Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:43

"Valyuta ehtiyatımız 26 milyard dollardan çoxdur"


«Bu gün Azərbaycan Dövlət Neft Şirkəti nəinki regionda, dünya miqyasında çox böyük nüfuza malik olan beynəlxalq səviyyəli şirkətdir».

«APA»-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Bakının Heydər Əliyev prospektində ARDNŞ-ın yeni inzibati binasının təməlqoyma mərasimində deyib.

Prezident bildirib ki, bu yaxınlarda «Azəriqaz» və «Azərikimya» şirkətlərinin ARDNŞ-ın tabeçiliyinə verilməsi nəticəsində işlərin daha da səmərəli aparılması üçün lazımi addımlar atılıb:

«Bu gün Azərbaycanda qazlaşdırma prosesi uğurla gedir. Qarşıya məqsəd qoyulub ki, qazlaşdırma ölkəmizin 90 faizini əhatə etsin. Bizdən qat-qat çox qaz hasil edən ölkələrdə bu faizin aşağı olduğunu nəzərə alsaq, çox böyük göstəricidir. Biz qazlaşdırmanı 90 faizə çatdırsaq, demək olar ki, bütün bölgələr və bütün əsas yaşayış məntəqələri qazla təmin olunacaq. İndi həm yeni xətlər çəkilir, həm də köhnə xətlər yeniləri ilə əvəzlənir və itkilər azalır. Bu gün kimya sənayesində yeni təşəbbüslərin irəli sürülməsi nəticəsində qarşımızda yeni imkanlar açılır. Biz çox istəyirik ki, yaxın zamanlarda Azərbaycanda yeni, müasir neft-kimya kompleksi tikilsin. Bu, çox böyük vəsait tələb edən layihədir. Dövlət Neft Şirkətində bu layihə üzərində işləyirlər və yaxın zamanlarda yəqin ki, təqdimat olacaqdır. Beləliklə, biz Azərbaycanın enerji potensialından daha da səmərəli şəkildə istifadə edəcəyik. Eyni zamanda yeni iş yerlərinin açılmasına da nail olacağıq».

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanın qaz anbarlarında 2 mlrd. 500 mln. kubmetr qaz yığılıb:

«Bu da tarixi nailiyyətdir. Bu günə qədər heç vaxt belə olmamışdı. Eyni zamanda ixrac imkanlarımız, onun coğrafiyası genişlənir. İmzalanmış kontraktlar və anlaşma memorandumları imkanlarımızı göstərir. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır, – həm şirkətlərin, həm də ölkələrin – biz də buna çox müsbət yanaşırıq. Çünki bu, maraqlarımıza uyğundur. Enerji siyasətimiz çox açıqdır, aydındır, birmənalıdır və səmimidir. Bunun bir məqsədi var ki, Azərbaycanın maraqları tam şəkildə təmin olunsun və Azərbaycan həm siyasi, həm iqtisadi amildən istifadə edərək daha da güclü ölkəyə çevrilsin. Biz enerji resurslarımızdan dostluq münasibətlərimizin möhkəmləndirilməsində istifadə etmək istəyirik. Bizim əsas məqsədimiz budur. Biz enerji amilindən heç vaxt başqa məqsədlər üçün istifadə etməmişik və etməyəcəyik. Təbii resurslarımıza ehtiyacı olan ölkələr bunu yaxşı bilirlər və mənim sözlərimi təsdiqləyə bilərlər».

Prezident İlham Əliyev əlavə edib ki, bu gün Azərbaycan Dövlət Neft Fondunda 20 milyard dollardan artıq vəsait toplanıb:

«Bizim ümumi valyuta ehtiyatlarımız 26 milyarddan çoxdur. Onun yeganə mənbəyi Dövlət Neft Şirkətinin fəaliyyətidir. İndi mən müqayisə aparmaq istəmirəm, amma başqa ölkələrdə də hasilatın pay bölgüsü kontraktları imzalanıb. Biz bütün o şərtləri bilirik və görürük ki, ölkəmiz üçün, yəni dövlət üçün ən məqbul şərtlər məhz Azərbaycanda təmin olunub».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG