Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:11

Rəqabət Məcəlləsi niyə qəbul edilmir?


Vahid Əhmədov
Bəzi deputatların zəruri saydıqları bir sıra sənədlərlə yanaşı Rəqabət Məcəlləsinin layihəsi də parlamentin payız sessiyasına gündəliyində gözə dəymədi. Rəqabət Məcəlləsini prezident Milli Məclisə hələ 2006-cı ildə təqdim edib. Üstəlik, bu layihə artıq 2 oxunuşdan keçib. Amma belə getsə, deyəsən bu sənədi 3-cü oxunuşda 4-cü çağırış Milli Məclis müzakirə etməli olacaq.

Rəqabət Məcəlləsinin tezliklə qəbul edilməsini zəruri sayan deputatlardan biri - İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bu layihənin payız sessiyasının da gündəliyinə salınmamasının səbəbini anlamadığını. Elə ona görə də deputat payız sessiyasının ilk iclasında bu anlaşılmazlığa cavab tapılmasını istəyib.

« O UZUN ƏLLƏR KİMLƏRƏ MƏXSUSDUR?»


«Bunun səbəbi nədir. Bu layihənin gündəliyə niyə salınması barədə bizə açıqlama verən də yoxdur. Əgər bu qanun layihəsi cənab prezident tərəfindən geri çağırılıbsa, biz bilək. Belədirsə, sözümüz yoxdur. Yox əgər hansısa bir məmur bu qanun layihəsinin keçəsinə imkan vermirsə, açıq deyin, bilək ki, həmin məmur kimdir, o uzun əllər kimlərə məxsusdur».

Vahid Əhmədova görə, son vaxtlar Azərbaycan iqtisadiyyatında, daxili bazarında baş verən hadisələr, sahibkarlıq yönündə gedən bütün işlər belə bir məcəllənin qəbulunu qaçılmaz edir.

Hər hansı layihə parlamentin plenar iclasına çıxarılırsa, deməli, onu müvafiq komitə artıq Milli Məclisin müzakirəsinə hazır sayır. Üstəlik, təcrübəyə görə, əgər həmin layihə 1-ci və 2-ci oxunuşlardan keçirsə, demək olar ki, artıq qəbul edilir. Çünki 3-cü oxunuşda qanun layihəsi müzakirə edilmir. Onun üzərində edilən əlavə və dəyişikliklər millət vəkillərinin diqqətinə çatdırılır və sənəd rəsmiləşdirilmək üçün səsə qoyulur.

Dünyamin Xəlilov
Adətən parlamentdə 2 oxunuşdan keçmiş layihələr hətta birmənalı qarşılanmasa belə, 3-cü oxunuşda hakim çoxluğun iradəsi ilə qəbul edilir. Bəs niyə onda Rəqabət Məcəlləsinin işi belə düyünə düşüb?

Parlamentin iqtisadi Siyasət Komitəsinin digər üzvü, deputat Dünyamin Xəlilov hesab etmir ki, layihənin 3-cü oxunuşa çıxarılmasına kimlərsə mane olsun. O deyir ki, Rəqabət Məcəlləsi özlüyündə həcmli və mürəkkəb bir sənəddir. 1-ci və 2-ci oxunuşda müzakirələr zamanı millət vəkillərinin səsləndirdikləri bir sıra təkliflər layihədə 3-cü oxunuşa qədər öz əksini tapmalıdır. Mövcud prosedura görə bunun üçün layihə müvafiq nazirliklərdən və digər icra hakimiyyəti orqanlarından keçməlidir. Son nəticədə isə sənəd Prezident Administrasiyasına təqdim olunur, orada müvafiq şöbələrdən keçib yenidən parlamentə təqdim edilir.

«BU ÇOX HƏCMLİ VƏ MÜRƏKKƏB BIR SƏNƏDDİR»


«Bu sənəd çox həcmli və mürəkkəb olduğu üçün zaman baxımından belə bir yubatma ola bilər. Amma mən inanmıram ki, bu sənədin haradasa qəsdən yubadılması prosesi gedir. İnanmıram. Çünki bu çox həcmli və mürəkkəb bir sənəddir. O vaxt tələb edir».

Dünyamin Xəlilov deyir ki, bu həftə Rəqabət Məcəlləsi barədə fikirlər Milli Məclisin İqtisadi Siyasət Komitəsində də səslənib. Bir sözlə, bu məsələ açıqdır və deputat hesab edir ki, ona qısa bir zamanda aydınlıq gətiriləcək.

Dünyamin Xəlilov hesab edir ki, bu məcəllənin qəbulu ölkədə gedən iqtisadi proseslərə, aparılan islahatlara daha müsbət təsir göstərəcək. Çünki sənəddə bir çox məsələlərə aydınlıq gətirilir.

Azər Mehdiyev
Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatında rəqabət mühitini təmin etməyə yönəlik bir sənəddir.

Yəni qısaca desək, ölkədə rəqabət mühitinin təmin edilməsi, inhisarçılıq şəraiti yarandıqda, bu inhisarların aradan qaldırılması və sağlam rəqabətin təmin edilməsinin hüquqi bazasının yaradılması ondan asılıdır.

«BU MƏCƏLLƏ MƏMURLARA SƏRF ETMİR»


İqtisadçı ekspert Azər Mehdiyev isə Rəqabət Məcəlləsinin parlamentdə təsdiqlənməsinin heç də hamıya sərf etmədiyini deyir. O, xüsusilə məmurların bu işə əngəl törətməsini istisna etmir.

«Təbii ki, Azərbaycanda inhisarı yaradanlar məmurlardır. Xüsusilə də ölkənin icra hakimiyyəti sisteminin başında olan adamlar. Və Rəqabət Məcəlləsinin də qəbul olunması ilk növbədə onlara sərf etmir».

Azər Mehdiyev artıq 2 oxunuşdan keçmiş məcəllənin özünü də ciddi qüsurlara malik sənəd sayır və hesab etmir ki, onun qəbul olunması ölkə iqtisadiyyatında, sahibkarlığın inkişafında hansısa ciddi dəyişikliklər yaradacaq. Onun fikrincə, bu layihədə göstərilən mexanizmlərin əksəriyyəti daha çox nəzəri xarakter daşıyır. Onların hüquqi baxımdan təcrübəyə tətbiqi imkanları məhduddur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG