Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:20

Eldar Sabiroğlu: «Kəşfiyyatçını öldürmürlər»


Eldar Sabiroğlu
Eldar Sabiroğlu
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanda əsirlikdə olan erməni Manvel Mamikonoviç Sarıbekyanın qəsdən öldürüldüyünü iddia edir. Bu ölkənin “Panarmenian.net” rəsmi saytında yayılan məlumatda nazirlik Sarıbekyanın ölümünü cinayət adlandırır və onun məsuliyyətinin Azərbaycanın üzərinə düşdüyünü vurğulayır.

Azərbaycan Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun birgə yaydığı məlumata görə isə Manvel Sarıbekyan oktyabrın 5-də gecə saat 3-də özünü asaraq intihar edib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu AzadlıqRadiosuna eksklüziv müsahibəsində deyilənlərə münasibət bildirib:

HEÇ BİR DÖVLƏT BELƏ ETMİR

- Adətən kəşfiyyatçını öldürmürlər. Yaxşı mənbə olduğu üçün ondan istifadə edirlər. Heç bir dövlət belə etmir. Azərbaycana isə bu ümumiyyətlə xas olan iş deyil. Manvel Sarıbekyan müəmmalı şəraitdə özünü öldürüb. O, kəşfiyyatçı-diversant idi. Ola bilsin ki, görüntüləri televiziyada yayımlanandan sonra ciddi narahatçılıq keçirib.

Eldar Sabiroğlunun sözlərinə görə, Sarıbekyanın geri qaytarılması məsələsi hələlik müzakirə predmeti kimi gündəlikdə olmasa da, o, nə vaxtsa qaytarılacağından ehtiyatlanıb belə bir addım ata bilərdi. Çünki, bu kəşfiyyatçılara xas olan hərəkətdir:

MANVEL SARIBEKYAN BAŞQA BİR ERMƏNİ ƏSİRLƏ BİRLİKDƏ QALMAQDAN İMTİNA EDİB

- Mənim bildiyimə görə, Manvel Sarıbekyana başqa bir erməni əsirlə birlikdə qalmaq təklif olunsa da, o bundan qəti imtina edib. Əsgəri öldürmək, aylarla meyitdən qisas almaq Ermənistana xas olan hərəkətdir.

Müdafiə Nazirliyinin sözçüsü əlavə edir ki, Ermənistan tərəfi əsirin öldürüldüyünü iddia edən məlumatlar yaymaqla dünyaya guya Azərbaycanda əsirlərlə pis rəftar olunduğunu bildirmək istəyir:

ONU NİYƏ ÖLDÜRMƏLİYİK?


- Əgər erməni əsirlərlə pis rəftar olunursa, niyə onda 5 nəfərdən ibarət bir ailə, 6 nəfər isə hərbçi könüllü olaraq Azərbaycan tərəfə keçib? Niyə onlarla yox, məhz kəşfiyyatçı ilə belə rəftar olunsun? Əksinə biz onların yaşamının məsuliyyətini də dərk edirik. Belə olan halda niyə onu öldürməliyik? O intihar edib. Və Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluğun bu barədə birgə məlumatında hər şey tam dəqiqliklə göstərilib.

Eldar Sabiroğlu hesab edir ki, Ermənistan bundan sonra da Sarıbekyanın ölümü ilə bağlı müxtəlif uydurmalar yayacaq, beynəlxalq təşkilatlara müraciətlər edəcək:

ERMƏNİSTAN TƏRƏFİNİN AZƏRBAYCANLI HƏRBİ ƏSİR VƏ GİROVLARI NECƏ QƏTLƏ YETİRDİYİ BARƏDƏ ƏLİMİZDƏ XEYLİ FAKTLAR VAR

- Amma sual olunur ki, 4 aydan çoxdur gizir Mübariz İbrahimovun, 1 aya yaxındır zabit Fərid Əhmədovun meyitini niyə verməyib özlərində saxlayırlar? 1992-ci ildən bəri Ermənistan tərəfinin azərbaycanlı hərbi əsir və girovları necə işgəncələrlə qətlə yetirdiyi barədə əlimizdə xeyli faktlar var. Digər tərəfdən, biz heç zaman bu məsələdə Ermənistan Müdafiə Nazirliyini ittiham etməmişik. Çünki Manvel Sarıbekyan əsgər deyildi. O, Ermənistan Silahlı Qüvvələrindən 4-5 ay idi ayrılmışdı. Özünün də etiraf etdiyi və istintaq materiallarında tam sübuta yetirildiyi kimi, o xüsusi xidmət orqanlarının birinə qulluq göstərib və həmin qurumun tapşırığı ilə cəbhə xəttini keçib.

Eldar Sabiroğlu Ermənistanın müdafiə naziri Ohanyanın Azərbaycanda olan 6 əsgərin taleyi ilə yox məhz Sarıbekyanla maraqlanmasının da sual doğurduğunu deyir:

OHANYANI NARAHAT EDƏN NƏDİR?

- Biz Sarıbekyanın Ermənistan Müdafiə Nazirliyinin xüsusi xidmət strukturlarına aid olduğu barədə heç bir açıqlama verməmişik. Ohanyan isə dəfələrlə Sarıbekyanın geri qaytarılması barədə bəyanatla çıxış edib. Onu narahat edən nədir? Nə üçün ona aid olmayan əsiri tələb edir?

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Azərbaycan əsirlərlə beynəlxalq konvensiyalar, insan hüquqları və humanitar prinsiplər çərçivəsində davranır. Azərbaycanda əsirlikdə olanlar dəfələrlə televiziyalarda nümayiş etdirilib. Onlara işgəncə verilsəydi, bu, görkəmlərindən hiss olunardı:

YEYİB-YATIRLAR BURADA

- Əlimizdə olan 3 uşaqlı ailə və 6 hərbi əsir Ermənistana qayıtmaqdan imtina edirlər. Deyirlər bizi göndərin 3-cü ölkəyə, Ermənistana qaytarsanız ya öldürəcəklər, ya da 14-15 il həbsxanada çürüdəcəklər. Hətta biz onlara – bəlkə Ermənistanda düşündüyünüz kimi olmadı - deyə soruşanda etiraz edirlər. Deyirlər əvvəlki əsirlər qaytarılanda onlarla necə rəftar edildiyinin şahidi olmuşuq. Hələ ki, 3-cü ölkə də bunları himayəyə götürmür. Bilmirik neyləyək. Yeyib- yatırlar burada.

Azərbaycan Müdafiə Nazirliyinin bu ilin sentyabrında yaydığı məlumata görə, Manvel Sarıbekyan həmin ayın 11-də təmas xəttinin şimal-qərb istiqamətində kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla Azərbaycan Silahlı Qüvvələri tərəfindən yaxalanıb. Təmas xəttini onunla birlikdə keçən digər 3 nəfər isə qaçmağa müvəffəq olub.

Sarıbekyan televiziya ilə nümayiş olunan kadrlarda Azərbaycanın nəzarət etdiyi ərazilərə Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında keçdiyini bildirirdi. Ermənistan tərəfi isə onun hərbçi yox, adi çoban olduğunu, yolu azıb sərhəddi keçdiyini və həmin ifadəni də təzyiq altında verdiyini iddia edir.
XS
SM
MD
LG