Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Zavodda baş verən partlayış Avropanı ayağa qaldırıb


Budapeştdən təxminən 160 kilometr aralıda yerləşən rezervuarın dağılması səbəbi hələ də naməlum qalır
Budapeştdən təxminən 160 kilometr aralıda yerləşən rezervuarın dağılması səbəbi hələ də naməlum qalır
Macarıstanın metal zavodunda baş verən partlayışdan sonra zəhərli tullantı seli ətraf şəhərlərə ziyan vurmaqdadır. İndiyə qədər 4 adam ölüb, 3 adam itkin düşüb. Alüminium zavodunun zəhərli tullantılarının olduğu rezervuarın divarının uçması səbəbindən yüzlərlə adam evakusiya edilib. Ətrafdakı axar sulara qarışan toksik maddə minlərlə balıq və heyvanın tələf olmasına da səbəb olub.

Ekoloji fəlakət nəticəsində yüzlərlə adam kimyəvi yanıq alıb. Üç Qərb ölkəsində fövqəladə vəziyyət élan edilib.

Hadisədən 3 gün keçməsinə baxmayaraq, paytaxt Budapeştdən təxminən 160 kilometr aralıda yerləşən rezervuarın dağılması səbəbi hələ də naməlum qalır.

Macarıstanın baş naziri Viktor Orban fəlakətlə bağlı cinayət istintaqının başlandığını bildirib:

BU TƏBİİ FƏLAKƏT DEYİL


- Mən Daxili İşlər Nazirliyinə göstəriş vermişəm ki, təhqiqata başlasın və hadisənin cavabdehlərini tapsın. Bu fəlakətin, hər hansı təbii səbəbdən baş verə biləcəyi ilə əlaqədar işarə yoxdur. Əgər bu fəlakət təbii deyilsə, demək onun səbəbkarı insanlardır. Biz faciəyə görə məsuliyyət daşıyan və maddi ziyan vuranın kim olduğunu bilmək istəyirik.

Baş nazir qeyd edib ki, hadisədən iki həftə əvvəl zavodda aparılan yoxlamalar zamanı nasazlıq aşkarlanmayıb. Yerli polis nümayəndəsi isə “Associated Press” Agentliyinə iş yerində ehtiyatsızlığın hadisənin mümkün səbəbi ola biləcəyini deyib.

Hadisə zamanı ölənlərin 4-ü də zavoda yaxın Kolontar şəhərinin sakinlərdir. Bir çox şəhər sakininin dolanışığı məhz bu zavodla bağlıdır.

GÜCLÜ AXIN VARDI

Sakinlərdən biri “qırmızı şlamın” dağılmasını belə xatırlayır:

- Mən 45 dəqiqə ərzində çamurun içində qalmışam, güclü axın vardı, az qalmışdı məni yuyub aparsın. Ancaq darvazanın ağac parçasından tuta bilmişdim. Bununla belə, güclə nəfəs alırdım, çünki hava, köpük mənə toxunurdu. Bunun nəyə bənzədiyini bilirəm, 17 il boksit zavodunda işləmişəm.

Parlaq qırmızı rəngli tullantının içindən və ölü heyvan cəsədlərinin yanından rezin çəkmə ilə keçən digər sakin də şəhərin bərpa ediləcəyinə şübhə ilə yanaşır:

BURDA HƏYAT OLMAYACAQ

“99 faiz burda həyat olmayacaq”
- Mənə elə gəlir ki, bundan sonra burda həyat olmayacaq. 99 faiz burda həyat olmayacaq, hazırda vəziyyət belə görünür.

Ölkənin Ətraf Mühit naziri bildirib ki, tullantıların təmizlənməsi bir il çəkə bilər. Hələlik fəlakət Macarıstanın bir hissəsində cərəyan edir, ancaq rəsmilər fəlakətin genişlənəcəyindən narahatdırlar.

Macarıstanın Su Nəzarəti İdarəsinin hesablamasına görə, zəhərli tullantı 5 gündən sonra Avropanın əsas su yolu - Dunay çayına çata bilər. Ancaq bu gün toksik tullantıların Dunayın qollarından biri Moşoni-Dunaya keçdiyi məlum olub. Bu qol çayın əsas yatağından 10 kilometrlik məsafədə yerləşir.

AVROPA BİRLİYİ ÖLKƏLƏRİ BUDAPEŞTİ ƏLİNDƏN GƏLƏNİ ETMƏYƏ ÇAĞIRIB

Dunay çayı Macarıstandan cənubunda Qara dənizə çatmamış Xorvatiya, Serbiya, Rumıniya, Bolqarıstan, Ukrayna və Moldovadan keçir. Avropa Birliyi ölkələri Budapeşti zəhərli tullantıların Dunay çayına düşməməsi üçün əlindən gələni etməyə çağırıb.

Dunayın Müdafiəsi üzrə Beynəlxalq Komissiyanın nümayəndəsi Peter Weller bildirib ki, kimyəvi tullantının sərhədi keçəcəyinə inanmır. Bununla belə, zəhərli axıntının sərhədi keçəcəyi təqdirdə qida yolu ilə daha çox insanı əhatə edəcəyini ehtimal edir.

Belə fikirlər də var ki, Macarıstanın bu miqyasda ekoloji fəlakətin qarşısını almaq imkanı yoxdur. Hətta tullantı axınının qarşısı alınsa da, səhiyyə və ekoloji problemlərin qalacağı bildirilir. Hazırda isə fəlakətin baş verdiyi ərazidə təmizləmə işləri aparılır. Mütəxəssislər çay sularına qarışaraq ətrafa yayılan ağır metal axıntılarının, bölgə sularının həyatını tamamilə məhv edə biləcəyinə də diqqət çəkir.

/Tərcümə etdi: Sevinc Hüseynzadə/

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG