Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:34

Azərbaycan Qafqazda hamıdan geridədir


Azərbaycanda medianın vəziyyəti keçən ilə baxanda xeyli pisləşib
Azərbaycanda medianın vəziyyəti keçən ilə baxanda xeyli pisləşib
AZƏRBAYCAN PAKİSTAN VƏ TAİLANDLA EYNİ SIRADA

Azərbaycan «Sərhədsiz Reportyorlar» təşkilatının hazırladığı Media Azadlığı İndeksinə görə 178 ölkə arasında 152-ci sıradadır. Bu siyahıya görə hətta, Fələstin Muxtariyyəti, Pakistan Azərbaycandan bir-iki pillə irəlidədir. Azərbaycandan dərhal sonra isə Tailand, Belarus kimi ölkələr gəlir.

Azərbaycanın Qafqazdakı qonşularından Ermənistan «Sərhədsiz Reportyorlar»ın Media azadlığı siyahısında 101-ci, Gürcüstan 99-cu yerdə göstərilir.

Təşkilat Rusiyada (140-cı sıra) və Türkiyədə (138-ci yer) vəziyyətin Azərbaycandan bir qədər yaxşı olduğunu qeyd edir.

Azərbaycanın digər qonşuları olan Qazaxıstan (162-ci yer), İran (175-ci yer) və Türkmənistanda (176-cı yer) isə medianın vəziyyətinin Azərbaycandan da pis olduğu göstərilib.

Hesabata görə, Azərbaycanda medianın vəziyyəti keçən ilə baxanda xeyli pisləşib. Keçənilki hesabatda Azərbaycan 175 ölkə arasında 146-cı sırada göstərilirdi.

DAVAM EDƏN TƏZYİQLƏR ÖLKƏNİ BU CƏRGƏYƏ QOYUB...


Elza Vidal
«Sərhədsiz Reportyorlar» Təşkilatının keçmiş sovet ölkələri üzrə bölmə rəhbəri Elza Vidal bu enişin səbəbini ölkədə jurnalistlərə qarşı təzyiqlərin davam etməsi ilə izah edir:

- Bizim Azərbaycanda qeyd etdiyimiz əsas problemlər hakimiyyətin jurnalistlərin gündəlik işinə qarışması, jurnalistlərə qarşı təzyiqlərin davam etməsidir. Jurnalistlər hələ də saxta ittihamlarla istintaqa çəkilir, həbsə atılırlar. Hətta Avropa İnsan Haqları Məhkəməsi onlardan bəzilərinin azadlığa buraxılması və cərimə ödənməsi barədə qərar qəbul edib. Bunlar Azərbaycanın mətbuat azadlığı indeksində niyə gerilədiyini izah edir.

«SƏRHƏDSİZ REPORTYORLAR» AZƏRBAYCANA SEÇKİ TƏZYİQİ EDİR?


Hakimiyyət təmsilçiləri isə yenə də «Sərhədsiz Reportyorlar»ı qərəzli hesabat hazırlamaqda ittiham edirlər. Milli Məclisin qəzeti olan «Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov düşünür ki, yeni parlament seçkisi ərəfəsində bu cür hesabat yaymaqla kimlərsə, Azərbaycana təsir etmək, ölkədə ədalətli seçki mühiti olmaması fikrini əsaslandırmaq istəyir:

- Ermənistan parlament seçkisi ərəfəsində mitinqlər zamanı jurnalistlər təzyiqlərə məruz qaldı, hətta internet saytları bağlandı, indiyə qədər də bu ölkədə siyasi məhbuslar qalır, AŞPA-da bu barədə müzakirələr aparılıb, məktublar yazılıb, bundan sonra da Ermənistan bu hesabatda 101-ci yerdə, Azərbaycan 152-ci yerdə göstərilirsə, bu, kiminsə, Azərbaycana xoş olmayan məramından,
Bəxtiyar Sadıqov
Bakıya təsir göstərmək cəhdindən xəbər verir.

Bəxtiyar Sadıqov fikrini əsaslandırmaq üçün son vaxtlar Azərbaycana mətbuatın inkişafı üçün Prezident yanından Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün dövlət başçısının maliyyə yardımları ayırmasını əsas gətirir.

JURNALİST GETDİKCƏ YAZMAĞA QƏZET TAPMIR


Amma müstəqil və müxalifət yönlü jurnalistlər elə bu cür maliyyə yardımlarının ölkədə azad jurnalistləri təzyiq altında saxlamaq vasitəsi olduğunu deyirlər. «Bizim Yol» qəzetinin əməkdaşı Natiq Cavadlı da Azərbaycanda media azadlığının vəziyyətinin ildən-ilə pisləşməsi barədə «Sərhədsiz Reportyorlar»ın qənaətini bölüşür. O bildirir ki, artıq Azərbaycanda tənqidçi jurnalistlər üçün iş yeri tükənmək üzrədir:

- Tənqidçi jurnalistlərin sayı durmadan azalır. Kimi ölkədən gedir, kimi başqa sahələrdə işə keçir, kimi də mövqeyini dəyişir. Bunlara qələmi sındırılmışlar deyirlər. Azərbaycana tənqidçi jurnalistlərin iş yerləri azalır, yazmağa yer tapmırıq, özünü senzura yaranır.

JURNALİST OLMAQ SKANDİNAVİYADA DAHA ASAN...


Mərkəzi ofisi Parisdə yerləşən «Sərhədsiz Reportyorlar»ın Media Azadlığı indeksini son doqquz ildə hazırlayır. Son illər davamlı olaraq siyahıya əsasən Skandinaviya ölkələri başçılıq edir. Builki hesabatda da media azadlığının ən yüksək səviyyədə olduğu ölkələr kimi Finlandiya, İslandiya, Hollandiya, Norveç, İsveç və İsveçrənin adı siyahının lap yuxarısında göstərilib.
Əfqanıstanda jurnalist olmaq əvvəlki illər kimi bu il də həyat üçün təhlükəli sayılıb
Birinci yerdə isə media sahəsində qanunvericiliyini getdikcə daha çox təkmilləşdirən Finlandiya gəlir.

Amma «Sərhədsiz Reportyorlar» Avropa Birliyi ölkələrində vəziyyətin getdikcə gərginləşdiyini bildirir. Hesabata görə, Avropa Birliyi insan haqlarının ən yaxşı qorunduğu məkan statusunu itirmək təhlükəsi ilə üzləşib. Hesabata görə, 27 Avropa Birliyi ölkəsindən 13-ü Mətbuat Azadlığı indeksi üzrə siyahının yuxarısındadır. Amma üzv ölkələrdən 14-də bu sahədə göstərici çox aşağı olub. Birlik ölkələrindən İtaliya 49-cu, Rumıniya 52-ci, Yunanıstan və Bolqarıstan 70-ci sıradadır.

Fransa, İtaliya kimi ölkələrdə keçən il jurnalistlərin mənbələrinin qorunması, media orqanlarının sahibkarlıq formalarından narahatlıqlar davam edib.

ASİYADA HƏYAT ÜÇÜN TƏHLÜKƏLİ İŞƏ ÇEVRİLİR


Siyahının sonunda qərarlaşan Eriteriya, Şimali Koreya və Türkmənistan, Pakistan, Əfqanıstan, Meksika kimi ölkələrdə isə jurnalist olmaq əvvəlki illər kimi bu il də həyat üçün təhlükəli sayılıb.

«Sərhədsiz Reportyorlar» bildirir ki, bu hesabat 2009-cu il sentyabrın 1-dən 2010-cu il sentyabrın 1-ə qədər olan dövrü əhatə edir. Burada yalnız media azadlığının vəziyyəti əksini tapır, orada başqa insan haqları pozuntuları əksini tapmır.

İndeks 43 müxtəlif istiqamətdə vəziyyətin sorğu əsasında qiymətləndirilməsi əsasında formalaşdırılıb. Təşkilat sorğusunu dünyanın müxtəlif ölkələrində 140 jurnalist, təhlilçi, insan haqları fəalları arasında keçirdiyini bildirir. Respondentlərə «Sizin ölkənizdə jurnalistlərin qətlə yetirilmələri, təzyiqlərə məruz qalmaları, fiziki hücumlar olurmu», «özünüsenzuranın səviyyəsi nə qədərdir», «tənqidi jurnalistikaya nə qədər meydan var», «jurnalistlərə qarşı təzyiqlər araşdırılırmı», «internetlə məlumatların yayılması nə qədər azaddır» kimi bu məzmunda suallar verilib.

MEDİA AZADLIĞI İNDEKSİ – AZƏRBAYCANDA VƏ ONUN QONŞULARINDA

Gürcüstan99
Ermənistan101
Türkiyə138
Rusiya140
Azərbaycan152
Qazaxıstan162
İran175
Türkmənistan176
XS
SM
MD
LG