Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:49

Oqtay Əsədovun namizədliyi ləğv oluna bilər


Oqtay Əsədov
Təbliğat-təşviqat kampaniyasını hərə bir cür başa düşür. Deputatlığa namizədlərdən kimi asfalt çəkdirir, kimi su xəttini təzələyir, başqa biri həyətlərdə uşaqlar üçün karusel və sürüşkənlər qoydurur. Qərəz ki, görülməli iş nə çox.

Belə deputatlığa namizədlərdən biri də deyəsən, Milli Məclisin spikeri, Yeni Azərbaycan Partiyasının 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədi Oqtay Əsədovdur.

Binəqədi rayonunda yaşayan İsmayıl Quliyev AzadlıqRadiosuna deyir ki, on gündür həyətlərində abadlaşma, təmir işlərinə start verilib. Axşamlar qonşuların qapılarını döyüb deyirlər ki, bu işləri Oqtay Əsədov gördürür, səsinizi də ona verərsiniz.

«Mən yeddinci mikrorayonda yaşayıram. Bizim küçədə asfalt çəkirlər. İşıq dirəklərini dəyişirlər. Qonşu həyətdə xeyir-şər yerləri var, onları təmir edirlər. Qonşularımızı yığıblar ki, Oqtay Əsədova səs verək, bütün bunları o edir, camaatın yaxşılığı üçün».

«ÖTƏN SEÇKİDƏ PULLAR, VAZALAR, BULUDLAR PAYLADILAR...»


Bu məlumatı həmin dairədən deputatlığa namizəd Arzu Səmədbəyli də təsdiqləyir.

«Belə məlumatlar var, bəli. Yolların abadlaşdırılması, boru xətlərinin çəkilməsi, abadlıq işlərinin görülməsi. Mən ötən dəfə belə işlərin əleyhinə çıxmadım. Sadəcə, seçicilərimizə deyirik ki, bu işi görmək icra hakimiyyətinin borcudur. Amma seçki qabağı bu işləri görüb seçicilərə minnət qoyub, səs almağa çalışmaları düzgün deyil. Nəticəsiz olacaq. Ötən dəfə də 8-ci dairənin ərazisində xeyli sahə abadlaşdı, liftlər düzəldi. Xeyli pullar paylandı, vazalar, buludlar paylandı... Mən onlara dedim ki, bunlar sizdən oğurlananlardı, deyin yerdə qalanını da gətirsinlər. Amma pərdə arxasına keçəndə ürəyinizin səsinə, inandığınıza səs verin».

Arzu Səmədbəyli
Arzu Səmədbəylinin deməyinə görə, sakinlərdən onun qərargahına gələn belə məlumatları toplayıb yaxın günlərdə həm dairə, həm də Mərkəzi Seçki Komissiyasına məlumat verəcəklər.

SPİKER MƏSULİYYƏTƏ CƏLB OLUNA BİLƏR


Hüquqşünas Hafiz Həsənov deyir ki, Oqtay Əsədovla bağlı məlumatlar təsdiqini taparsa, onun namizədliyi ləğv oluna bilər. Nəinki ləğv oluna bilər, hətta inzibati və ya cinayət məsuliyyətinə cəlb edilər.

«Abadlıq işləri, seçicilərin pulla ələ alınması, istehlak malları verilməsi Seçki Məcəlləsinin tələblərinə görə qadağandır. Bu hətta namizədin qeydiyyatının ləğvi üçün əsas ola bilər. Formasından asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradan hallardır».

MSK: «OQTAY ƏSƏDOV SIRAVİ NAMİZƏD DEYİL»


MSK-nın hüquq şöbəsinin müdiri İradə Hacıyeva isə bu məlumatı bir qədər şübhəylə qarşıladı. Onun qənaətincə, Oqtay Əsədov sıravi namizəd deyil ki, qanunu pozsun.

«Mən yüz faiz əminəm ki, Oqtay Əsədov sıravi namizəd deyil. Hər halda, Seçki Məcəlləsini yaxşı bilməlidir və bilir. O qoymaz ki, onun adamları belə iş görsün. Mən bunu deyə bilərəm».

İradə Haşımovanın sözlərinə görə, bu cür məlumatları namizədlərin əleyhdarları da yaya bilər.

Hafiz Həsənov
«Sizə bir bədxah zəng edib, yoxsa sizə ünvanını, məntəqənin adını da deyib? İndi çoxlu ismayıllar, məmmədlər peyda olacaq. Namizədlərin lehinə, əleyhinə çoxlu söz-söhbət yayılacaq. Amma ola bilər ki, təmir-tikinti işləri gedir. Onu yerində yoxlayıb qiymət verilə bilər. Onu MSK hardan bilir ki... Əgər elə iş varsa qeyri-qanunidir».

Hüquqşünas Hafiz Həsənov isə araşdırma aparılacağına şübhəylə yanaşır. O deyir ki, uzun illərin təcrübəsi göstərir ki, MSK parlament spikerinin adı çəkilən bir məlumata çətin adekvat reaksiya versin. Ona görə də başqa namizədlər bu məsələnin hüquqi çərçivədə həllinə çalışmalıdırlar.

ŞİRNİKLƏNDİRİCİ VƏDLƏR YOLVERİLMƏZDİR


Qanunu pozan isə təkcə Oqtay Əsədov deyil. Məsələn, Bütöv Azərbaycan Xalq Cəbhəsinin rayon təşkilatının sədri, 55 saylı Xaçmaz seçki dairəsindən seçkilərə qatılan Zöhrab Məmmədov da seçicilərinə şirnikdirici vəd verir:

«Xaçmaz əhalisinin xeyli hissəsi imkansızlıqdan kreditlər götürüb. Dolanmaq naminə. Əlbəttə mən sahibkarlıq işiylə məşğul olanları demirəm. İmkansızlıqdan kredit alanları kreditdən azad edəcəm».

MSK rəsmisi İradə Hacıyeva da, hüquqşünas Hafiz Həsənov da bu vədi gülüşlə qarşılayırlar. Onların qənaətincə, bu, bir nəfərin reallaşdıra bilməyəcəyi vəddir.

İradə Hacıyevaya görə, istənilən halda, bu cür vəd vermək yaxşı deyil. Çünki şirnikləndirici vəddir və təşviqat zamanı bu yolverilməzdir. Amma o bu cür çıxışlara görə, namizədə xəbərdarlıq edilib-edilməməsi haqda heç nə demədi.
XS
SM
MD
LG