Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:31

İslam rüşvət və seçki saxtakarlığı barədə...


Surxay Məmmədli
Surxay Məmmədli

Rüşvət alıb-vermək sadəcə günahdır, yoxsa, haram? İnsan aldığı pulun hala, ya da haram olduğunu hardan bilsin? Rüşvətlə yaşayan bunun günahlarını nəylə yuya bilər? Seçkini saxtalaşdırmaq günahdır, ya haram?

Bu sualların cavablarını İçərişəhər «Cümə» məscinin axundu Hacı Surxay Məmmədli ilə söhbətdə aydınlaşdırmağa çalışırıq:

- Hacı, təsəvvür edək ki, bir məmur rüşvələ iri məbləğdə pul toplayır, sonra başlayır imkansızlara yardım etməyə, kimlərisə Həccə göndərməyə, bu yolla, rüşvət pulları halal ola bilərmi?


- Bismillahir rəhmanir rəhim. İslam rüşvəti birbaşa haram hesab edir. Bu birmənalıdır, burda mübahisə yoxdur. İslam deyir ki, rüşvət nə qədər şirin, cəlbedici olsa da insan onu bir gün mütləq qusacaq. Yəni, Allah onu insandan mütləq geri alacaq.

Bu gün kimsə rüşvət alır, haram yeyirsə, o pulun Həcc yolunda xərclənməsi mümkün deyil. O pulu bir imkansıza xərcləsə, həmin adam da haramla formalaşıb elə haram adam olacaq.
...rüşvət nə qədər şirin, cəlbedici olsa da insan onu bir gün mütləq qusacaq
- Bəs necə bilmək olar ki, qazanılan pul haramdı, ya halaldı?

- Məhəmməd peyğəmbər (s) buyurur ki, əgər qazandığınız pulun halal, yoxsa haram olduğunu bilmək istəyirsinizsə, onun hara xərcləndiyinə baxın.

- Yəni, rüşvəti alan həmin puldan kiməsə yardım etməklə, başqalarını da günahlarına şərik edir?


- Bəli. “Quran” deyir ki, yeyin, için, amma israf etməyin. Israf edənləri Allah sevməz. Əgər bir insan mədəsindən artıq yeyirsə, o israf və haramdı. Lazım olduğundan artıq nə varsa, haramdı.

- O zaman bir adamın üç evi varsa, demək İslama görə o haramdı?


- İnsan gərək qiyamətə az yük aparsın. Allah insanda hər şeydən iki dənə yaradıb - göz, qulaq, əl, ayaq, burun dəliklərinə qədər ikidir. Ancaq Allah insana bir ağız, bir mədə verib. Əgər yığıb saxlamaq halal olsaydı, Allah insana iki mədə verərdi ki, yediyinin yarısını sabaha saxlasın.

Siz dediyiniz kimi, əgər bir insanın ehtiyacından artıq evi varsa və o həmin evləri ehtiyacı olanlara vermirsə, o evlər haramdı. Və onun cəzası mütləq var. Əgər Allah insana gərəyindən artıq ruzi verirsə, həmin insan mütləq ehtiyacı olanlara əl tutmalıdır, kasıbların ehtiyaclarını qarşılamalıdır. İslam deyir ki, əgər bu gün sənin iki çörəyin varsa, qoşun isə möhtacdırsa, sən mütləq ruzini onunla bölüşməlisən. Əks halda qiyamət günündə bunun cavabını mütləq verəcəksən.

Peyğəmbər (səllallahu əley-hi və səlləm) buyurur ki, müsəlman dilindən və əlindən xeyir iş gələn kəslərdir. Bu İslam dəyərlərini anlamaq üçün də insan mənəviyyatını formalaşdırmalıdı, yəni nəfsini tərbiyə etməlidir. Pulun çoxluğu insanlara ziyan verər.

Elə ailələr var, 300 manatla yaşayır, ay boyu qazanı da qaynayır, xeyrə-şərə də qatılır. Ancaq elə ailələr də var ki, pulu çoxdu, ancaq davamlı sıxıntı içindədi. Bunun bir səbəbi var, o çox pulun içində haram var. Allah həmişə halal pulun bərəkətini artırır. Haram puldan insan mütləq ziyan görər.

Cəmiyyət bunu çox yaxşı görür. Hər birimiz nə qədər pullu, imkanlı ailələrin haram övladlarını tanıyırıq? Allah mütləq bir zamanlar şirin gələn haramın qarşılığını insana zəhərlə dadızdırır.
...hər bir insanın günahı onun yaşadığı cəmiyyətlərdəki problemələrə də bağlı olur

- Haramın cəzası bu dünyadadır, yoxsa axirətdə?

- Qisas qiyamətə qalmaz.

- Dövlətdən oğurlayanlar, ictimai mülkiyyəti talayanlarla bağlı nə deyir İslam?

- Haram haramdır. O pul bir şəxsin olsun, ya dövlət büdcəsində oğurlansın, fərqi yoxdur. Bunun cəzası ağırdır.

- Şəriət qanunlarında oğurluq edənin sol əlinin dirsəkdən aşağı kəsilməsinə qədər ağır cəza var. Bu dövlətdən oğurlayanlara da aiddir?

- Bu həm də ictimai qınaqdır. İslam ölkələrində bu qayda qüvvədədir. Biz İslam ölkəsində yaşamırıq. Ancaq hər kəs, istər qonşunun malına göz dikən sıradan bir oğru, istər büdcədən oğurlamaq istəyən məmur bilməlidir ki, bu, Allaha üsyandır, böyük günahdır və hər iki dünyada ağır cəzası var. Allah heç kimi belə ağır imtahan qarşısında qoymasın.

Bir məsələ də çox önəmlidir. Əgər bir insan bu gün yalan danışırsa, oğurluq edirsə, haram yeyirsə, bunun kökünü axtarmaq gərəkdir. Çünki hər bir insanın günahı onun yaşadığı cəmiyyətlərdəki problemələrə də bağlı olur.

Həzrət Əli (ə) dediyi kimi, insanlar bəzən öz valideynlərindən çox, zəmanələrinə bənzəyirlər. Haram olan yerdə bina tikmək, kök salmaq olmaz. Bu bina mütləq dağılacaq. “Qurani-Kərim”də də Allah Təala buyurur ki, siz halam yeyənlərin sonunun necə olduğunu gördünüzmü?

- Bəzən rüşvət alan müəllim deyir ki, maaşım azdır, ancaq, Allah mənə pul yetirir. Ya aşağı rütbəli məmur deyir ki, məndən də tələb edirlər, ona görə rüşvət alıram. Siz bayaq cəmiyyətdəki problemlərin halal-haram məsələsinə təsirindən danışdız. Bax, bu dediyim hallarda günah kimə yazılır?


- İnsan birini istismar edirsə, onu məcbur edirsə ki, imkanından artıq ona vəsait gətirsin bu, Allahla rüşvəti istəyən bəndə arasında bir günah pərdəsi yaradır.
Allah-təala insanları hürr yaradıb. Qul qulun haqqına sahib ola bilməz.
Ancaq insanların çoxu bunun nə qədər böyük günah olduğunu anlamırlar. Əgər bilsəydilər ki, axirət günündə onları hansı cəza gözləyir, bundan çəkinərdilər.

- Hacı, qarşıda parlament seçkiləri gəlir. Hər seçkidən sonra Azərbaycanda belə xəbərlər yayılır ki, seçicilər ya pul verilərək, ya işdən çıxarılacaqları ilə hədələnərək konkret şəxslərə səs verməyə məcbur edilir. İslam insanların seçim haqlarına müdaxilə edənlərlə bağlı nə deyir?

- Allah-təala insanları hürr yaradıb. Qul qulun haqqına sahib ola bilməz. “Bəqərə” surəsində buyrulduğu kimi, dində məcburiyyət yoxdur. İnsanlar fikirlərində, ideyalarında, baxışlarında azad olmalıdır.

İslamda bir də “münafiq” anlayışı var, yəni bu gün səninləyəm, sabah başqasıyla. “Qurani-Kərim” deyir, bu üç sifətdən biri kimdə olsa, münafiqdi – yalan danışan, vədinə xilaf çıxan, əmanətə xəyanət edən. Belələrini Allah qiyamət günündə qeyri-insan formasında gətirəcək. Qiyamətdə ən agır cəzanı da onlar alacaqlar.

- İslam deyir ki, Allah böyükdür, bağışlayandır. Doğrudanmı, Allah insanın tövbəsini hətta 101-ci dəfə qəbul edir?

- Bəli, Allah böyükdür və Allahın tövbə qapısı açıqdır. Ancaq Allah “Qurani-Kərim”də buyurur ki, mən o kəslərin tövbəsini qəbul edirəm ki, onlar günahları bilməyərəkdən işlədiblər. Və bu fikir “Qurani-Kərim”də fərqli formada bir daha səslənir - Allah buyurur ki, mən bilərəkdən günah edənlərin tövbəsini qəbul etmərəm.

Axundun rüşvət və seçki saxtakarlığı barədə fikirlərinin müzakirəsinə qoşulun.

Bəs, Siz necə hesab edirsiz, rüşvət həqiqətən bu dünyada da cəzalandırılırmı, seçki saxtalaşdırmaq günah sayılırmı?


Fikirlərinizi mətnin sonunda FORUMDA qeyd edin.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG