Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 00:20

Sultan Mərzili "Payız cizgiləri"















PAYIZ CİZGİLƏRİ


Moskvada -
Yağış, yağış, yağış...
Bir simfoniya bəstələyir payız
sanki yağışlı havalarda.
Damla-damla döyərək
küçələri, damları.

Göbələklərə bənzədir payız
adamları,
çətirlərin altında.
Yağışlardan qaça-qaça
daldalandım,
sətirlərin altında...


PAYIZ ETÜDÜ

Rəssamın
molbertinə bənzəyir ağaclar
payızda,
çiçəklər fırçasına,

Günəş
göz yaşını yarpaq-yarpaq
səpir
rəssamın pəncərəsinə,
qapısına.

Mərmərdən
yonulan qadınlar
soyuq-soyuq baxır
rənglərin fırça uçundakı ürəkdə
alışıb yanmasına.


GECƏ

Bu payız gecəsi
qonaq gəl bizə,
Pəncərəmi açıq qoymuşam,
qapımı da.
Gözlərim pəncərədədir,
qulaqlarım qapıda

Saçlarının
qarasında uzadaq bu gecəni,
bir az yarpaq qoxulu,
bir az həsrət qoxulu,
qaranlığın
içinə yazaq bu gecəni.

Saatıın əqrəbləritək,
bir sevgi nöqtəsinin
ətrafına dolanaq.
Sevgidən od alaq,
şam kimi çılpaqlanaq,
şam kimi yanaq...
XS
SM
MD
LG