Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:36

Eynulla Fətullayev müddətsiz aclıq aksiyasına başladı


Həbsdə olan jurnalist Eynulla Fətullayev oktyabrın 19-dan müddətsiz aclığa başlayıb. Bu haqda AzadlıqRadiosuna onun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil deyir ki, bununla da Eynulla Fətullayev hökumətin Avropa İnsan Haqları Məhkəməsinin onun dərhal azad edilməsi barədə qərarını icra etməməsinə etirazını bildirir:

“Faktiki olaraq Avropa Məhkəməsinin qərarı qüvvəyə minib. Ona görə ki, dövlətin şikayəti rədd olunub. Məhkəmənin qərarında göstərildiyi kimi və Konvensiyanın 42-ci maddəsinə görə, Eynulla Fətullayev dərhal həbsdən azad olunmalıdır”.

Vəkil deyir ki, aclıq aksiyası ilə bağlı Penitensiar Xidmət oktyabrın 15-dən məlumatlandırılıb, aksiya Eynulla Fətullayev azad olunana qədər davam edəcək.

Bu ilin aprel ayında Avropa Məhkəməsi Eynulla Fətullayevin dərhal azad edilməsi və ona 28 min avro kompensasiya verilməsi barədə qərar qəbul etmişdi. Bu həftə Avropa Məhkəməsinin Böyük Palatası terrorla hədələmə, milli və etnik ayrı-seçkiliyin qızışdırılması, vergidən yayınma ittihamlarını rədd edərək Avropa İnsan Haqları Məhkəməsinin qərarını təsdiq edib. Bu ittihamlarla jurnalist 8 il yarım həbs cəzası almışdı.

Eynulla Fətullayev bu ilin iyulunda isə həbsdə narkotikdən istifadəyə görə 2 il 6 ay müddətinə həbs cəzası alıb. Jurnalist özü, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları narkotik maddənin onun üstünə qəsdən atıldığını bildirir.
XS
SM
MD
LG