Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:24

Parlament, yoxsa icra hakimiyyətinin notarial orqanı?


Oktyabrın 22-də 3-cü çağırış Milli Məclis son iclasını keçirərək 5 illik fəaliyyətini yekunlaşdırdı. Bu illər ərzində əlbəttə ki, parlamentin fəaliyyətinə münasibət heç də birmənalı olmayıb. Qanunverici orqanı Prezident Administrasiyasının bir şöbəsi hesab edənlər də olub, başqa dövlətlərin parlamentlərinə nümunə ola biləcək fəaliyyət göstərdiyini iddia edənlər də.

SİYASƏTƏ RƏNG VERƏN ORQAN


Müsavat deputat qrupundan Pənah Hüseyn Milli Məclisin artıq arxada qalmış 5 illik fəaliyyətini qiymətləndirərkən deyir ki, Azərbaycan parlamenti nə qədər hüquqsuz və statussuz olsa da, hər halda ölkə siyasətinə rəng verən orqanlardan biri oldu. KİV- də qaldırılan bir çox siyasi məsələlər əslində parlamentin iclaslarında səslənən məsələlər idi. Və parlamentin fəaliyyətinin bu məzmunda getməsində Müsavat deputat qrupunun çox böyük fəaliyyəti olub.

Pənah Hüseyn hesab edir ki, bütövlükdə Azərbaycanda anti-demokratik proseslərin cərəyan etməsi parlamentin qəbul etdiyi qanunlarda da özünü göstərib. Hakim çoxluq icra hakimiyyətinin göndərdiyi bütün qanun və təşəbbüsləri düşünmədən dəstəklədi:
Pənah Hüseyn


“Məsələn KİV-in hüquqlarının məhdudlaşdırılması, Seçki Məcəlləsində təşviqat müddətinin məhdudlaşdırılması, sosial sahədə - Əmək Məcəlləsinə dəyişikliklər etməklə işçilərin əmək hüquqlarının məhdudlaşdırılması, pensiya hüquqlarının görünməmiş dərəcədə məhdudlaşdırılması, o cümlədən çoxuşaqlı anaların pensiya hüquqlarının faktiki olaraq ləğv edilməsi, pensiya yaşının yüksəldilməsi. Siyasi sahədə iri vəzifələrə seçilmə haqqında istər konstitusiya, istərsə də qanunlarda olan məhdudiyyətlərin götürülməsi və başqa sahələrdə də çox ciddi geriləmələr müşahidə olundu”.

Pənah Hüseyn düşünür ki, bu və digər səbəblərdən əlbəttə ki, Milli Məclisin 5 illik fəaliyyəti müsbət dəyərləndirilə bilməz. Parlament bu müddət ərzində icra hakimiyyətinin çox itaətkar qanuni notarial bir orqanı kimi təəssüf ki, fəaliyyət göstərib.

123 YERLİ PARLAMENT?


Qanunla Azərbaycan parlamentinin 125 deputatı olmalıdır. Artıq öz işini yekunlaşdıran 3-cü çağırış Milli Məclis isə 123 deputatla fəaliyyət göstərməli oldu. Əslində bu boş qalan 2 yerin biri Azərbaycan Liberal Partiyasının sədri Lalə Şövkətə, digəri isə keçmiş deputat Hüseyn Abdullayevə məxsus idi. Lalə Şövkət 2005-ci ildə parlament seçkilərinin saxtalaşdırıldığını iddia edərək buna etiraz olaraq qazandığı mandatdan imtina etmişdi.

Hüseyn Abdullayevin isə 2007-ci ildə parlamentdə hökumətin hesabatı dinlənilərkən millət vəkili Fəzail Ağamalı ilə arasında baş verən qalmaqaldan sonra deputat səlahiyyətlərinə xitam verilmişdi.

Bu hadisə istisna olmaqla arxada qalan 5 ildə parlamentdə kifayət qədər narazılıqlar baş versə də bunların heç biri ciddi qalmaqala çevrilmədi.

MEHRİBAN ƏLİYEVANIN İRƏLİ SÜRDÜYÜ AKTLAR

Siyavuş Novruzov

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov isə parlamentin 5 illik fəaliyyətini çox yüksək qiymətləndirir. Deyir Milli Məclis bu illər ərzində xeyli iş görüb.

“1000 –dən artıq qanun qəbul olunub. Sosial iqtisadi sahədə, sosial problemlərin həlli ilə bağlı, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı, xüsusilə həmkarımız Mehriban Əliyeva tərəfindən irəli sürülən və 20 mindən artıq insana şamil olunan Amnistiya haqqında bir neçə akt qəbul olunub. Təhsil Haqqında Qanun qəbul olunub. Bu 5 illik fəaliyyəti dövründə parlament Azərbaycanın təhlükəsizlik sisteminin qorunması üçün Hərbi Doktrinanı qəbul edib və bu səpkili xeyli başqa qanunlar da qəbul olunub”.

TƏYİN OLUNMUŞ ADAMLARIN PARLAMENTİ


Politoloq Hikmət Hacızadə isə hesab edir ki, prinsip etibarı ilə Azərbaycanda parlament yoxdur və belə olan halda onun fəaliyyətini də dəyərləndirmək çətindir. Onun sözlərinə görə, əslində parlamentin əsas vəzifəsi liderə nəzarət eləməkdir. Elə onu yaradanlar da bu məqsədi güdüblər. Səs

“İmkanlı, güclü adamlar - zadəganlar bir yerə yığışaraq kralı masa arxasına dəvət ediblər. Orada ona bir sənəd imzalatdırıblar ki, bundan sonra bizsiz heç bir qərar qəbul etməyəcəksən. Parlament belə yaranıb. Yəni onun mənası bu idi. Azərbaycanda isə biz parlamentin o xüsusiyyətini, yəni əsas keyfiyyətini görmürük”.

Hikmət Hacızadəyə görə, Azərbaycanda parlament böyük əksəriyyəti təyin olunmuş adamlardan ibarət olan bir qurumdur. Onun nə siyasi iradəsi, nə də peşəkarlığı yoxdur. Orada bir-iki müxalifətçinin çıxışı nəzərə alınmasa heç bir parlamentlik müşahidə olunmadı.

3-cü çağırışı Milli Məclis Təhsil Haqqında Qanunu qəbul etsə də, nə sovet dövründən qalan əmanətləri qaytara bildi, nə də 5 il ərzində 1 dəfə də olsa, Dağlıq Qarabağ danışıqlarının nə yerdə olduğunu müzakirə etdi. Halbuki, məhz bu iki məsələnin gündəliyə salınmasına demək olar ki, bütün sessiyaların əvvəlində təkid edilirdi...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG