Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:34

Azərbaycan və Ermənistan nümayəndələri görüşüblər


Oktyabrın 7-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) sessiyası çərçivəsində Assambleya sədrinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə AŞ PA sədri Mövlud Çavuşoğlu da olub.

Görüşdə hər iki ölkənin AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri Səməd Seyidov və David Arutyunyan iştirak ediblər.

Bundan başqa, hər iki nümayəndə heyətindəki müxalifətçi deputatları Sabir Hacıyev və Armen Rustamyan da görüşdə olublar.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu danışıqlarda ortaya qoyulan məsələnin konstruktiv müzakirəsinə nail olduqlarını bildirdi:

“Ona görə ki, bizim əsas məqsədimiz, Dağlıq Qarabağ problemini gündəmdən çıxartmamaq, daima AŞ-nın gündəliyində saxlamaq, Dağlıq Qarabağ problemi ilə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar humanitar məsələlərin müzakirə olunmasıdır.

Bu sessiya ərzində iki dəfə gedən görüşlər onu göstərdi ki, AŞPA-da 2005-ci ildə qəbul olunmuş qətnamə öz həllini tapmalıdır, orada göstərilən bəndlər implementasiya olunmalıdır və bunun yolları AŞ-nin gündəliyindən çıxarılmamalıdır. Biz qərara gəldik ki, bu cür görüşləri davam etdirək. Çox güman ki, AŞPA Bürosunun Anyalya ya da Parisdəki növbəti iclasında bu məsələni müzakirəsinə nail üçün bir daha gündəmə gətirəcəyik. Faktiki olaraq, bir neçə müddətdir ki, hər sessiyada bu görüşləri keçiririk. Bu özü o deməkdir ki, Dağlıq Qarabağ problemi AŞ-də ən yüksək səviyyədə müzakirə olunur. Sizi əmin edə bilərəm ki, belə görüşlər davam edəcək. Həm Büronun iclasında, həm də AŞPA sədrinin rəhbərliyi altında müzakirə olunacaq. Bu bir daha ona dəlalət edir ki, bu məsələni nə qədər gündəmdən çıxarmağa çalışsalar da, bu mümkün olan şey deyil”.

AŞPA sədrinin rolu ilə bağlı millət vəkili bildirdi ki, AŞPA sədrinin millətindən, mövqeyindən asılı olmayaraq bütün AŞ-na üzv ölkələrinin mövqeyini ortaya qoyur:

“Bu mövqe 2005-ci ildə qəbul edilmiş qətnamə vasitəsilə öz ifadəsini tapıb və bu gün AŞPA sədri məhz qətnamənin həyata keçirilməsi ilə bağlı öz səylərini ortaya qoyub. Burada milli mənsubiyyətin bu məsələyə aidiyyatı yoxdur”.

Alt Komitənin fəaliyyətinin bərpasına dair suala cavab verən Səməd Seyidov bu Komitənin faktiki olaraq fəaliyyət göstərdiyini də qeyd etdi:

“Hər sessiyadan sessiyaya bu görüşlər gedir. O ki qaldı hanasısa formada bu məsələnin genişlənməsi, əminəm ki, bu da olacaq. Gəlin hadisələri qabaqlamayaq. Bunlar o qədər də asan məsələlər deyil. İndi danışıqlar gedir və sonda masanın üzərində 2005-ci ildə qəbul edilmiş qətnamə var. Onun bəndlərində isə konkret məsələlər var və biz də onların həyata keçirilməsi ilə məşğul olacağıq”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG