Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:06

Əli Şirin Şükürlü "Onun adı Şərəf idi"















Onun adı Şərəf idi

(Şeir – pritça)

dilimin ucunda söylənməyən söz
sinəmdə nəğmələr yatar
təsəllim Sənsizlik bəzən
Sənsizlik səni anladar

masamın üstündə
kitablar kağızlar qələmlər ... məyus
sənsizlikdən danışır
təsəllim sənsizlik - səndən danışır...

yol qırağındakı Daşın üstündə
oturub Qoca – bir az dalğın
uzaqdan oynaya – oynaya
bir oğlan yaxınlaşır
- adın nədir, bala? -
soruşur Qoca
- adim Azərdir, dədə
- adam öz - özünə oynamaz, oğul!
- öz- özümə oynamıram ki
içimdəki havaya oynayıram, dədə

uzaqlaşır Azər
gözdən itənə qədər
seyr edir onu Qoca

içindəki havaya yüyürür Azər ...

ulduzlar sayrışır. hava tutulur
keçdiyim küçələr yollar
yol qırağındakı ... binalar qəmgin
yağışdan çıxıb sənsizliyi ağlayır
təsəllim sənsizlik – səni xatırladır ...

qapı ağzında
qarşılayır Azəri Baycan
sarılırlar biri – birinə
Baycan Azərin sevgilisi
gözəl bir qızdı
biçimli bədəni var

uzanıb Baycanın yanında Azər
isti öpüşləri
yandırır qızın sinəsini
- Azər, görəsən, qadınlar
sevmədən necə
kiminsə ola bilirlər? –
ehtirasdan titrəyən səsiylə
soruşur Baycan
- Bu o deməkdir ki,
sən məni çox sevirsən –
daha möhkəm qucaqlayıb
özünə sıxır Baycanı Azər

belə bir məqamda
özü də bilmədən nədən
yenidən dillənir Baycan:
- deyirlər: düşmənlər
əsir qadınlarla
istədiyi kimi davranırlar

qızı qucaqlayan qolları
boşalır Azərin
isti öpüşlərin yeri soyumağa başlayır
Baycan heyrətlə baxır Azərə -
sanki buz heykəldi
dayanıb qarşısında

- bilirsən, Baycan,
mən bir qızı sevirdim uşaq vaxtından,
əsir apardılar gözüm görəsi,
onun adı Şərəf idi. Ş-ə-r-ə-f...
boğulur Azərin səsi

qız ehtiraslı sevgidən sonra
dərhal anlaya bilmir
nə baş verdiyini
örtülən qapının səsindən
diksinib ayılır Baycan
çilik – çilik olub dağılır otağa
Baycanın xəyalındakı Azərin buz heykəli

Azər Baycandan qaçır ...

səhərlər geyinib çıxıram evdən
dönürəm axşamlar gecə yarısı
geydiyim paltarlar
keçdiyim yollar
gördüyüm adamlar
sevdiyim axşamlar ... sənsizliyi anladır
təsəllim sənsizlik – səni anladır ...

- niyə bikefsən, oğul,
nəsə itirənə oxşayırsan? –
soruşur yol qırağındakı
Daşın üstündə oturan Qoca
- hə, itirmişəm, dədə -
dillənir başını qaldırmadan Azər
- üzülmə, oğul, onsuz da
insan bu dünyaya
daha çox itirmək üçün gəlir

uzaqlaşdıqca Qocadan Azər
sanki daha aydın eşidir:
“ insan bu dünyaya itirmək üçün gəlir”

“itirəndə də baxır nəyi itirirsən” –
qüssə ilə düşünür Azər

gözdən itənə qədər
seyr edir onu Qoca

Azər içindəki havadan qaçır ...

illərdi
bir qara sevda səsləyir məni
gedimmi görəsən?!
yəni belə olacaq –
illər ötüb keçəcək
sən mənsiz yaşayacaqsan
mən sənsiz öləcəyəm?!..

hava soyuqdu ...
yol qırağındakı Daş
tənhalıqdan üşüyür artıq ...

sayrışır göydə ulduzlar sayrışır
qarışır yer üzü qarışır
yarışır hər şey yarışır
təsəllim Sənsizlik?!
Sənsizlik nədən danışır?!..

