Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 22:41

Gəncəlilərin lift əzabı…


Gəncənin hündür mərtəbəli binalarındakı liftlərin çoxu istismar müddətini başa vurub. Gəncədə 147 saylı 7 mərtəbəli binada yaşayan Sürəyya Məlikova deyir ki, 4 ildir su qablarını piyada yuxarı qaldırır. Onun sözlərinə görə, 3 il əvvəl lift işçiləri gəlib müasir formalı liftin təkcə qapılarını quraşdırıb gediblər. Ondan sonra iş yarımçıq qalıb:

“2007-ci ildən necə quraşdırıblarsa eləcə də dayanıb. Gəlib heç deyən də yoxdur ki, bu lifti düzəldəcəyik ya yox. Camaat hamısı piyada düşür-çıxır. Sakinlər - yazıqlar səhər işə gedir, yuxarı çıxanda aşağı düşə bilmirlər”.

Yeni Gəncə qəsəbəsinin sakini Zemfira Əliyeva isə deyir ki, binalarındakı lift qəzalı vəziyyətdədir. Öz vəsaitləri hesabına yüngül təmir etdirirlər, amma çox keçmədən yenə xarab olur, istismara yaramır.

CAMAAT ZÜLM ÇƏKİR…


“5-6 idir 8-ci mərtəbəyə piyada qalxırıq. Hər dəfə kommunal idarədən gəlib 5-10 manat yığırlar, düzəlir 2 günə yenə qırılır artıq istismara yaramır. Maraqlanmırlar camaat zülm çəkir axı. Yaşlı, xəstə var, çətin olur düşüb çıxmaq. Gəldilər bir az düzəliş verdilər sonra yenə eləcə getdilər”.


2007-ci ildən etibarən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə “Qafqaz Lift Servis” şirkəti arasında müqavilə imzalanıb. Bu müqaviləyə görə, Gəncədəki bütün liftlər əsaslı təmir edilməli, istismar müddəti başa çatanlar isə yenisi ilə əvəzlənməlidir.

İlk vaxtlar 43 ədəd lift əsaslı təmir edilib. Yenilənən 27 ədəd liftin cəmi 10-u istismara verilib. Yarımçıq qalan 17 lift hələ də istismara verilməyib. Layihənin icraçısı olan “Qafqaz Lift Servis” MMC-nin direktor müavini Bəybala Şamilov deyir ki, bu il də nəzərdə tutulan 58 liftin təmiri və yenilənməsi dayanıb.

Bəybala Şamilov
Səbəb isə sifarişçi tərəf olan Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfat və İstehsalat Birliyinin bu il üçün tələb olunan vəsaiti verməməsidir.

PUL, PUL, PUL…


“Səbəb maliyyə problemidir. Pulu müqavilədə göstərildiyi kimi, Gəncə Mənzil Kommunal Təsərrüfat və İstehsalat Birliyi ödəməlidir. Bu il üçün nəzərdə tutulan liftlərin sayı 58 ədəddir, onun 48-i əsaslı təmirə getməlidir, 10-u yenilənməlidir. Şəhərin müxtəlif ərazilərində, Şah İsmayıl Xətai prospektində, Yeni Gəncə qəsəbəsində quraşdırılmalıdır. Amma maliyyə olmadığından işə hələ start verilməyib”.

Bəybala Şamilovun deməsinə görə, hər il olduğu kimi, bu il də müqavilə yenilənib. Kommunal şöbə vəsaiti ayırmamaqla müqaviləni qanunsuz olaraq pozur. Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Abit Əliyev isə deyir ki, artıq müqavilə əsassız sayılır. Bu ildən etibarən sifariş də, icra da mərkəzi qurumları tərəfindən həyata keçiriləcək:

MÜQAVİLƏ QÜVVƏSİNİ İTİRİB?

“Lift dövlət vəsaiti ilə yerinə yetirilməlidir. Bu sakinlərdən yığılan vəsait heç onların işlətdiyi elektrik enerjisini ödəmir. Hansındakı təmir qurtarıb onlar istismara verilib. Yenilərin təmirinə bu yaxınlarda başlamalıdırlar, amma biz eləmirik icra işlərini “Azlift” edəcək, çünki vəsait onlara ayrılıb. Bakı, Mingəçevir, Sumqayıt, Gəncə şəhərlərində binalardakı liftlər yenilənəcək”.

Artıq ilin başa çatmasına 3 ay qalsa da, hələ nə istismara verilməsini gözləyən, nə də təmirə ehtiyacı olan liftlərə gəlib baxan var. 58 yaşlı Sürəyya Məlikova kimi əksər sakinlər uzun- uzadı pilləkənləri piyada qalxmağa məcburdular. Gəncədə 150-dən çox hündür mərtəbəli binalar var ki, onların əksəriyyətində lift sistemi işləmir.
XS
SM
MD
LG