Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:10

Diplomatlar Naxçıvana niyə gediblər?


Əcnəbi diplomatlar Naxçıvanda
Əcnəbi diplomatlar Naxçıvanda
Sentyabrın 23-də axşam saatlarında Naxçıvanda siyasi partiyalarının yerli təşkilatlarının rəhbərləri ilə ATƏT və Böyük Britaniya təmsilçilərinin görüşü olub. Xarici diplomatlar parlament seçkisi ərəfəsində Naxçıvan Muxtar Respublikasındakı vəziyyəti dəyərləndirmək istəyirlər. Görüş mətbuata qapalıdır.

NAXÇIVANDA SEÇKİ QABAĞI MÜHİT DURĞUNDUR

Biz isə görüş başlamazdan əvvəl yerli müxalifət nümayəndələri ilə danışıb öyrəndik ki, onlar xarici diplomatlar qarşısında hansı məsələləri qaldırmaq niyyətindədirlər.

Müsavat, AXCP və Ümid partiyalarının Naxçıvan təşkilatlarının təmsilçiləri olan müsahiblərimiz bildirdilər ki, hələlik Naxçıvanda seçkiqabağı mühit durğunqdur. Ümid Partiyasının Naxçıvan şöbəsinin sədri Faiq Əliyev deyir ki, o imza vərəqi götürüb və imza atanlara dəyib-dolaşan yoxdur. AXCP-nin yerli təşkilatının sədri Asəf Quliyev isə oktyabrın 7-dən sonra real vəziyyət haqqında detallı danışa biləcəklərini deyir.

Amma onların xarici diplomatlara deyəcəkləri problemlər kifayət qədər çoxdur. Müsavat Partiyasının Naxçıvan şöbəsinin sədr müavini Sabir Vəliyev əsasən iki məsələdən narahat olduqlarını bildirdi:

NAXÇIVANDA KOMİSSİYALAR HAKİMİYYƏTİN ƏLİNDƏDİR


- Dairə, məntəqə seçki komissiyalarında bərabərliliyin təmin olunması problemi var. Əgər səslər düzgün sayılsa, biz öz qələbəmizi sübut edə biləcəyik. Bunun üçün gərək nümayəndələrimiz olsun. Məntəqə və dairə seçki komissiyaları isə iqtidarın əlindədir.

Sabir Vəliyev seçki zamanı namizədlərin qarşısında ən ciddi problem kimi dayana biləcək sərbəst toplaşmaq azadlığının pozulmasından da danışır. Deyir ki, dəfələrlə yerli icra hakimiyyətinə müraciət etsələr də, onlara aksiyalar keçirmək üçün yer verilməyib.

AKSİYALARA İCAZƏ VERİLMİR

- Keçən illər dəfələrlə müraciət etmişik. Məktublarımız var. Hamısını görüşdə göstərəcəyik. Bu, çox ciddi problemdir.

Naxçıvanda komissiyalar hakimiyyətin əlindədir
Naxçıvanda müstəqil mətbuatın olmadığını söyləyən Sabir Vəliyev hesab edir ki, təbliğat-təşviqat məsələsində pulsuz efirdən yararlanmaq imkanları məhduddur. Asəf Quliyev də deyir ki, onlar heç pullu təbliğat da apara bilməyəcəklər. Çünki MSK qanunvericilikdəki son dəyişiklikdən sonra namizədlərə maliyyə vəsaiti ayırmır, onların özlərinin isə maliyyə imkanları yetərli deyil.

Yerli müxalifət təmsilçiləri xarici diplomatların qarşısında təkcə şikayətlənməyəcəklər, həm də təkliflər irəli sürəcəklər. Faiq Əliyev deyir ki, onlar ATƏT-in uzunmüddətli müşahidəçilərinin seçkini sona qədər izləməsini istəyirlər. O cümlədən regionda azad mətbuatın dəstəklənməsi də təkliflər sırasında ola bilər.

MÜXALİFƏT NƏ PULLU, NƏ DƏ PULSUZ EFİR ALA BİLƏCƏK

Asəf Quliyevin sözlərinə görə isə, Naxçıvan televiziyasında namizədlərə pulsuz efir ayrılmır və onlar bu məsələnin həllində xarici diplomatların köməyini istəyəcəklər:

- Bəlkə diplomatlar MSK və Azərbaycan hakimiyyəti qarşısında məsələ qaldırsın ki, Naxçıvandakı namizədlərə pulsuz efir vaxtı ayrılsın. İndi, baxaq, görək necə olur.

ATƏT və Böyük Britaniya diplomatları Yeni Azərbaycan Partiyasının Naxçıvanda təşkilatının rəhbərliyi ilə də görüşəcəklər. Təşkilatdan AzadlıqRadiosuna yalnız bunu deyiblər və hansı məsələlərin müzakirə olunacağını açıqlamayıblar.
XS
SM
MD
LG