Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:23

Diskussiya: Ən sərfəli iş? Məmur? Sahibkar? Müğənni?


AzadlıqEko bir aydır ki, “Azərbaycanda Sizin üçün ən sərfəli gəlir mənbəyi hansı olardı? – mövzusunda sorğu keçirirdi.

İndi sorğunun nəticələrini müzakirəyə çıxarırıq.
Və hamını diskussiyaya qatılmağa çağırırıq.

Əvvəlcə görək, sorğu nəyi göstərdi?

"Sizin üçün Azərbaycanda ən sərfəli gəlir mənbəyi hansı olardı?"-
sualına cavablar faiz hesabı ilə belə bölünüb:


Sahibkarlıq - 22,9%

Özəl sektorda yüksək maaşlı iş- 18,6%

Dövlət qurumunda əli möhürlü məmur- 45,7%

Sərbəst peşə (mügənni, rəssam, vəkil və s bu kimi) - 12,9%


Cavablar dərhal suallar doğurur ki, niyə çoxusu məmuru qınayır, ancaq özünə gələndə məmur olmaq istəyir?

Niyə özəl sektorda yüksək maaşlı işdə işləmək istəyən azdır?

Sahibkar olmaq istəyən də deyəsən çox deyil. Niyə?


Diskussiyanı ekspertlərdən başlayaq.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin başçısı Azər Mehdiyev:

Sorğu Azərbaycan reallığını doğru əks etdirir. Bu gün Azərbaycanda sahibkarların, xüsusilə də müstəqil şəkildə sahibkarlığa qoşulmaq istəyənlərin üzləşdiyi çətinliklər qarşılığında onun gəlirləri elə də böyük deyil. Sahibkarlara yaradılan maneələr həm obyektiv, həm subyektiv maneələrdir. Ancaq bu sahənin ən böyük problemi məmur özbaşınalığıdır. Ona görə də Azərbaycanda insanlar meneələrlə üzləşən sahibkar olmaqdansa, maneələri yaradan məmur olmağa üstünlük verir.

Məmurluğun çox qazanclı olması beyinlərdə çoxdan oturuşub. Azərbaycanda məmurluq bir tərəfdən yüksək əməkhaqqı vəd edir. İkinci bir tərəfdən kiminsə məmur olması onun korrupsiya zəncirinə qoşulması, o zəncirdən pay alması anlamına gəlir. Məmur olmaq rahat yaşamaq, çoxsaylı imtiyazlara sahib olmaq deməkdir. Dünyada savadlı, qabiliyyətli insanlar məmur olmağa meylli deyil. İnsanları məmurluğa cəlb etmək üçün bəzən əlavə imtiyazlar verilməsi nəzərdə tutulur. Azərbaycanda isə məmurluqdan kənarda iş yeri demək olar görünmür.

Özəl sektora gəlincə, Azərbaycanda özəl sektorda işəgötürmə imkanları çox məhduddur. Azərbaycandakı iş yerlərinin çoxu ya dövlət müəssisələridir, ya büdcə təşkilatlarıdır. Ciddi iş yerləri sırasına bir-neçə beynəlxalq qurumun yerli nümayəndəliklərini də əlavə etmək olar. Bu isə çox məhdud sayda iş yeri deməkdir. Özəl sektor bu baxımdan o qədər də cəlbedici görünmür. Həm də bu sektorda iş tapmaq üçün güclü bilik və qabiliyyətlər gərəkdir. Azərbaycanın ali məktəb məzunlarının isə hətta təhsil aldıqları sahə üzrə ciddi bilikləri olmur, hələ başqa tələb olunan bilik və bacarıqları demirəm.

Psixoloq Dəyanət Rzayev:

Kiçik yaşlı uşaqdan soruşanda ki, böyüyəndə nə olmaq istəyirsən, ya polis, ya prokuror cavabını verir. Uşaqlar görür ki, hansısa məmurun oğlu 250 min dollarlıq maşın sürur, filan məmur dəyəri bir neçə ilyon dollar olan 3-4 mərtəbəli villada yaşayır ona görə də necə deyərlər, öz seçimlərini edir. Bakının milyonerlər məhəlləsi kimi tanınan məhəllələrinə baxsaq orda 3-4 sahibkar evi görəcəyik. Qalanları məmurlarındı.

Azərbaycanda indi sahibkarlıqla yüksək rütbəli məmurların qohumları məşğul ola bilir. Ölkədə sahibkarlıq üçün şərait yaradılması yerinə hər il yeni əngəllər yaradılır. Rəsmi, qeyri-rəsmi ödənişlər sahibkarları müflis edir. Ölkədə sahibkarların çoxunun banklara yüksək məbləğdə kredit borcu var. Bir əlləri ilə qazanıb o biri əlləri ilə borc qaytarmaqdadırlar. Kim belə işin, daha doğrusu zülmün sahibi olmaq istəyər ki?

Məmurlar isə dövlətin himayəsindədirlər, qanunlar onlar üçün işləyir, hüquqları qorunur.

Qalanlarını xeyriyyəçiliyə sərf edir. Dünyanın hər yerində insanlar anlayır ki, böyük pullar böyük problemlərdir. Ona görə də insanlar o pullardan azad olurlar. Dünyanın ən varlı adamı Bill Qeyts elan edib ki, varidatının yalnız 8 milyonunu ailə üzvlərinə saxlayacaq. Biz isə hələ aqressiv kapitalizm dövrünü yaşayırıq – kim nə qədər oğurladı, kim nə qədər pul toplaya bildi.

Sərbəst peşələrə - müğənniliyə, rəssamlığa gəlincə, Azərbaycanda bu peşələrə yuxarıdan aşağı baxırlar. Bu insanların çoxunu ciddi sənət adamı kimi yox, qeyri-ciddi peşə sahibləri kimi qəbul edirlər. Bir tərəfdən də bu işlər çox əziyyətlidir. Biz əziyyət çəkməyi o qədər də xoşlamırıq. Müğənni toyda 5-6 saat oxumalıdır, rəssam bir tablo üzərində aylarla işləməlidir, sonra o əsəri kimsə alacaq, almayacaq. Ona görə düşünürlər ki, ən rahat, əziyyətsiz, varlı yaşamaq üçün ən kəsə yol elə məmurluqdur.

Bəs Siz nə düşünürsünüz?

Fikirlərinizi bizimlə bölüşün

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG