Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:22

Ramiz Abutalıbovun yeni tapıntıları...


Ramiz Abutalıbov
Ramiz Abutalıbov
«Mən Bakıya tez-tez gəlirəm, amma sürpriz gətirmək həmişə mümkün olmur».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına köhnə bakılı, indi Moskvada yaşayan Ramiz Abutalıbov söylədi.

TƏK-TÜK ADAMLARIN İÇİNDƏ MƏN DƏ VARDIM


30-40 il əvvəl xarici arxivlərdə işləməyə Sovet İttifaqından çox az-az adamın getdiyini deyən qonağımız «o tək-tük adamların içində mən də vardım və çoxlu sürprizlər gətirirdim», - dedi. Onun fikrincə, indiki araşdırıcıların bu baxımdan yolları açıqdır. «İndi arxivlərdə işləyən çoxdur və biz bir növ sənət mübadiləsi aparırıq. Həm də xaricdən sənədlər alırıq».

ƏLİMƏRDAN BƏYİN GÜNDƏLİK HESABATINI ƏLDƏ ETMİŞƏM


Qonağımız ən son əlinə düşən sənədlərdən də danışdı: «Bu, Əlimərdan bəy Topşubaşının Rusiyada olan müsəlman qurultayları haqqında gündəlik hesabatıdır. Rus dilində Parisdə yazıb. İlin sonunda bir kitab hazırlayırıq - «Azərbaycan siyasi mühacirəti. Yeni sənədlər», - bax, bu ora düşəcək».

HİLAL MÜNŞİNİN ƏSƏD BƏYƏ CAVABI BİR KİTABDA ÇIXIBMIŞ


Ramiz Abutalıbov Rusiya Hərb Tarixi Arxivindən daha bir sənəd - Azərbaycan Milli Mərkəzinin 1930-cu ilin sonu, 31-ci ilin əvvəlində yazdığı hesabatı da əldə etdiyini dedi. «Orda Milli Mərkəzin çap etdiyi nəşrlər barədə məlumat verilir. Axırda yazılır ki, Hilal Münşinin müəllifliyi ilə Almaniyada «Azərbaycan respublikası alman dilində» kitabını buraxmışıq və dırnaqarasında yazılır ki, bu, «Məhəmməd Əsəd bəyin uydurmalarına cavab»dır».

ƏMİN BƏYİN BİR ÇIXIŞININ RUSCASINI TAPDIQ
Sevda İsmayıllı və Ramiz Abutalıbov


Ramiz Abutalıbov öncə M.Ə. Rəsulzadənin «Çağdaş Azərbaycan ədəbiyyatına bir nəzər» adlı çıxışını, daha sonra həmin çıxışın əlyazmasını (rusca) tapdığını da söylədi. «1930-cu ildə Parisdə rus dilində çıxış edib. Əlyazmadan görünür ki, Məhəmməd Əmin bəyin rus dilində yaxşı savadı varmış».

ƏN FƏAL MÜHACİRƏTÇİLƏR KİM OLUB?


Qonağımız M. Ə. Rəsulzadə, Ə. B. Topçubaşı və C. Hacıbəylinin ən fəal mühacirətçi olduqlarını dedi: «Ceyhun bəyin arxivi Bakıdadır. Vaxtilə gətirdim xaricdən. Ancaq təəssüf ki, Əmin Bəylə Əlimərdan Bəyin arxivləri tam şəkildə yoxdur. Səpələnib bütün dünyaya».

DAHA BİR SÜRPRİZ!

Türkiyədən Yavuz Akpınarın ona bir dəftər göndərdiyini də bildirdi. «Məhəmməd Əmin Bəy onu Buxarestdə rus dilində yazıb, «Azərbaycan Respublikasının tarixi», «Azərbaycan tarixinin xronologiyası» və «Tərcümeyi-halım». Yəqin bunlar da ilin sonunda buraxacağımız kitaba salınacaq».

ATATÜRKÜN İMZASIYLA İKİ SƏNƏD TAPILIB


Bu sənədləri Ömər Özcanın tapdığını söyləyən Ramiz müəllim: «Üç sənəddir, ikisi Atatürkün qoluyla, biri İsmət İnönünün. Kamal Paşa yazır ki, M. Ə. Rəsulzadənin leh dilində (polyak) çıxan «Azərbaycan Cümhuriyyəti» əsərinin Türkiyəyə gətirilməsi və yayılması qadağan olunsun. Bir də mühacirət fəallarının buraxdığı «Həqiqət» dərgisi ilə bağlı Atatürkün belə qadağası var. Üçüncüsü, 1947-ci ildə Məhəmməd Əmin Rəsulzadəyə Türkiyəyə qayıtmaq üçün icazə qərarı var--İsmət İnönü imzalayıb--onu da Özcan bəy bizə göndərib».

RAMİZ ABUTALIBOV HAQQINDA İKİ KİTAB ÇIXIB


Təzəcə çıxan kitablardan biri «Azərbaycan oğullarını Vətənə qaytaran insan» adlanır. İkincisi rusca çıxıb - «Qrajdanskiy podviq Ramiza Abutalıbova - Puti i sudbı emiqratsi». Və «Salnamə» studiyasında çəkilən «Parisli Azərbaycanlı» filmi (rej. Tahir Əliyev). «Həyatımın Bakı-Ordubad- Naxçıvan-Moskva hissəsini çəkdik, qaldı Paris hissəsi. Onu daha geniş etməyi düşünürük. 20-30-cu illər siyasi mühacirətini, orda dünyasını dəyişənlərin qəbirlərini və s. göstərmək istəyirik. Çünki tale belə gətirib ki, mən sonuncu mühacirləri görən yeganə adam sayılıram. Paris Sülh Konfransının nümayəndə heyətinin iki üzvü ilə tanış olmuşam. Bunlardan bir--Məhəmməd Məhərrəmov, o biri - Əlimərdan bəyin oğlu Ələkbər bəydir. Odur ki, may-iyun aylarında Parisə getmək fikrimiz var».

--Ramiz Abutalıbov Sovetlər dönəmində mühacirət övladlarının izinə necə düşdü? Heç qorxub-ürkmədimi?
- İlk dəfə kimlərlə görüşdü, kimin vasitəsi ilə, harada tanışlıq yaratdı?
- Maestro Niyazi 1961-ci ildə Parisdə olarkən əmisi Ceyhun bəylə niyə görüşmədi?
- Qonağımız Xalq Cümhuriyyətinin tarixini 70-ci illərdə hansı kitabdan öyrəndi?
- Əsəd bəyin atası Hilal Münşidən nə xahiş elədi? Münşi nədən rədd cavabı verdi?
- Ramiz müəllim illərcə gizlin qalan Məhəmməd Əsəd bəy - Hilal Münşi dartışmasına necə yanaşdı? Mentalitetimizi niyə suçladı?
- Qonağımız Əsəd bəyin kitablarında hansı yanlışlqları üzə çıxardı?
- Və nəhayət, Ramiz Abutalıbov Bakını niyə qızıl kvadrata bənzətdi?

Dinləyin.
XS
SM
MD
LG