Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:43

Gənc hüquqşünas həbsxanada niyə öldü?


Sergey Maqnitskinin dəfn mərasimi - Moskva, 20 noyabr 2009
Sergey Maqnitskinin dəfn mərasimi - Moskva, 20 noyabr 2009
Amerika qanunvericiləri 37 yaşlı hüquqşünas Serqey Maqnitskinin həbsi və ölümü ilə əlaqəli şəxslərə sanksiya qoyulması üçün qanun layihəsi hazırlayıblar.

Senator Bencamin Cardin və Nümayəndələr Palatasının üzvü Ceyms Makqovernin təqdim etdiyi layihədə Maqnitskinin işi ilə əlaqəli olan onlarla adamın və onların ailə üzvlərinin ABŞ-a getməsinə və maliyyə əməliyyatlarına qadağa qoyulması nəzərdə tutulur.

Qanun layihəsi “Sergey Maqnitskiyə ədalət qanunverciliyi 2010” adlanır.

Məlumata görə, “Hermitage Capital Management” investisiya fondunun hüquqşünası olan Sergey Maqnitski məhkəməyə qədər saxlandığı 1 il ərzində tibbi xidmətdən məhrum edilib.

230 MİLYON DOLLAR

Onun həbsinə səbəb isə bir sıra dövlət məmurlarını korrupsiyada ittiham etməsi olub. Belə ki, məhkəmədə ifadə verən 37 yaşlı hüquqşünas dövlət məmurlarının cinayətkar qruplarla əlbir olaraq 230 milyon dollar vergini büdcədən yayındırdıqlarını deyib. Maqnitski Rusiya Daxili İşlər Nazirliyi, Federal Vergi Xidməti, Federal Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun rəsmilərinin adlarını çəkib.

Gənc hüquqşünas noyabr ayında vəfat edib. Həmin vaxtdan bəri onun məsələsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Sentyabrın 29-u ABŞ qanunvericilərinin Konqresə təqdim etdiyi layihə Maqnitskinin ölümündə birbaşa əli olan Rusiya ədliyyə sistemi və məhkəməsindən tutmuş, 230 milyon dolları vergidən yayındıran 60-a yaxın adamı əhatə edir.

MÜDAFİƏ OLUNMAQ ÜÇÜN HARA GETMƏLİYİK?


“Hermitage Capital” Fondunun rəhbəri Uilyam Brouder
“Hermitage Capital” Fondunun rəhbəri Uilyam Brouder bir ildir bu məsələ ilə bağlı Konqresin iş görməsinə çalışır:

- Bizim polis işgəncə verir və Sergey Maqnitskini qətlə yetirirsə, cinayətdə iştirak edirsə, müdafiə olunmaq üçün bizlər hara getməliyik? Bu qanun çox mühüm və son dərəcə güclüdür, çünki bu işi görən digərləri üçün nəticəsi olur.

Maqnitskinin ölümündən dərhal sonra Rusiya prezidenti Dmitri Medvedev 20-ə yaxın həbsxana məmurunu işdən qovub. Amma nə onun ölümünə, nə də söylədiyi korrupsiya ittihamlarına görə heç kim bu günə qədər istintaqa cəlb edilməyib. Baş Prokurorluq araşdırmanın davam etdiyini deyib.

KORRUPSİYANI RUSİYA HÖKUMƏTİNİN NƏZƏRİNƏ ÇATDIRAN ŞAHİD TƏQIB OLUNUB VƏ SON NƏTİCƏDƏ HƏYATINI İTİRİB

Senator Kardin AzadlıqRadiosuna bildirib ki, Maqnitski haqda qanun layihəsinin əsas məqsədi Rusiyada işlərin görülmə şəklini dəyişməyə yardım etməkdir:

- Bu, son dərəcə biabırçı haldır – ölkə daxilində baş verən korrupsiyanı Rusiya hökumətinin nəzərinə çatdıran şahid təqib olunub və son nəticədə həyatını itirib. Bu, cənab Maqnitski, həmçinin gələcəkdə bunun təkrarlanmaması üçün sistemə ediləcək dəyişiklik barədədir.

Layihəyə görə, məhdudiyyətlər Rusiyanın bir sıra şərtləri yerinə yetirəcəyi təqdirdə aradan qaldırıla bilər. Belə ki, Rusiya hökuməti gənc hüquqşünasın ölümünü ətraflı araşdırmalı, günahkarları cəzalandırmalı, cinayət və ədalət sistemini beynəlxalq standartlara uyğunlaşdırmalı, şahidlərin müdafiəsi ilə bağlı qanunvericilik bazasını gücləndirməlidir.

BRİTANİYALI NAZİRDƏN ÇAĞIRIŞ

Bencamin Cardin
Bencamin Cardin və Ceyms Makqovernin ABŞ Konqresinə təqdim etdiyi layihədən bir neçə saat əvvəl Britaniyanın Xarici İşlər naziri Maqnitskinin ölümünü “tam və şəffaf” araşdırmağa çağırıb.

Eyni zamanda Britaniya hökumətinin də ABŞ kimi 60 nəfərə sanksiya nəzərdən keçirdiyi bildirilir.

POLŞA DA HAZIRDIR


Polşanın XİN-i Radoslav Sikorski də bildirib ki, əgər Maqnitskinin ölümü ilə əlaqəli insanların siyahısı hazırlanarsa Polşa da viza sanksiyalarını tətbiq edə bilər.

Bununla belə layihə müəllifləri Maqnitski ilə bağlı qanun layihəsinin ABŞ-Rusiya münasibətlərinə mənfi təsir göstərəcəyini gözləmirlər.

Kardin-Makqovern layihəsinin qüvvəyə minməsi üçünsə prezident Barak Obamanın imzasından əvvəl onun komitə, daha sonra Konqres tərəfindən təsdiqlənməsi lazımdır.

/Tərcümə etdi: Sevinc Hüseynzadə/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG