Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 16:16

Azərbaycan teatrları kimin adını daşımalıdır?


Gülnarə Qurbanova
Gülnarə Qurbanova
İki gün öncə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev mediaya açıqlamasında teatrların adlarının dəyişməsi prosesinə hazırlıq getdiyini bildirib. Nazir əlavə edib ki, teatrların çoxunun adında köhnə sovet ideologiyası məfhumu qalır və bundan qurtulmaq lazımdır. AzadlıqRadiosunun “Can Bakı” proqramı “Azərbaycan teatrları kimin adını daşımalıdır, kimin adı ilə tanınmalıdır” sualı ilə ölkə ziyalılarına üz tutub.

TARİX ONA GÖRƏ TARİXDİR Kİ...


Gülnarə Qurbanova (keçmiş millət vəkili): Açığı, nazirin bu bəyanatı böyük bir sual işarəsi doğurur. Görünür, Mədəniyyət Nazirliyi bütün məsələləri görüb-qurtarıb, indi də məzələnmək vaxtı gəlib çatıb. Burada Əbülfəs Qarayev kommunist ideologiyasının bayraqdarı olan bolşevikləri də ötüb keçib. Hər gələn mədəniyyət naziri özündən əvvəlki tarixin üstündən xətt çəksə, vay bu ölkənin halına...

Soruşmaq olmaz ki, bəs Heydər Əliyev hansı sistemin məhsuludur? Elə nazirin özü məhz sovet dövrünün yetirməsidir. O, sevə-sevə komsomol və partiya işində işləyib. Yüksək vəzifələr tutmasa da, karyera yüksəlişinə can atıb. Bəs indi nə oldu ki, keçənlərin üstündən xətt çəkməyi təklif edir? Tam əminlikə deyirəm ki, tarix elə ona görə tarixdir ki, həmişə davam edir və onu yolundan döndərmək olmaz. Tarixi saxtalaşdırmağa çalışanları, onun üstündən xətt çəkməyə cəhd edənləri o özü məhv edir. Nə heykəlləri aradan götürməklə, nə tarixi dəyişməklə tarixi unutdurmaq olmaz. Nazirdən soruşmaq istəyirəm: Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Abdulla Şaiq, Səməd Vurğun, Sabit Rəhman, Şıxəli Qurbanov kimi vətənpərvər, xalqın hörmət və rəğbətini qazanmış şəxsiyyətlərin adlarını götürməklə, xalqımıza, tarixi yaddaşa xəyanət etmiş olduğunuzu heç düşünmürsünüz?

ONDAN YAXŞISINI VERƏSİ DEYİLLƏR Kİ?


Bəkir Nəbiyev (Milli EA-nın Ədəbiyyat İnstitutunun direktoru): Nazirliyin bəyanatı ilə tanış deyiləm. Üstəlik, hansı adlarla əvəzlənəcəyini də bilmirəm (Ölkə teatrlarının kimin adını daşıdığını sadalayırıq). Ondan yaxşısını verəsi deyillər ki? Bəlkə şəxs adlarını götürüb mücərrəd adlar qoymaq istəyirlər? Məsələn, “Proqress” kimi? Bilmədiyimdən də heç bir fikir söyləyə bilmərəm.

İlham Rəhimli (teatrşünas): Bu açıqlama harada çıxıb? APA yayıb? İndi tapıb oxuyaram. Sonra zəng vurun (Zəng vurduq. Telefonu götürmədi ).

GƏNCƏDƏ ÇOX GÖZƏL BAYRAM OLACAQ!

Əskər Əskərov (Milli Dram Teatrının rejissoru): Üzr istəyirəm, heç nədən xəbərim yoxdur. Gəncədəyəm. Şəhərin 2504 illiyi ilə bağlı tədbirlər hazırlayırıq. Çox gözəl bayram olacaq. Mütləq televizorda baxarsınız.

DƏYİŞDİRİLMƏSİNİN TƏRƏFDARI DEYİLƏM!


Tənzilə Rüstəmxanlı (Azəri-Türk Qadınlar Birliyinin sədri): Ölkədə fəaliyyət göstərən teatrlar Azərbaycan mədəniyyətinə, ədəbiyyatına çox böyük xidmət göstərmiş insanların adını daşıyır. Bu şəxslər Azərbaycanın milli mənəviyyatını yaradanlardır. Odur ki, mən teatrların adlarının dəyişməsinə müsbət yanaşmıram. Çünki dünyanın hər yerində belədir. Qonşu Türkiyədə də mərkəzi teatrlar, mədəniyyət mərkəzləri Cümhuriyyətə xidmət etmiş böyük insanların adını daşıyır. Konkret bizə gəlincə, dediyim kimi, adları teatrlara verilmiş insanlar milli dəyər daşıyan şəxslərdir və bu mənada adların dəyişdirilməsinin niyə ortaya çıxmasını başa düşə bilmirəm. Mən dəyişdirilməməsinin tərəfdarıyam.

TEATRLARIN İÇƏRİSİNİ DƏYİŞƏ BİLƏCƏYİKMİ?


İntiqam Soltan
İntiqam Soltan (Bakı Uşaq Teatrının bədii rəhbəri)
: Prinsipcə, maraqlı bir fikirdir. Doğrudan da, teatrlarımız hansı adla tanınacaq? Məncə, ən önəmli olan budur ki, biz o teatrların içərisini dəyişə biləcəyikmi? Mir Mehdi Seyidzadənin “Nəsrəddin” pyesində belə bir cümlə var ki, ad məhdud bir şeydir. Önəmli olan o insanın daxilidir, özüdür. Teatrın adını dəyişmək ümümi bir dalğadırsa, siyasətdirsə, bunu başa düşürəm, ancaq biz içərini dəyişməyə cəhd eləməliyik. Odur ki, dünyaya qovuşmağa tələsək--milliliyi itirmədən.
XS
SM
MD
LG