Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 23:20

Sakinlər uçan körpüyə görə seçkini boykot edirlər


Goranboy rayonunun Hacalılar kəndinin sakinləri imza toplama kampaniyasını, noyabrda keçiriləcək parlament seçkilərini boykot elədiklərini bəyan ediblər. Bu barədə AzadlıqRadiosuna kənd sakinlərindən İlqar Hüseynov məlumat verib. Onun dediyinə görə, onlar kəndi rayon mərkəzi ilə birləşdirən uçmuş körpünün bərpa olunmamasına görə belə addım atıblar. İlqar Hüseynov bildirir ki, il yarım əvvəl baş verən daşqınlar nəticəsində 16 metr uzunluğu, 8 metr eni olan körpü tamamilə yarasız hala düşüb. Bu səbəbdən də sakinlər rayon mərkəzinə və qonşu kənddə gedəndə sudan keçib getmək məcburiyyətində qalırlar.

İlqar Hüseynov deyir ki, kənd sakinləri körpünün bərpa edilməsi ilə bağlı müraciət etmədikləri yer qalmayıb. Onların müraciətlərinə əməl olunmadığı üçün indi onlar seçkiləri boykot etmək qərarına gəliblər.

“İndiyə qədər kəndə müxtəlif partiyalardan, müxtəlif namizədlərin adından gələnlər var heç kimə səs verməmişik. Biz tələb edirik körpü düzəldilsin. İndi namizədlərin kəndə gələcəyi və toplantı keçirəcəyi bildirilir. Biz demişik onların heç birinə səs verməyəcəyik”.

Sentyabrın 24-də adı çəkilən kənddə “AXCP-Müsavat” Seçki blokunun vahid namizədi olan Yusif Namazoğlu üçün imza toplamaq istəyən Müsavat partiyası Göranboy rayon təşkilatının sədri Məhərrəm Yusifli də adamlardan imza toplaya bilməyib.

Məhərrəm Yusiflinin AzadlıqRadiosuna verdiyi məlumata görə, həmin kəndə xeyli yaxın qoyumları olmasına baxmayaraq o da blokun vahid namizədinə imza toplaya bilməyib.

Kənd sakinləri əvvəlcə körpünün bərpa edilməsini istəyirlər və deyirlər ki, seçkiyə yalnız ondan sonra gedəcəklər.
XS
SM
MD
LG