... – 08.04.2008.


ayrılıqlar yağdı ömrümə

mən yağışı sevirdim
ayrılıqlar yağdı ömrümə

payız gəlməmiş atamı itirdim
yaz yağışı yağmamış anamı...
sonra da
daha bir doğma insan
şair Məmmədhüseyn Mərdan...

başqa itkilərim də oldu
bəzilərini sağ ikən itirdim
onlardan danışmağa gücüm yox amma...

alışa bilməmişdim ayrılıqlara...

ötən payız
qızımı yola saldım rusiyaya
dəmir yolu vağzalından
kövrəlmişdi ağlayırdı için-için
doğma adamlarin arasında olsa da
qərib şəhərdə yaşamaq
yazılıbmış taleyınə

alışırdım ayrılıqlara...

bu günlərdə
tikinti apardılar
evimizin yanındakı boş sahədə-
qaldı tikilinin altında
bu da bir itki...
o sahəni boş görməyə (azad!)
vərdiş etmişdim neçə illərdi

sıxılır hər şey
əriyir bir-birinin içində
insanlar torpaqda əriyir
torpaqlar binaların altında...
insanlar binalara sığınır
binalar şəhərlərə
şəhərlər ölkələrə
ölkələr göy üzünə
göy üzü başqa göy üzünə...

itkilərə alışmamışdım doğrusu...

azadlığını itirən də oldu sıramızdan
xiffətini çəkir doğma adamlar
necə olsa
bizə də pay düşür axı həmən itkidən

bir-birinə sığınsa da
elə bir-birinin içində də əriyir
itir adamlar
ən dəhşətlisi də bu
bir az gec anladım bunun
ən böyük itki olduğunu-qəfildən

itkilərim çox oldu bu qəbildən
mən kimlərinsə içində əridim
kimlərsə mənim...

itkilərə alışmamışdım
mən yağışı sevirdim

mən yağışı sevirdim
ayrılıqlar yağdı ömrümə
ayrılıqlara alışırdım
yağışlar yağdı...

...-23.04.2008


yay yağışı

əvvəl baxışlarım,sonra əllərim toxunur qəfil başlayan yay yağışına.
nəyəsə təəssüf edirmiş kimi yırğalanır ağacın budaqları.küsməyi
olur ağacların da.son dəfə qüssəli gördüm meyvə ağaclarını ata mülkündə.

kədərə yoluxanlar bilirlər üzdə təbəssümün nə olduğunu, həsrətə
yoluxanlar uzun-uzun yolların-yolçuluğun.atıb gedə bilmədim
doğulduğum məmləkəti vətəndir deyə.indi qızım yaşayır qəribliyi
əvəzimdə, mənsə ayrılıqları.və hələ də alışa bilmirəm məkanlara-
ayrılıq havası zümzümə edən: “yola düşür.qarşılayın.yubanır və sairə”.

inanın, hər şey ötəridi sürətlə ötüb keçən qatarlar, limana bir daha
dönməyən gəmilər kimi :heç nə və heç kəs təkrar olunmur-
yox olur səmada
nöqtə şəklində gözdən itən təyyarələrtək.inanın həm də ömrün
o biri üzünün var olduğuna, inanın gözəl rəsm əsərləritək bütün
cinayətlərin də həyatın mənasızlığından doğulduğuna.
mən artıq inanmışam
sevgiyə, həsrətə, sevincə, kədərə- bütün faniliklərə,
yəni həyata yoluxandan;
sanki bütün yolları geri dönmək üçün gedər adamlar. keçilən yollar var
bir də geriyə qayıtmaq olmur, elə bil uzanan kəndirdi həmən dartıb yığarlar.

250 km yol qət etdim ata yurduna, yay yağışına. ilk dəfə sevmədim yay yağışını,ilk dəfə darıxdım ata mülkündə.sahibsiz bağın ağacları meyvə gətirməz , hüzn aşılayar yay yağışları.

dəyişər libasın yay yağışları geriyə dönər, yerdən göyə yağışlar yağar.
bir də qayıdaram ata yurduna, bir də qayıtmaram yay yağışına.

... – 07.09.2010.

http://doqquziklim.net/?p=1185

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG