Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:28

Avropalılar küçələrdə


Afinada etirazçılarla polisin toqquşması, 24 fevral 2010
Afinada etirazçılarla polisin toqquşması, 24 fevral 2010
Sentyabrın 29-da Brüsseldə 100 minə qədər insanın iştirakı ilə yürüş keçirilib. Yürüşü həmkarlar təşkilatları təşkil edib.

Bu, axır illərdə Belçika paytaxtında keçirilən ən böyük etiraz aksiyasıdır.

Etirazçılar ona görə Brüsseli seçiblər ki, Avropa Birliyinin rəhbər orqanlarının çoxu burada yerləşir. Yürüşdə 30 ölkədən işçilər iştirak edir.

Etiraz aksiyası elə bir vaxtda keçirilir ki, Avropa Birliyinin üzvü olan ölkələrin çoxunda büdcə kəsirini azaltmaq üçün dövlət orqanlarında işləyənlərin maaşları azaldılır.

Bundan başqa pensiyaların məbləği aşağı salınır, səhiyyə, təhsil və başqa sosial proqramlara ayrılan pulların həcmi azaldılır.

2008-ci ilin axırında başlanan

QLOBAL MALİYYƏ BÖHRANI AVROPAYA DA CİDDİ TƏSİR EDİB

Bankların məsuliyyətsiz şəkildə kreditlər payladıqları və həmin kreditlərin qaytarılmasında problem yarandığı üçün müflisləşmək həddinə çatqıları səbəbindən dövlət məsələyə müdaxilə edib bankların xilas olması üçün milyardlarla avro pul ayırmışdı.

İndi buna görə, Avropa ölkələrinin bir çoxunun büdcələrində böyük kəsir yaranıb və həmin kəsiri aradan qaldrmaq məqsədilə büdcə təşkilatlarında ya ixtisarlar aparılır, ya da işçilərin maaşları azaldılır.

Avropa Birliyi Həmkarlar Təşkilatları Konfederasiyasının rəhbəri Con Monks deyib ki, sentyabrın 29-u, yəni yürüşün keçirildiyi gün Avropa üçün böyük əhəmiyyətə malikdir.

Monks deyir ki, büdcə təşkilatlarında işləyənlərin maaşlarının kəsilməsi Avropanın maliyyə böhranından çıxmasına kömək yox, ziyan vura bilər.

İndi Avropa Komissiyası maliyyə böhranının bir daha təkrarlanmaması üçün cəhdlər edir, yeni qaydalar tətbiq etmək istəyir.

Barrozo
Həmin qaydalara görə, əgər Avropa Birliyinin hansısa üzvü büdcə kəsirinin böyüməsinə imkan verərsə, cəzalanacaq.

Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo deyib ki, büdcə kəsirini kəskin azaltmaq cəhdləri qlobal maliyyə böhranından çıxma cəhdlərinə mane ola bilər.

“Biz islahatları həyata keçirməkdə israrlıyıq, amma bu işi məsuliyyətlə görmək lazımdır. Xüsusən çalışmalıyıq ki, bəzi islahatları mərhələli şəkildə həyata keçirək ki, iqtisadi dirçəlişə zərbə vurulmasın”.

İspaniyada isə

HƏMKARLAR TƏŞKİLATLARI İŞÇİLƏRİ ÜMUMÖLKƏ TƏTİLİNƏ ÇAĞIRIB

Amma bu çağırışa əməl etməyənlər də var. Buna görə, etirazçılar depoda tətilə qoşulmayan avtobus sürücülərini yumurta atəşinə tutublar.

Bundan başqa etirazçılar yük maşınlarının Madriddə, Barselonada və başqa şəhərlərdə bazarlara yük boşaltmasına imkan verməyiblər.

Tətil çağırışlarına görə, uzaq məsafələrə işləyən qatarların da sayı azalıb. Bir çox yerlərdə zibil daşıma xidməti iflic olub.

Polislə işçilər arasında ölkə boyu baş vermiş toqquşmalarda 11 nəfər xəsarət alıb.

Ümumölkə tətilini ölkədəki işçilərin az bir hissəsi dəstəkləyir.

Tətilə ona görə az adam qoşulur ki, hökumətin büdcə kəsirini azaltmaq üçün əl atdığı radikal tədbirləri çox adam zəruri sayır, bunun ölkənin böhrandan çıxması üçün qaçılmaz olduğunu düşünür.

Madriddə etirazlar. 29 sentyabr 2010
İspaniyada dövlətin müflisləşmə həddinə çatdığı ilə bağlı narahatlıqlar var.

Bir müddət əvvəl Yunanıstan belə vəziyyətlə üzləşəndə Avropa Birliyi onu xilas etmək üçün 100 milyard avrodan çox pul ayırmışdı.

O zaman dövlətin maaşları kəskin azaltması planlarına görə işçilərlə polis arasında ciddi qarşıdurmalar olmuşdu.

Yunanıstanda da işçilər etiraz aksiyalarını davam etdirirlər. Nəqliyyat işçiləri dalbadal bir neçə tətil keçirməyi planlaşdırırlar.

Həkimlər birgünlük tətil edəcəklər. Həmkarlar təşkilatları isə sentyabrın 29-da Afinada etiraz yürüşü təşkil ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG