Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:38

Futbol meydançası şumlanıb


Ceyranbatan qəsəbəsinin sakini Sərvər Əliyev AzadlıqRadiosunun «Qaynar xətt»inə qəsəbədəki futbol meydançasının satılmasından şikayət edib. Onun sözlərinə görə, yaxın vaxtlara qədər qəsəbədəki uşaqlar bu meydançaya yığışar, futbol yarışları keçirərlərmiş. Ancaq günlərin bir günü meydançaya gələndə görüblər ki, ərazi torla hasarlanıb, meydançada traktor işləyir. Nə skamyalar, nə də top vurulan qapı yerində yoxdur. Uşaqların məyusluğu böyükləri məcbur edib ki, məsələni araşdırsınlar. Və bəlli olub ki, bələdiyyə sədri stadionun ərazisini iş adamlarına satıb:

ETİRAZ EDƏRSƏN, HƏBS OLUNARSAN

«O stadion 1958-ci ildən fəaliyyət göstərirdi, orada yarışlar keçirilirdi, uşaqlarımız futbol oynayırdılar, asudə vaxtlarını keçirirdilər. Gəldilər qazdılar tökdülər, Prezident Aparatına, ora-bura yazdıq-pozduq, işi dayandırdılar. Bir aya yaxındır ki, yenə fəaliyyətə başlayıblar, stadionun ərazisinə traktor salıblar. Bələdiyyə sədri oranı Elxan Bədəlov və Abbas adlı şəxslərə satıb. O adamlar da deyirlər ki, biz burda hündür mərtəbəli bina tikmək fikrində deyilik, torpağın sotunu 7 min manatdan satacağıq. Cavanşir Zeynalova 300 minə yaxın pul vermişik, buranı satıb pulumuzu çıxartmaq istəyirik. Siz ora-bura yazırsınız, imkan vermirsiniz ki, işimizi görək. İndi stadionun ətrafına dirəklər basdırılıb, torla hasara alınıb».

Sərvər Əliyev deyir ki, stadionun uzunluğu təqribən 100, eni 60-70 metr olar. Kim etirazını bildirirsə bələdiyyə sədri onu tutdurmaqla hədələyir. Şikayətçinin deməsinə görə, bələdiyyə sədrinin hədələri ondan da yan ötməyib:
Vəkil Anar Qasımov


«75 yaşında atamı və məni polis şöbəsinə apardılar, orda məni hədələdilər ki, səni həbs edərik, bu vasitələrlə qorxudurlar ki, şikayətçi olmayaq».

«BƏLƏDİYYƏ ÖZ MÜLKİYYƏTİNİN SAHİBİDİR»


Bələdiyyə sədri Cavanşir Zeynalovsa deyir əvvəla satılan yer futbol meydançası olmayıb, ikincisi, qanun bələdiyyənin balansında olan torpağın bələdiyyə tərəfindən satılmasına icazə verir:

«Futbol meydançası yoxdur axı. Bu, bələdiyyənin torpağıdır, bələdiyyə də öz mülkiyyətinin sahibidir, ondan istifadə etmək, sərəncam vermək birbaşa bələdiyyənin səlahiyyətindədir. Həmin ərazi bələdiyyənin sırf mülkiyyətidir. Orda heç bir stadiondan söhbət gedə bilməz, ətrafında da fərdi evlər tikilib. Bu gün bələdiyyənin öz mülkiyyətindən istifadə etmək, hərraca çıxarıb satmaq onun səlahiyyətindədir. Ərazini hərraca çıxarıb torpağını satıb, burda nə var ki. Ərazinin sənədləri də, torpaq sahəsinin verilməsi, çıxarışı – bütün sənədləri qaydasındadır. Bütün təşkilatlara yazıblar, gəlib yoxlayıblar, bütün sənədlərin surətini çıxarıb vermişik».

- Həmin ərazi əvvəllər futbol meydançası olub?

«Tutaq ki, bir boş sahədir, uşaq gedib orda futbol oynayır, deməli ora futbol meydançasıdır? Gənclər və İdman Nazirliyinə məktubla müraciət etmişik və cavab almışıq ki, nəinki o ərazidə, ümumiyyətlə, Ceyranbatan qəsəbəsində nazirliyin heç bircə idman qurğusu da yoxdur».

«İSTİRAHƏT HÜQUQUNDAN MƏHRUM ETMƏK ONUN ŞƏXSİ HƏYATA MÜDAXİLƏDİR»


Vəkil Anar Qasımov deyir ki, əgər həqiqətən də insanların istirahət hüquqları pozulubsa, yəni ərazi bələdiyyə sədri tərəfindən satılıbsa, buna görə bələdiyyə sədri qanun qarşısında cavab verməlidir:

«Əvvəlcə müəyyən etmək lazımdır ki, satılan sahənin mülkiyyətçisi kimdir, həqiqətən də bələdiyyənin balansındadır, ya yox. İkinci bir tərəfdən əgər doğurdan da satılan ərazi əhalinin ümumi istifadəsindədirsə, stadiondursa, ərazinin kommersiya məqsədilə satılması qanunla yolverilməzdir. Dəfələrlə şahidi olmuşuq ki, hər hansı parkın ərazisi və digər istirahət əraziləri bu şəkildə hasara alınıb və müəyyən müddətdən sonra yerində binalar, yaxud şəxsi kommersiya məqsədlər üçün digər obyektlər tikilib. Bunun qarşısını almaq üçün ərazidə yaşan adamlar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, Nazirlər Kabinetinə və digər müvafiq icra orqanlarına müraciətlərini davam etdirməlidilər. Əgər müsbət nəticə əldə olunmasa məhkəməyə müraciət etməlidilər. Ancaq bu müraciət kütləvi xarakter daşısa daha effektli olar. Hər hansı şəxs yaşadığı ərazidə bir idman meydançasından məhrum olursa, bu, onu n istirahət hüququnun pozulmasıdır. İnsan hüquqları konvensiyası baxımından bu, həm də insanın şəxsi həyatına müdaxilə deməkdir».

Vəkil deyir ki, hətta bələdiyyənin o ərazini satmaq hüququ olsa belə, ortada balans yaradılmalıdır. Yəni bir tərəfdən ərazini satmaq bələdiyyəyə hansı xeyri verir, digər tərəfdən orda istirahət edən əhalinin marağı nəzərə alınmalıdır. Hər bir halda isə əhalinin marağına üstünlük verilməlidir.

Buna da bax:

XS
SM
MD
LG