Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:09

«Bu, neftin bizə verdiyi lənətdir»


Vüqar Qocayev
Vüqar Qocayev
Azərbaycanda ötən il fəaliyyətə başlayan Norveç İnsan Hüquqları Evinin Azərbaycan filialına yeni rəhbər təyin edilib. Bu hüquq müdafiəçisi Vüqar Qocayevdir. Bundan əvvəl isə o, Norveç Helsinki Komitəsinin və Beynəlxalq Böhran Qrupunun Bakıdakı nümayəndəliyinə rəhbərlik edib. Vüqar Qocayevlə müsahibəni təqdim edirik:

- Vuqar bəy, hazırda rəhbərlik etdiyiniz Norveç İnsan Hüquqları Evinin Azərbaycan filialının əsas prioritetləri nədir?

«MƏQSƏDİMİZ HÜQUQ POZUNTULARINI BEYNƏLXALQ AUDİTORİYALARA ÇIXARMAQDIR»

- Əsas məqsədimiz ölkədə baş verən hüquq pozuntularını daha geniş auditoriyalara çıxarmaqdır. Bizim təşkilatın BMT-də fəxri üzvlüyü var. Ümumiyyətlə, ATƏT-in, Avropa Şurasının QHT-lərlə bağlı tədbirlərində bizim təşkilatın rəyi daim nəzərə alınır. Yəni, Azərbaycanda insan hüquqları ilə bağlı problemləri belə təşkilatlar səviyyəsinə qaldırmağa və beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəlikləri qorumağa çalışacağıq. Bundan başqa, məqsədimiz hüquq müdafiəçilərini müdafiə etmək, onların fəaliyyətinin effektli olmasına çalışmaqdır.

- Qarşıdan parlament seçkiləri gəlir.Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərdən biri də azad və ədalətli seçkilər keçirməkdir. Bu sahədə vəziyyəti necə dəyərləndirirsiniz?


«BU DA AZAD VƏ ƏDALƏTLİ SEÇKİLƏRƏ ŞÜBHƏ YARADIR»

- Seçkiyə verilən qiymət, mühakimə bir seçki gününü əhatə etməməlidir. Bütün seçki dövrü nəzərə alınmalıdır. Seçki qabağı vəziyyət bir beynəlxalq təşkilat kimi bizi qane etmir. Toplaşmaq azadlığı təmin edilmir, mətbuat azadlığında ciddi problemlər var. Əgər 2005-ci ildə bu hüquqların təminatı üçün müəyyən imkanlar var idisə, indi bu problemə çevrilib. Bu prizmadan yanaşanda seçki qabağı şərait heç cürə əlverişli deyil. Bu da azad və ədalətli seçkilərə şübhə yaradır.

- Vüqar bəy 2005-ci ildən bəri vəziyyətin pisləşməsini nəylə izah edirsiniz?

- 2005-ci ildə deputatlığa iddialılara qeydiyyat mərhələsində bu qədər maneələr yaradılmamışdı. Namizədlərin təşviqat imkanı daha geniş idi. Bundan başqa, toplaşmaq azadlığı müəyyən qədər təmin edilirdi. 2005-ci ildən bəri Azərbaycanda kütləvi aksiyalara demək olar ki, de-fakto qadağa qoyulub. 2005-ci ildən sonra Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə ATƏT-də ən qabaqcıl ölkəyə çevrilmişdi. Get-gedə bu sahədə pisləşmə var.

- Bu pisləşmənin səbəbi nədir?

«NEFTİN QARA ÜZÜ»

- Neft gəlirləri ölkəni o qədər arxayın salıb ki, beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərə sanki saymazyana münasibət yaranıb. Yəni, belə demək mümkünsə bu neftin bizə verdiyi lənətdir. Yəni, bu neftin qara üzüdür, fəsadlarıdır. Əslində, biz bu halı neftlə zəngin əksər ölkələrdə görürük. Venesuelada, Türkmənistanda, Nigeriyada. Təbi ki, Norveçdən başqa. Yəni, neftlə zəngin ölkələrin bu cərəyanı Azərbaycanda da özünü açıqca göstərir…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG