Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Ləl-Cəvahirat Fondunun taleyi necə oldu?


Pənah Hüseyn
Bu həftə Maliyyə naziri Samir Şərifov Qızıl Fondunun yaradılması ilə bağlı açıqlama verdi. Nazir deyirdi ki, bu məqsədlə 100 kiloqrama yaxın qızıl artıq Azərbaycana gətirilib və saxlanmaq üçün Mərkəzi Banka təhvil verilib. Üstəlik, onun deməsinə görə, ölkəyə daha 100 kiloqram qızılın yaxın günlərdə gətiriləcəyi gözlənilir.

Qızıl Fondunun yaradılması taleyi hələ də qaranlıq qalan Ləl-Cəvahirat Fondu haqda yeni-yeni iddiaların səslənməsinə səbəb olub.

«Panorama» verilişinin qonaqları millət vəkilləri Pənah Hüseynlə Nazim Məmmədovun söhbətində də həm yeni, həm də artıq tarixin arxivinə verilən köhnə Ləl-Cəvahirat Fondundan bəhs edilib.

MİLYONLUQ BOYUNBAĞI…


Pənah Hüseyn:

«Ləl-Cəvahirat Fondu 1992-ci ildə Əbülfəz Elçibəyin 50 saylı fərmanı ilə yaradılmışdı. İndi Maliyyə naziri deyəndə ki, yeni fondda 99 kiloqram qızıl var, bu məni təəccübləndirir. Bizim vaxtımızda orada bundan 10 qatlarla çox qızıl, ləl-cəvahirat var idi. Mən dəqiq rəqəm söyləmək istəmirəm. İndi o vaxtla müqayisədə qızlın qiyməti qat-qat bahalaşıb. Onda Ləl-Cəvahirat Fondunda o dövrün pulu ilə 50-100 milyon dəyərində qızıl, zinət əşyaları var idi. Elə bir boyunbağı var idi, dəyəri bir neçə milyon olardı. Biz hakimiyyətdən gedəndə bunun hamısı dururdu. Sonralar da Ləl-Cəvahirat Fonduna vəsaitlər yığıldı. Mən parlamentdə məsələ qaldırmaqla Ləl-Cəvahirat Fonduna toplanan həmin qızıl və zinət əşyalarının sonrakı taleyini aydınlaşdırmaq istəmişəm. Bu sorğumun uydurma ittihamlarla qarşılanması indi məndə həmin fondun sonrakı taleyi ilə bağlı çox ciddi şübhələr yaradır.
Nazim Məmmədov
Bundan sonra da nə desən ola bilər…»

«NARAHATLIĞA ƏSAS GÖRMÜRƏM…»

Nazim Məmmədov:

«Mən deputat həmkarımın şübhə və narahatlığına heç bir əsas görmürəm. Əminəm ki, oradakı zinət əşyalarının bir qaramı belə itkiyə verilməyib. Hər sentin, hər qəpiyin öz məsuliyyəti var. Yeni fondun yaradılmasını da zəruri sayıram. Bu məsələ vaxtı ilə mənim tərəfimdən də parlamentdə qaldırılıb. Bir ölkənin qüdrəti onun qızıl ehtiyatı ilə ölçülür. Mənim deputat olduğum bölgədə - Gədəbəydə qızıl istismar edilməsi də bu məsələni aktuallaşdırır. Yəni, Azərbaycanın orada payına düşən qızılın işlənmədən sonra fonda yığılması da müsbət addım olardı. Mən Azərbaycanın birjalardan qızıl almasının tərəfdarı deyiləm. Mili Bankın, Neft Fondunun ehtiyatlarının qızıl alınmasına sərf edilməsi düzgün olmazdı. Bu, daha çox qiymətli kağızlar bazarına, Azərbaycan iqtisadiyyatının inkişafına qoyula bilər. Fikir verin, tədricən neftin qiyməti yüksəlməkdədir. Tədricən qızılın qiyməti də sabitləşəcək. Deməli, bütün ehtiyatlar bu fonda yönəldilməməlidir. Çalışmaq lazımdır ki, bu məsələdə balans qorunsun…»

XS
SM
MD
LG