hansı tərzdə təqdim etmək məsələsi də çox vacibdir. Xüsusilə ölkədə baş verən hadisələrlə bağlı, təşviqatla bağlı və hökumətin gördüyü işlərlə bağlı. Bizim missiya 7 ölkə üzrə yayımlanan televiziya kanalının, 4 qəzetin keyfiyyət və kəmiyyət üzrə təhlilini apardı və aparır. Və dediyim aspektlərə xüsusi diqqət yetiririk.

- Biz bir neçə dairədə müşahidə edirik ki, müxalif namizədlər, ümumiyyətlə, qeydiyyata düşməyiblər. İctimai televiziyanın təşkil etdiyi dəyirmi masalara da baxanda biz görürük ki, orada ümumiyyətlə alternativ fikir səslənmir. Sizcə, həmin dairələrdə seçicinin seçimi varmı?

Odri Qlover:

- Təbii ki, əgər bir namizəd iştirak edirsə, seçkilərdə, deməli, seçim olmayacaq. Əgər seçim yoxdursa, yəni fərdlər səsə vermək və səs verməmək arasında seçə bilərlər.

- Söhbət bir namizəddən getmir. Bir neçə namizəd var. Amma onlar eyni mövqedən çıxış edirlər.


Odri Qlover:

- Əvvəlcə də qeyd etdiyim kimi çox vacibdir ki, seçicilərə müxtəliflik təqdim olunsun seçim etməkləri baxımından ki, onlar özlərinə, öz düşüncələrinə, həyat tərzlərinə daha uyğun olaraq seçimi etsinlər.

Rasto Kuzel:

- Bir şeyi mən istərdim vurğulayım. Yəni bu baxımdan müsbət dəyərləndirəcəyimiz bir irəliləyiş odur ki, bütün namizədlərə 4 dəqiqə vaxt ayırdı MSK. Çünki əslində sizin də bildiyiniz kimi qeydiyyatın sonuna doğru sadəcə bir partiya bu haqqı qazanmışdı. Təbii ki, biz izləyirik İctimai televiziyada gedən debatları və biz düşünürük ki, bu debatlar daha çox olmalıdır, daha geniş olmalıdır və sadəcə İctimai televiziya ilə məhdudlaşmamalıdır. Başqa televiziyalar da olmalıdır. Yəni özəl televiziyalar da qoşulmalıdır bu təşviqata. Yəni nə qədər çox, nə qədər müxtəlif məkanlar olsa, debatlar üçün daha çox təbii ki, vətəndaşların seçmək imkanları çoxalır.

- Ümumiyyətlə, müxalif namizədin olmadığı dairələrdə seçim hüququ tanınıbmı insanlara. Yəni, sizcə, bu hüquqları varmı?


Odri Qlover:

- Təbii ki sizin hər zaman seçməmək, yəni səs verməmək hüququnuz var. İstəyirsinizsə, səs verirsiniz, istəmirsinizsə, səs vermirsiniz. Sizin sualınız daha çox ona istinad edir ki, seçki mühitində daha çox plüralizmin olmağı vacibdir ki, seçicilər müxtəliflikdən daha çox seçmək imkanı əldə etsinlər.

- Dinləyici yazır: ATƏT əsasən hansı dairələrdə müşahidə aparacaq? Müxalifət nümayəndələrinin iştirak etdiyi dairələrdə, yoxsa təsadüfi seçim edəcəklər?


Odri Qlover:

- Biz bir qayda olaraq adətən təsadüfi seçim edirik ki, öz təhlilimiz üçün daha yaxşı statistik məlumat toplayaq. Bu metodologiya illər boyu formalaşıb və bizim təcrübəmizə görə ən yaxşı nəticələri biz bu metodla alırıq. Müşahidəçilər seçki məntəqələrinə gedirlər onların xüsusi forumları olur və forumları sonradan biz təhlil edirik. Bu, bizə ölkə üzrə nəyin baş verdiyi haqda məlumat verir.

- Dinləyici yazır: Siz əminsizmi ki, sizinlə işləyən adamlardan heç biri xuliqan deyil? Çünki sizinlə işləyən adamlardan birinin sonradan xuliqan olduğu ortaya çıxdı. Emin Millidən söhbət gedir.


Odri Qlover:

- Mən sizi əmin etmək istəyirəm ki, bizim işçilərin arasında xuliqanlar yoxdur. Əvvəl nə olduğu, nə baş verdiyi haqda heç nə deyə bilmərəm. Amma nə əsas komandamız, nə də köməkçilərin arasında xuliqanların olmadığı haqda sizi əmin edə bilərəm.

- Ümid edirəm, əvvəlki səfir də bundan kifayət qədər əmin idi.


Rasto Kuzel:

- Mən əslində istəyirəm bir az dəqiqləşdirim. Və bir az bizim metodologiyamız haqqında danışım. Hər bir missiya müstəqil bir yanaşma sərgiləyir və heç vaxt biz seçkiləri bir-biri ilə müqayisə etmirik və hər yeni seçkini sadəcə Kopenhagen kriteriyalarına uyğun olaraq qiymətləndiririk. Bir az daha ciddi çalışsam bu suala ATƏT-in Demokratik təsisatlar və İnsan Haqları bürosunun ilkin hesabatında biz bir jurnalist və iki bloqqer məsələsinə toxunmuşuq. Və onların həbsdə olduğunu qeyd etmişik.

- Dinləyici yazır: Seçki öncəsi Azərbaycanda bir jurnalist Eynulla Fətullayev və iki bloqqer həbsdədir. Bu barədə nə deyə bilərsiniz? Sizcə, jurnalistləri saxta ittihamla həbsdə saxlayan hökumət demokratik seçki keçirə bilərmi?


Rasto Kuzel:

- Bizim missiya bu ittihamların nə qədər saxta olub-olmadığı haqqında indi fikir bildirmək səlahiyyəti yoxdur. burda daha çox məhkəmələr qərar verir və bu baxımdan Avropa İnsan Haqları Məhkəməsinin qərarı var Eynulla Fətullayevin dərhal azad olunması haqqında. Bundan əlavə bir sıra yerli və beynəlxalq təşkilatların çağırışları var iki həbsdə olan bloqqerlərin azad edilməsi haqqında. Və təbii ki, biz ilkin hesabatımıza daxil etdik. Bu üç insanın həbsdə olduğunu. Daha çox şəxsi fikrim ondan ibarət olar ki, mənim bu üç halla spekulyasiya etmədən mən inanıram ki, jurnalistlər və bloqqerlər azad olmalıdırlar ki, öz fikirlərini ifadə etsinlər. Onları həbsxanaya salmaq, məncə, ifadə azadlığını təşviq etmək üçün o qədər də yaxşı şey deyil.

Odri Qlover:

- Mən də əlavə edərdim ki, bu, heç bir şəkildə konstruktiv dialoqa yardım etmir.

- Dinləyici yazır: Siz aclıq aksiyası keçirən jurnalistləri ziyarət etmisinizmi?

Rasto Kuzel:

- Mənim xəbərim var ki, Eynulla Fətullayev aclıq aksiyasına başlayıb və daha 3 jurnalist də başlayıb aclıq aksiyasına. Missiya hələ ki, onları ziyarət etməyib. Amma təbii ki, bizim bu haqda xəbərimiz var.

- Dinləyici yazır: Sizin elə bir səlahiyyətiniz varmı ki, Azərbaycanda demokratik seçki keçirilsin. Onsuz da xalq bu indiki hakimiyyətə inanmır ki, onlar bu seçkini keçirsinlər.

Odri Qlover:

- Sadəcə aydınlıq gətirmək üçün bunu deyim ki, biz müşahidəçilərik. Biz seçki keçirmirik. Biz müşahidə aparırıq, nəyin baş verdiyini qeydə alırıq və imkan veririk ki, faktlar özü-özləri üçün danışsınlar.

- Siz müxtəlif ölkələrdə olursunuz. Bəzilərində seçkilər daha keyfiyyətli, bəzilərində daha keyfiyyətsiz keçirilir. Bu ölkədə siz xeyli görüşlər keçirirsiniz, kifayət qədər sıx qrafikiniz var. Əməlli-başlı əziyyət çəkirsiniz. Sonra nəticənin o qədər də ürəkaçan olmamasını görmək sizin üçün şəxsən xəyal qırıqlığı yaratmır ki?


Odri Qlover:

- Mən deməzdim ki, mən xəyal qırıqlığına uğrayıram. Mən kədərlənirəm biləndə ki, seçicilər azad şəkildə onları təmsil edən insanlara səs verə bilmirlər.

Rasto Kuzel:

- Mən istərdim ki, dinləyicilər çox yaxşı başa düşsünlər ki, bizim mandatımızn hüdudları hara qədərdir. Biz bütün prosesi izləyirik, amma belə desək nəticələr bizi o qədər də maraqlandırmır. Yəni bizim mandatımız nəticələri əhatə etmir. Nəticələrlə iş görmə artıq azərbaycanlıların öz işidir. Bu müşahidəçilərin işi deyil.

Odri Qlover:

-Onu əlavə etmək istəyirəm ki, hər seçkidən sonra bizim yekun hesabatımız tərtib olunur və biz bu hesabatı tərtib edərkən çox əmək sərf edirik və çox çətin olur bizim üçün bəzən hesabatı tərtib etmək. Və o hesabatda tövsiyələr olur. Əgər seçki prosesində hansısa çatışmazlıqlar varsa o hesabatda tövsiyə şəklində o çatışmazlıqları ölkə necə aradan qaldıra bilər. Və Kopenhagen kriteriyalarına uyğunsuzluq varsa seçki prosesində onları necə düzəltmək olar bununla bağlı tövsiyələr verilir. Bizim Varşavadakı qərargahımız, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosu həmişə böyük məmnuniyyətlə üzv ölkəyə bu tövsiyələrin həyata keçirilməsinə dair dialoqa girməyə və kömək etməyə hazırdır.

- İndiyə kimi təcrübə necədir? O tövsiyələr yerinə yetirilirmi?


Odri Qlover:

- Bəziləri olur, amma hamısı deyil. Son seçkilərdən sonra bəzi tövsiyələr, təkliflər var idi ki, onların bəziləri həyata keçirildi. Barmaqların mürəkkəblənməsi, icra hakimiyyətlərinin seçkiyə müdaxiləsi və ərizə və şikayətlərin təminatı ilə bağlı tövsiyələr var ki, onlar müəyyən həddə qədər həyata keçirilmişdir. Bir başqa tövsiyə var ki, dəfələrlə təkrar olunan bir tövsiyədir ki, bu da seçki komissiyalarının tərkibi ilə bağlıdır. Və bu tövsiyə yerinə yetirilməmişdir. Bizim üçün bu ciddi narahatlıq mənbəyinə çevrilib. Və eyni zamanda ərizə və şikayətlərin təmin olunması ilə bağlı da lazım olan, gərəkli tövsiyələrin hamısı təmin edilməmişdir.

- Qeydiyyatından imza olunmuş namizədlərin şikayətlərinin apelyasiyası prosesini necə qiymətləndirirsiniz? Hesabatda bu hissə yox idi, məncə.

Odri Qlover:

- Mənə elə gəlir ki, müəyyən istinad var idi bizim hesabatımızda bununla bağlı. Biz hazırda çətinlik yaşayırıq şikayətlərlə bağlı sənədləri əldə etməklə bağlı. Bizim hüquq ekspertlərimiz o sənədləri əldə etməlidirlər ki, bundan sonra biz onları dəyərləndirə bilək.

- Dinləyici yazır: AXCP-nin 2006-cı ildən bəri qərargahsız olması, onun sədrinə pasport verilməməsi, TV-lərin hakimiyyətin nəzarətində olması, müxalifətçi namizədlərin qeydə alınmaması, onlara edilən təzyiqlər və müxalifətə qarşı aparılan davamlı qara–piar, maddi sıxıntılar və digər problemlər. Sizcə belə şəraitdə seçki nə dərəcədə şəffaf və demokratik ola bilər?

Odri Qlover:

- Seçki təşviqatı, səsvermə və səslərin hesablanması prosesi hələ tamamlanmamışdır. Və ona görə də öncədən biz hansısa mühakimə etmək istəməzdik. Bu prosesin sonunu gözləməyi biz daha çox istərdik və təbii ki seçkilərdə səsvermə günü tamamlanmış hesab olunmur. Səslərin hesablanması və tabulyasiyası da çox vacib mərhələdir. Və ondan heç də az vacib hesab olunmayan mərhələ səsvermədən sonra baş verən şikayətlərin baxılması mərhələsidir ki, bu da eyni dərəcədə vacibdir.

- Dinləyicilər yazırlar: Bəlkə, sizin işiniz faydasızdır? Siz, bəlkə, əslində burda olmamalısınız ki legitimlik verirsiniz.

Odri Qlover:

- Biz burdayıq ona görə ki, bizi Azərbaycan Xarici İşlər Nazirliyi dəvət edib və Varşavadakı Demokratik Təsisatlar və İnsan Haqları bürosuna göndərilib bu dəvətnamə. Büro 1991-ci ildən ATƏT məkanında seçkiləri müşahidə edir. Bu müddət ərzində bizim büromuz seçkiləri müşahidə etmək üçün metodologiya tərtib etmişdir. Bu metodologiyaya əsasən formalar var ki, onlar diqqətli şəkildə doldurulmalıdır. Bizim müşahidəçilər seçki məntəqəsinə gedərkən onlar orada sadəcə boş-boşuna gəzişmirlər. Onlar bizim onlardan tələb etdiyimiz formaları doldurmaq üçün müşahidə aparırlar.

Rasto Kuzel:

- Mən də əlavə edərdim ki, bütün 56 üzv ölkə könüllü şəkildə seçkiləri müşahidə etmək üçün dəvət edir.

- Bəlkə, dinləyicilər demək istəyirlər ki, artıq hər şey aydındır. Bəlkə, gedəsiniz, bundan sonrasının faydası yoxdur.


Odri Qlover:

- Son səs hesablanana qədər mənə elə gəlir ki, hələ heç bir şey aydın və bitmiş hesab oluna bilməz. Mənə elə gəlir ki, biz burda heç kimin vaxtını boşuna xərcləmirik. Biz burda insanlarla görüşürük, onların çətinlikləri, problemlərini öyrənirik və bu bizim üçün çox vacibdir. Mən inanıram ki, bu Azərbaycan üçün də çox vacibdir.

- Dinləyici yazır: Siz Azərbaycanda prezident başda olmaqla bəzi yüksək rütbəli məmurların xaricdə hesabları və mülkləri barədə mətbuatda gedən yazıları oxumusunuzmu?


Odri Qlover:

- Yox mən belə bir şey oxumamışam.

- Dinləyici yazır: Namizədlər millət vəkili kimi seçicilərə yox, daha çox prezident vəkili kimi təəssürat yaradırlar. Onlar prezidentə ünvanlayırlar müraciətlərini. Sizcə, bu qəribə deyilmi?

Odri Qlover:

- Onların istədikləri şey haqda danışmaq hüquqları var. Bu, onların seçimidir onlar öz platformalarını təqdim etmək istəyirlər, yoxsa yox.

- Dinləyicilər yazırlar: Siz Azərbaycanda keçirilən seçki kimi seçkinin öz ölkənizdə keçirilməsini istərdinizmi?

Odri Qlover:

- Hər bir ölkə fərqlidir. Mədəniyyətləri fərqlidir, tarixləri fərqlidir və mənə elə gəlir ki, çox çətin olar bir ölkədəki seçkini başqa ölkəyə keçirmək.

- Sizcə azərbaycanlıların nəsə problemi var?

Odri Qlover:

- Sizin düzgün seçki keçirməməyiniz üçün heç bir əsas yoxdur.
XS
SM
MD
LG