Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 22:05

İmza vərəqəsi qıtlığı


«Əlavə imza vərəqi götürmək istəyirəm. İki gündür əsir-yesir ediblər bizi, deyirlər ki, yuxarıdan tapşırıblar ki, verməyin. Çox ağır vəziyyətlə üzləşmişik».

AXCP-Müsavat seçki blokunun 82 saylı Ağcabədi seçki dairəsindən namizədliyini irəli sürən Rəşid Nəcəfli dairə rəhbərliyindən əlavə imza vərəqi ala bilmədiyini deyir. Hərçənd təlimatlarda imza vərəqələrinin sayı haqda dəqiq məlumat yoxdur, amma sözügedən dairə sədri Nadir Qürbətov Rəşid Nəcəfliyə artıq 10 imza vərəqi verildiyini əsas gətirərək əlavə vərəqə verməkdən imtina edir. Bundan başqa Rəşid Nəcəfli ona imza verən rayon sakinlərinin də təzyiqlə üzləşdiklərini deyir:

«İmza aldıqlarım içərisində dövlət qulluqçusu olan şəxsləri işdən çıxaracaqları ilə hədələyirlər».

82 saylı Ağcabədi seçki dairəsinin sədri Nadir Qürbətov isə bu deyilənləri əsassız hesab edir. Bildirir ki, təzyiqlə bağlı dairəyə heç bir şikayət daxil olmayıb, o ki qaldı imza vərəqələrinə:

«Qanunda göstərilməyib ki, əlavə imza vərəqələri verilməlidir, ya yox. Sabah MSK-la danışacağam, əgər desələr ki, vermək lazımdır, veriləcək. Artıq 10 vərəqə verilib ona, bəlkə onları kiməsə satıb, kiməsə verib».

Nadir Qürbətov onu da deyir ki, dairəyə adını çəkmək istəmədiyi başqa bir namizəd Rəşid Nəcəflinin topladığı imzaların saxta olması ilə bağlı şikayət edib:

«Teleqram almışıq ki, Rəşid Nəcəflinin yığdığı bütün imzalar saxtadır, camaatın şəxsiyyət vəsiqələrini yığıb aparıb özləri imza atırlar. İmza vərəqələrini təhvil verən kimi yoxlayacağıq».

«İMZA VƏRƏQİ YOXUMUZDUR!»


İmza vərəqi problemi ilə üzləşən isə təkcə Rəşid Nəcəfli deyil. AzadlıqRadiosuna AXCP-Müsavat seçki blokunun digər namizədləri də imza vərəqələri almaqla bağlı maneələrlə üzləşdiklərini bildiriblər.

48 saylı Yevlax seçki dairəsindən namizədliyi irəli sürülən Şəkər İsgəndərli AzadlıqRadiosuna bildirib ki, ona 11 ədəd imza vərəqəsi verilsə də, əlavə vərəqə istədikdə Mərkəzi Seçki Komissiyasında belə vərəqlərin olmadığı deyilib. 50 sayli Qobustan-Xızı-Sumqayit seçki dairəsindən AXCP-Müsavat seçki blokunun vahid namizədi olan Səxavət Soltan da eyni problemlə üzləşib. Həmin blokun digər namizədi Qabil Hüseynlinin isə deputatlığa namizədliyinin qeydə alınmasından imtina edilib. Müxalifətçi namizədin topladığı 640 seçici imzasından 270-i etibarsız hesab edilib.

İŞ İMZA İLƏ DƏ BİTMİR...

Amma müxalifətçi namizədlərin dediyinə görə, maneələr bununla da bitmir. Namizədlərin özlərinə, qohumlarına və onlara imza verən şəxslərə təzyiqlər var. AXCP-Müsavat seçki blokunun 94 saylı Bərdə kənd seçki dairəsindən namizədli Elnur Məcidli yaxınlarının həbslə hədələndiyini deyir:

«İnşaat malları satan qohumumu icra hakimiyyətinə çağırıb ciddi təhdidlər ediblər. Deyiblər ki, qohumunu burdan uzaqlaşdırmasan sənə 3-5 illik həbs cəzası vermək bizim üçün problem deyil, həyatını qara edəcəyik».

Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Məzahir Qasımov isə AzadlıqRadiosuna bildirib ki, icra hakimiyyəti seçkinin yalnız texniki tərəfi ilə məşğuldur:

«Mən heç Elnur Məcidlini, onun qohumlarını tanımıram. Deyilənlər tam əsassızdır. Kimdir ona maneçilik törədən, nə oldu 26 namizədin heç birinə mane olan olmadı, ancaq Elnur Məcidliyə oldu? Bir demokratik, şəffaf seçkinin keçirilməsinin tərəfdarıyıq. Biz texniki işlərlə məşğuluq, başqa heç nədə işimiz yoxdur. Əgər ona maneçilik törədən varsa rayon rəhbərliyinə şikayət etsin».

Müxalifətçi namizədlər isə iddia edirlər ki, şikayətləri heç araşdırılmır da, çünki təzyiqlər elə rəsmi orqanlar tərəfindən edilir.

Azərbaycanda parlament seçkiləri bu il noyabrın 7-də keçiriləcək. Namizədlərin qeydiyyatı oktyabrın 15-də başa çatır.
XS
SM
MD
LG