Keçid linkləri

2025, 12 Fevral, çərşənbə, Bakı vaxtı 05:34

İran rəsmilərinin Bakı yürüşü


İranın müdafiə naziri Əhməd Vahidi
İranın müdafiə naziri Əhməd Vahidi
Gələn həftədən başlayaraq İrandan Azərbaycana yüksək səviyyəli dövlət məmurlarının səfəri gözlənir. Müdafiə naziri Əhməd Vahidi oktyabrın 11-12-də Azərbaycanda işgüzar görüşlər keçirəcək. Noyabrda isə hətta İran prezidenti Mahmud Əhmədinejadın səfəri nəzərdə tutulub. Parlamentin spikeri Ali Laricani də Azərbaycana gələcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov İranın ali rütbəli dövlət məmurlarının səfər proqramı və görüşlərdə müzakirə edəcəkləri məsələlər barədə detallı məlumat vermir, amma deyir ki, belə yüksək səviyyəli görüşlər Azərbaycan-İran münasibətlərinin inkişafına müsbət töhfəsini verəcək:

- Hər iki ölkə arasında səfərlər intensivləşib və bu da gündəmdə duran məsələlərin həlli üçün münbit şərait yaradır.

İLHAM ƏLİYEVDƏN MESAJ?

Söhbət etdiyimiz ekspertlərin isə İran rəhbərliyinin səfərinə yozumu fərqlidir, bəziləri hesab edir ki, İran prezidenti Cənubi Qafqazda özünə yeni siyasət düzənləyir, digərlərinin fikrincə, səfərlərin özəyində İranın Qəbələ RLS-in istifadəsində iştirak arzusu durur.

Siyasi şərhçi Sədrəddin Soltanın fikrincə isə, ABŞ səfərindən qayıdan Azərbaycan prezidenti İlham Əliyev hansısa mesajlar gətirə bilər:

- O səfərin ölkə ictimaiyyətinə bəlli olmayan məqamları da var təbii ki. Hər halda Azərbaycan ABŞ-la özünü müttəfiq hesab edir.
Sədrəddin Soltan
Əliyevlə Obama arasında olan danışıqların hansısa nüansını burda müzakirə edə bilərlər.

İRAN TƏKLƏNMƏKDƏN QORXUR?

Beynəlxalq sanksiyalardan sonra İran təklənmə təhlükəsini hiss edib Cənubi Qafqazda diplomatik addımlar atır. Bunu isə “İnkişafa Baxış» Araşdırmalar Mərkəzinin sədri Niyaz Yaqublu deyir. Amma onun fikrincə, Azərbaycanla İran arasında rəsmi səfərlər intensivləşsə də, İran Azərbaycana qarşı münasibətinin fundamentini dəyişməyib, yəni bu ölkə üçün Azərbaycanın siyasi varlığı, iqtisadi güclənməsi bir o qədər də arzuolunan deyil.

Ona görə də, Azərbaycan-Türkiyə arasındakı münasibətlərin sıcaqlığını İranla münasibətlərə transfer edəcəyini düşünmək sadəlövhlük olardı. Niyaz Yaqublu deyir ki, əslində bu iki ölkə arasındakı münasibətlərdən danışanda daha çox İranın Azərbaycandakı aktivliyindən danışmaq lazımdır:

- İran burda həm orta biznesdə, həm də mədəni sahələrdə aktivdir. Siyasi həyatda da aktiv olmağa can atır. Amma Azərbaycanın İranda iştirakında isə bu mənzərəni görmürük.

Beynəlxalq sanksiyalara baxmayaraq, Azərbaycanın İranla münasibətində kəskin addımlar atmamasını isə siyasi şərhçi Sədrəddin Soltan belə izah edir ki, Azərbaycan kimi ölkələrin İrana qarşı çıxması üçün əvvəlcə öz təhlükəsizliyinə təminatı olmalıdır.

İRAN-ABŞ-RUSİYA VƏ QƏBƏLƏ RLS

Üzeyir Cəfərov
Hərbi şərhçi Üzeyir Cəfərov isə bildirir ki, indi İranın Azərbaycanla bağlı münasibətində öz təhlükəsizliyindən narahatlığı var. O, İran müdafiə nazirinin də ölkəyə gözlənən səfərini bu kontekstdə izah edir:

- İranı ən çox narahat edən bizim regionda Amerika kontingentinin iştirakıdır. Bilirsiz ki, Rusiya ABŞ-a Qəbələ RLS-ni birgə istifadə etmək təklifini verib. İranı da narahat edən odur ki, Amerika qoşunları regiona gələ bilər və İrana təhlükə yarana bilər. Ancaq Azərbaycanın da öz milli maraqları var və bu məsələdə konkret qərarlar 2011-ci ilin birinci yarısında məlum olacaq.

Bu ilin yazında isə İranın Daxili İşlər naziri Əli Abdullah deyib ki, heç bir xarici ölkəyə İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxiləyə imkan verilməyəcək. Onun sözlərinə görə, «bəziləri hər iki ölkənin münasibətlərinə təsir etmək istəyirlər».

İran bir neçə aydır ki, Azərbaycana viza rejimini də ləğv edib.
XS
SM
MD
LG