Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:32

Daşnaklar Bakıda


Luis Ayala
“Biz Qafqazdakı münaqişələrlə bağlı öz mövqeyimizi bildirmək və bu mövzuda fikir mübadiləsi aparmaq üçün bura yığışmışıq”.

Bu sözləri oktyabrın 11-də solçu partiyaların beynəlxalq ittifaqı olan “Sosintern”in (Beynəlmiləl Sosialistlər) baş katibi Luis Ayala Bakı Biznes Mərkəzində deyib. Onun sözlərinə görə, MDB, Cənubi Qafqaz və Qara dəniz hövzəsi üzrə Regional Komitəsinin iki günlük konfransında onlar regionda münaqişələrin sülh yolu ilə həlli və təhlükəsizlik məsələlərini, habelə bəzi MDB ölkələrində qarşıda duran parlament seçkilərini müzakirə edəcəklər.

Dağlıq Qarabağ problemi barədə danışan baş katib, Azərbaycan və Ermənistan hökumətlərinin danışıqlar prosesini davam etdirdiyini, problemin həllində siyasətçilərin rolunun mühüm olduğunu deyib. O, “Sosintern”in münaqişənin həllinə yönəlmiş dialoq üçün platforma yaratmaq niyyətində olduğunu açıqlayıb.

“SOSİNTERN”İN TÖHFƏSİ


Birinci belə toplantının bu ilin iyun ayında Yerevanda keçirildiyini xatırladan L.Ayala, Bakı toplantısının ikinci iclas olduğunu söyləyib:

“Ümid edirəm ki, belə tədbirlər dialoqun aktivləşməsinə kömək edəcək”.

Luis Ayala deyir ki, münaqişələrin nizamlanması üzrə real qərarların qəbulu hökumətlərdən və dövlətlərdən asılıdır. Lakin bu qərarların həlli üçün əlverişli mühiti siyasətçilər yaratmalıdırlar və bu mənada Sosintern öz töhfəsini verə bilər.

Araz Əlizadə
Yığıncaqda iştirak etmək üçün Bakıya gələn Yunanıstan, Ukrayna, Gürcüstan, Rusiya, Macarıstan və digər ölkə solçularının nümayəndələrinə Ermənistandan da bir qrup adam qoşulmuşdu. Qrupa Dağlıq Qarabağ münaqişəsinin həllində radikal mövqe tutan Daşnaksütun Partiyasının siyasi məsələlər üzrə ofis rəhbəri Kiro Manoyan da daxil idi.

QAT-ın ETİRAZI


Konfrans işinə başlayan ərəfədə isə Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri Bakı Biznes Mərkəzinin qarşısında erməni nümayəndə heyətinin Azərbaycana səfərinə etiraz ediblər.

Aksiyaçılar ərazidəki polisin müqavimətini yarıb konfrans zalına daxil olublar, ancaq erməni nümayəndə heyəti o dəqiqələrdə hələlik iclasa qatıla bilməyibmiş. Çünki nümayəndələr Bakı aeroportunda saxlanıblar. Sosinterinin üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə AzadlıqRadiosuna bildirib ki, erməni nümayəndə heyətinin üzvü Mario Nalbandyan Argentina vətəndaşı imiş, amma Ermənistan tərəfi bu barədə məlumat vermədiyindən aeroportda viza problemi yaranıbmış.

Araz Əlizadə Ermənistan nümayəndə heyətinə də aeroportda baş verənlərlə bağlı üzrxahlıq edib, bunun siyasi məsələ olmadığını bir daha vurğuladı.

Konfransda Yunanıstan, Ukrayna, Gürcüstan, Rusiya, Macarıstan, Ermənistan və s. ölkələrdən solçular iştirak edirlər
Kiro Manoyan isə çıxışında bildirdi ki, onlar Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyə başlayıblar və bu da münaqişənin həlli yolunda bir qığılcım sayıla bilər.

ARAZ ƏLİZADƏDƏN KİRO MANOYANA CAVAB

K.Manoyan Azərbaycanın neft resursları hesabına zənginləşdiyini və bunun fonunda ölkənin insan haqları və demokratiya ilə bağlı problemlərinin olduğunu diqqətə çatdırdı. Onun fikrincə, Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın hissəsi olmayıb, bu bölgə Sovet Azərbaycanının tərkibində olub və Sovet ölkəsi dağılanda tarixi proses baş verib.

Araz Əlizadə isə bu mövqeyə etiraz etdi. Bolşevik inqilabından əvvəl nə Azərbaycan, nə də Ermənistan dövlətinin olduğunu, əksinə, Qarabağ, İrəvan xanlıqlarının mövcudluğunu xatırlatdı və tarixə qısaca ekskursiya etdi.

Kiro Manoyan isə deyir ki, erməni tərəfi Azərbaycanın “əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı əhalisi öz yurdlarına qayıtmalı, status məsələsinə yalnız bundan sonra baxılmalıdır” təklifi ilə razı deyil:

“KOMPROMİS EYNİ SƏVİYYƏDƏ OLMALIDIR”

“Kompromis hər iki tərəfdən və eyni səviyyədə olmalıdır. Və onun nəticələri də indidən görünməlidir, gələcəkdə deyil”.

Amma o hesab edir ki, tərəflər arasında dialoq vacibdir:

Kiro Manoyan
“Münaqişənin həlli üçün belə görüşlərə ehtiyac var. Danışıqlar ölkə liderləri tərəfindən aparılır. Amma belə tədbirlər də bir növ dialoqdur və Dağlıq Qarabağ probleminin həlli yolunda çox vacib addımdır”.

“Əgər erməni tərəfi hesab edirsə ki, münaqişənin nizamlanmasının yeganə yolu Qarabağın müstəqilliyinin tanınmasıdır, o zaman müharibənin başlayacağını istisna etmək olmaz”, - Araz Əlizadə isə belə deyib.

Türkiyə ilə Ermənistanın sərhədlərinin açılması məsələsiylə bağlı jurnalistlərin suallarına cavabında Kiro Manoyan bildirdi ki, Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollar icra olunmayıb, münasibətlərin normallaşdırılması prosesi baş verməyib. Onun sözlərinə görə, protokolların icra olunmaması Türkiyənin Dağlıq Qarabağ problemi ilə bağlı ön şərt irəli sürməsi ilə bağlıdır:

“TÜRKİYƏ ÖN ŞƏRT İRƏLİ SÜRMƏMƏLİDİR”

“Ümid edirəm ki, gələcəkdə Türkiyə ilə Ermənistan arasında dialoq olacaq. Amma Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin yaranması üçün Türkiyə ön şərt irəli sürməməlidir. Türkiyənin belə bir şərti olsa, iki ölkə arasında münasibət yaranmayacaq”.

MİLLİ QƏHRƏMANIN MEYİTİ “YAŞIL ZONA”DADIR?

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitinin qaytarılmasıyla bağlı sualın cavabında Kiro Manoyan deyib ki, Ermənistanın mövqeyinə görə, meyit “yaşıl zonada”dır. Başqa cür olsaydı, meyiti qaytarardılar. Deməli, meyit Qarabağ ərazisində deyil, neytral zonadadır və Azərbaycan onu götürə bilər.

K.Manoyan meyitin götürülməsi üçün təhlükəsizliyə təminat olub-olmaması barədə suala cavabında bunun Beynəlxalq Qızıl Xaç Komitəsinin səlahiyyətinə aid olduğunu deyib. Onun sözlərinə görə, bu məsələni onlar həll edə bilərlər, amma indi onlar öz funksiyalarını yerinə yetirmirlər.

“Sosinter”in regional yığıncağı iki gün davam edəcək.
XS
SM
MD
LG