Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:55

YAP-ın açıqlanmayan siyahısı ətrafında ajiotaj…


Əhəd Abıyev
Hakim Yeni Azərbaycan Partiyası (YAP) hələ də seçki siyahısını cəmiyyətə təqdim etməyib. Halbuki qarşıdan gələn parlament seçkilərində iştirak etmək istəyən əsas partiya və bloklar artıq siyahılarını cəmiyyətə təqdim ediblər.

YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə deyir ki, hələ vaxt var. Onun sözlərinə görə, yaxın günlərdə hakim partiya da cəmiyyəti öz namizədləri ilə tanış edəcək. Ancaq indidən bəzi qəzet və internet saytları öz təxminlərinə güvənməklə YAP rəhbərliyini qabaqlayıb, bu partiyanın namizədi saydıqları insanların siyahılarını dərc edirlər.

Həmin təxminlərdə isə hakim partiyadan olan bəzi mövcud millət vəkilləri siyahıya daxil edilməyiblər.

MƏN NİYƏ SİYAHIDA OLMAMALIYAM?

Olardan biri - millət vəkili Əhəd Abıyev həmin siyahıları falçı təxminləri sayaraq nəinki özünün Yeni Azərbaycan Partiyasının siyahısına düşəcəyinə, hətta deputat seçiləcəyinə də ümid bəslədiyini gizlətmir:

- Kim dövlətçiliyə sədaqətli olubsa, Azərbaycançılıq ideyasının, dövlətçiliyin qorunmasında və parlamentdə qanunların qəbulunda fəallıq edibsə, millət vəkili seçiləcək. Onlardan biri də mənəm.

Ancaq Əhəd Abıyevin sözlərinə görə, partiya rəhbərliyindən hələ kimsə ona bu siyahıya düşüb-düşməyəcəyi ilə bağlı heç nə deməyib. O güman edir ki, potensial namizədlərdən bu günə kimi heç kimə bu barədə heç nə deyilməyib. Əhəd Abıyevin fikrincə, bu, partiya sədrinin və idarə heyətinin qərarından asılıdır:

- Heç kimə xəbərdarlıq olmayıb. Xəbərdarlığa, tanışlığa, yerlibazlığa ehtiyac yoxdur. Partiyanın rəhbərliyi var və kimi məsləhət biləcəklərsə, onlar da olacaq…

«SİYAHI» OVU…

Dəqiq olub-olmamasından asılı olmayaraq, bəzi siyasi müşahidəçilər ayrı-ayrı qəzet və internet saytlarının bir növ siyahı ovuna çıxmasını çox təbii qarşılayırlar. Həmin siyasi müşahidəçilərin fikrincə, cəmiyyət yaxşı başa düşür ki, Azərbaycanda əsas məsələ xalqın etimadı yox, hakim elitanın siyahısına düşməkdir və ona görə də bu tip dırnaqarası kəşflərə böyük maraq var.

Nemət Pənahlı
NEMƏT PƏNAHLININ UNUDULMAZ SİYAHISI…

Üstəlik, əvvəlki seçki təcrübəsi də belə məsələlərə barmaqarası yanaşmağa əsas vermir. Hələ 1995-ci il parlament seçkilərindən düz 2 ay əvvəl o vaxt Prezident Aparatında çalışan meydan hərəkatının tanınmış simalarından Nemət Pənahlı da bir siyahı dərc etmişdi.

Sonradan cəmiyyət şahid oldu ki, Nemət Pənahlının siyahısında yer alan 120 nəfərin bir-ikisi istisna olmaqla hamısı millət vəkili seçildi. Əslində, Nemət Pənahlı o siyahını dərc edəndə bunun təxmin üzərində qurulmuş siyahı olduğunu demirdi. O, Prezident Aparatında mövcud olan siyahını açıqladığını bəyan etmişdi:

- Onların içərisində bu millətə, bu xalqa xəyanət etmiş, simasız insanların olmasına mən etiraz etdim. Bu, biabırçılıq idi. O başqa məsələ ki, hakimiyyət siyahısında olan adamların qanunsuz yolla millət vəkili seçilməsinə çalışır. Ancaq mənim fikrimcə, hakimiyyətin siyahı tutmasında qeyri-normal heç nə yoxdur…

Ancaq 2005-ci ilin seçki təcrübəsinə istinad edən bəzi ekspertlər də deyir ki, YAP-ın təqdim edəcəyi siyahı ilə inzibati aparatın dəstəklədiyi namizədlər üst-üstə düşməyə də bilər.

Hər halda hakim partiyanın seçki siyahısına cəmiyyətin seçkilərlə maraqlanan kəsiminin marağı böyükdür. «AXCP-Müsavat» seçki blokunun siyahısında təmsil olunan bitərəf namizəd Ərəstun Oruclunun fikrincə, bəziləri hələ də güman edir ki, o siyahıda gənc, yeni simalara rast gələ bilərlər. Ancaq Ə.Oruclu hesab edir ki, hakim partiyanın siyahısında yeni simalara rast gəlinsə belə, mahiyyət üzrə heç nə dəyişməyəcək.

İndi seçkiyə maraq göstərən insanlar arasında bir çoxlarını əsasən bir sual düşündürür:

YAP SİYAHISINI AÇIQLAMAĞI NİYƏ GECİKDİRİR?


Zəfər Quliyev
«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev deyir ki, hakimiyyət daxilində qruplaşmalar arası ziddiyyətlər vahid siyahı müəyyənləşdirməyə mane olur:

- Güman etmək olar ki, burada ailənin öz mövqeyi var. Ailə içərisində fərqli mövqelər ola bilər. Oliqarxların öz maraqları var. Tutaq ki, Kəmaləddin Heydərovdur, Ziya Məmmədovdur hərə parlamentdə öz lobbi qruplarını yaratmaq istəyir…

Zəfər Quliyevin fikrincə, bu seçkilərdə həm cəmiyyətin, həm də müxalifətin iştirakı formal xaraker daşıyır. Əsas rəqabə elə hakimiyyətin öz içində gedəcək.
XS
SM
MD
LG