Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:29

Tovuzun kəndi niyə susuz qalıb?


Tovuzda su problemi
Tovuzda su problemi
Tovuzun Vahidli kəndi susuz qalıb. Kəndin sakinləri Azadlıq Radiosunun “Qaynar xətti”nə şikayət edirlər ki, kəndə su verilmədiyindən bu yay kəndçilərin əkin sahələri külə dönüb. Əkin sahələri bir tərəfə, heç həyətlərə də su verilmir. Şikayətçilərdən biri Rizvan Məmmədov bu mövsüm əkin sahəsindən məhsul toplaya bilmədiyini deyir:

“ÖZLƏRİ İSTİFADƏ ETDİLƏR, BİZ SUSUZ QALDIQ”

“Kəndin yuxarısında Quşçu kanalı var, onun suyundan da icra hakimiyyətinin, bələdiyyənin, su idarəsinin işçiləri özləri üçün istifadə etdilər, biz istifadə edə bilmədik. Su ora yığılır, ordan da axıntı çayına axır, ayın bir həftəsini, on gününü də bizə buraxmırlar ki, biz də bağ-bağatımızda, əkin sahələrimizdə istifadə edək. Torpaqla dolanan adamlarıq. Bütün əkin sahələrimiz, ağaclarımız yandı. Kəndin aşağı hissəsindən də 300-500 metr aralıdan axıntı çayı axır, ancaq bu çayın da bizə faydası yoxdur, biz o çaydan vedrələrlə su daşıyıb istifadə edə bilərik, ancaq istifadə edə bilmirik”.

YALANÇI VƏDLƏR ƏKİN SAHƏLƏRİNİ QURUTDU

Rizvan Məmmədov deyir ki, kənd camaatı dəfələrlə yığılıb su idarəsindən, kənd icra nümayəndəliyindən xahiş edib ki, suyu buraxsınlar: “Dedilər bu həftə olar, gələn həftə olar, yalançı vədlər verdilər, mənim əkin sahəm də yandı, yonca əkmişdim”.

Tovuz rayon İcra Hakimiyyəti başçısının aqrar sahə üzrə müavini Niftalı Qasımov deyir ki, həmin kənd suyu göldən alır. Bu yay yağışlar yağmadı, göl qurudu:

SUSUZLUĞU HƏLL ETMƏYİN SİVİL YOLU

“Vahidli kəndi suyun gözündədir. Uzun müddət yağış olmadığı üçün kəndin yaxınlığındakı göl quruyub. Ancaq ordan nə su çıxsa, birinci həmin kəndə verilir. Bu il havaların quraq keçməsi ilə əlaqədar göldə su azalıb, həm də lilli su çıxır”.

Bir sözlə, Niftalı Qasımov deyir ki, əkin sahələrinin yanması təbiətin işidir. Ancaq ümidini yonca əkib çörəkpulu qazanacağına bağlayan kəndlilər deyirlər ki, rəsmi şəxslər təbiəti qınamasınlar. Gözünü buludlara dikib yağış gözləməkdənsə, kəndin su problemini daha sivil qaydalarla həll etsinlər. Məsələn, kəndə su xətləri çəksinlər ki, camaat sudan geninə-boluna istifadə etsin.
XS
SM
MD
LG