Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 17:11

Ötən parlament seçkilərindən nə dəyişib?


Mirəli Hüseynov
Bu suala «Panorama» verilişində Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nümayəndəsi Məhərrəm Zülfüqarlı cavab veriblər. Onlar ötən və builki parlament seçkilərindəki imzatoplama mərhələləri arasında paralellər aparmaqla 5 il ərzində baş verən dəyişikliklərdən bəhs ediblər.

DAİRƏ QAPANIR…

Mirəli Hüseynov:

«2005-ci il parlament seçkilərində indi ilə müqayisədə cəmiyyətin azad və ədalətli seçkilərə inamı daha çox idi. Tək müxalifətdən yox, elə bitərəf düşərgədən də xeyri insanlar parlamentə düşməyə iddia edirdilər. Ancaq seçkilərdə bu inam sarsıldı. Üstəlik, son illər Seçki Məcəlləsinə bir sıra antidemokratik dəyişikliklər seçkilərə inamı bir qədər də sarsıtdı. Mən kampaniya müddətinin, təşviqat müddətinin azalmasını və bir sıra başqa dəyişiklikləri nəzərdə tuturam. İndi cəmiyyətdə azad və ədalətli seçkilərə inam az olduğundan parlamentə düşmək iddiasında olan insanlar da xeyli azalıb. Artıq ilk baxışdan belə görünür ki, 5 il əvvəllə müqayisədə seçki şikayətləri azalıb. Ancaq belə deyil. Sadəcə, indi rəqabət mühiti xeyli məhdudlaşıb. Belə götürəndə şikayətlər yenə var. Əsasən də bitərəf və müxalif namizədlərdən. Seçki komissiyaları açıq sifarişlə işləyir. Müxalif namizədlərin imza vərəqələri polisdə, icra hakimiyyətlərində təftiş edilir. Seçki komissiyaları sifarişlə işləmirsə, müxalif və bitərəf namizədlərin seçki vərəqlərinin polisdə, icra hakimiyyətlərində nə işi var?
Məhərrəm Zülfüqarlı
Ciddi etirazların olmaması, total biganəliyin hökm sürməsi isə avtoritarizmə xas xüsusiyyətdir…»

«MÜXALİFƏT RADİKALLIQDAN ƏL ÇƏKİB…»


Məhərrəm Zülfüqarlı:

«5 il əvvəl müxalifət daha radikal idi. Komissiyaların işinə qatılmamaqla, seçkiləri boykot etməklə nəyəsə nail olacaqlarını düşünürdülər. Ancaq indi müxalifət radikallıqdan əl çəkib. Müxalifət 5 il əvvəlki gücdə deyil və bu məsələdə tək hakimiyyəti günahlandırmaq düzgün olmaz. Yada salın, əvvəllər onların birinin qərargahı əlindən alınanda o biri onu müdafiə etmirdi. Əksinə, bundan sevinirdilər. Daxili çəkişmələr onları xeyli gücdən saldı. Seçkilərdə qələbə çalmaq üçün 3 resursun olması şərtdir. Bunların birincisi maddi resursdur, ikincisi insan resursudur, üçüncüsü isə vaxt resursudur. 5 il əvvəli yada salsaq onda seçki şikayətləri daha çox idi. İndi şikayətlər xeyli azalıb. Təzyiqlər çox olsaydı, onda şikayətlər də çox olardı. Demək, indi daha konstruktiv, daha demokratik mühit yaranıb…».

XS
SM
MD
LG