Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:13

Vatikan Bankının başı yenə qalmaqaldadır


Roma papası XVI Benedikt
Roma papası XVI Benedikt
Vatikan Bankına (IOR) məxsus 23 milyon avroluq hesaba həbs qoyulub. İtaliya prokurorları Vatikan Bankını bu pulları yumaqda şübhəli bilib onları dondurublar. Roma Məhkəməsi qərarı qüvvədə saxlayıb.

İstintaq sənədlərinə əsasən, bankın idarə heyəti məqsədi açıqlamadan hansısa vəsaitləri italyan və alman banklarının hesablarına köçürüblər.

İtaliya qanunvericiliyinə əsasən, istənilən bank 300 min avrodan yuxarı pulköçürmələr zamanı Mərkəzi Bankı bu barədə məlumatlandırmalıdır.

Vatikan Bankı isə öz növbəsində, hər hansı bir əməkdaşının qanunsuz əmələ yol verdiyini inkar edir, bunu bankla İtaliya hakimiyyəti arasında «anlaşılmazlıq» kimi qiymətləndirir.

Vatikan Bankının sədri Ettore Gotti Tedeşi və baş direktoru Paolo Çipriani «çirkli» pulları yumaqda ittiham olunaraq bu ilin sentyabrında həbs olunublar.

Gotti Tedeşi hələ də günahını boynundan atır, bankın «tamamilə şəffaf» işlədiyini iddia edir.

BU, İLK DEYİL

Bu, Vatikan Bankının ətrafında yaranan ilk qalmaqal deyil. Hələ 1982-ci ildə «Banco Ambrosiano» bankı iflas olanda, onun əsas səhmdarı Vatikan Bankı idi. «Banco Ambrosiano»nun boynunda 1.3 milyard dollar borc olubmuş. Onun rəhbəri – «Allahın bankiri» kimi tanınan Roberto Kalvi qanunsuz maliyyə sövdələşmələrində ittiham olunurdu. 1982-ci ildə onu Londonda körpünün üstündə özünü asmış vəziyyətdə tapmışdılar. Bankirin cibləri daşlar və 15 min dollarla dolu imiş. Bu hadisədən sonra İtaliya hakimiyyəti «Banco Ambrosiano»nun iflas olmasında Vatikan Bankının nə dərəcədə payı olmasını araşdırmağa başladı. Bütün ittihamları rədd etsə də, Vatikan Bankı «Banco Ambrosiano»nun kreditorlarına 250 milyon dollar ödədi.

ŞƏFFAF OLMAYAN STRUKTUR HƏLƏ DƏ QALIR

1992-ci ildə isə Vatikan Bankının strukturunda müəyyən islahatlar həyata keçirildi, amma bununla belə bankın strukturu hələ də tutqun olaraq qalır: bank maliyyə yekunlarını ictimailəşdirmir, bilavasitə yalnız Papa qarşısında hesabat verir.

Vatikan Bankı II Dünya müharibəsi zamanı yaradılıb. Qurumun səlahiyyətlərinə dini təriqətlər, kardinal, yepiskop və keşişlərin maliyyə vəsaitlərini idarə etmək daxildir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG