Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:56

Eyvaz Zeynalov "Qarabağ dərdi" (Hekayə)


Elşən yolun kənarındakı dikdə ani ayaq saxladı. Günəşin yandırdıcı şüaları altında dəsmalla boyun-boğazının tərini silə-silə hər gəlişində bir az da böyüyüb yaşıllaşan, abadlaşan çadır şəhərciyini diqqətlə gözdən keçirdi. Şəhərcik get-gedə ona daha artıq öz kəndlərini xatırladırdı.

İllah da doğma adamları ilə! (Əslində burda bir neçə rayonun qaçqın-köçkününün dəsti-xətti vardı.

Hərə sanki kor-koranə öz keçmiş həyət-bacasının, kənd-kəsəyinin oxşarını yaradırdı.) Həmkəndlilərindən, qohum-əqrəbasından şəhərcikdə məskunlaşan çox idi.

Ayağı bu tərəflərə düşəndə onlara, ələlxüsus da əmisinə baş çəkməmiş geri dönməzdi. Axı qayıdanda ata-anasının sorğu-sualına ətraflı cavab verməliydi.

Şəhərcikdəki yeniliklərlə maraqlanacaq, bir-bir qohum-əqrəbalarını, əmisini, əmisi uşaqlarını soruşacaqdılar.

Odur ki, Elşən bu dəfə də işini qurtarandan sonra şəhərciyə baş vurmaq, əmisigildə gecələmək, ümumi vəziyyətdən hali olmaq, səhər tezdən Bakıya qayıtmaq fikrindəydi…

Qaçhaqaçda kənddən hamısı bir çıxmışdı. Lakin sonra yolda atası fikrini dəyişərək əmisindən, böyük qardaşından ayrılıb arvad-uşağını Bakıya aparmışdı.

Elşən orta məktəbi, universitetin jurnalistika fakültəsini Bakıda qurtarmış, indi onu bu rayona tamam özgə bir məsələdən ötrü ezamiyyətə göndərmiş qəzetdə fəaliyyətə başlamışdı…

Bir zaman dеsəydilər ki, gün gələcək bu ilan mələyən şoran çöllükdə adamlar belə bağ-bağatlı yaşıl bir şəhərcik salacaq, heç kəs inanmazdı. Dəhşətli qada-bala hamını birdən yaxalamışdı. Karıxıb qalmışdılar.

Nədən, necə başlayacaqlarını bilmirdilər. Ürəkləri təzə yer-yurda qızmır, əlləri işə yatmırdı. Doğma yurd-yuvanın, kənd-kəsəyin havası başlarında, iyi hələ burunlarındaydı.

Yatanda da, duranda da oraların xiffətini çəkir, yuxularını görürdülər. Hər şey yavaş-yavaş öz axarını tapırdı.

Yarıkönül mehr saldıqları yad torpaqlar (çox da vətən torpağıydı) qurub-tikdikcə, nəfəsləri ilə qızdırdıqca doğmalaşırdı. Hansı əzab-əziyyətlər, məhrumiyyətlər bahasına, bunu bir allah bilirdi...

Əvvəl dindirəndə deyirdilər, buracan elədiklərimiz axı kimlərə qaldı ki, bundan beləsinə də əlimiz qalxsın?

Amma sonra torpağa necə bərk pirləndilərsə hər qarışını, daşını-kəsəyini də qənimət saydılar.

Belə olmasaydı başlanğıcda geniş, enli götürdükləri küçələri sonradan doğma kənd-kəsəklərindəki kimicə çal-çəpəri irəli basa-basa daraltmazdılar.

Bunu görəndə fikirləşirdin ki, yəqin daha taleləri ilə barışıb, doğma torpaqları birdəfəlik unudublar. Lakin ağızlarını arayanda başa düşürdün ki, yanılmısan, heç nə yaddan çıxmayıb.

Hər şey ürəklərdə niskilə çevrilərək daşlaşmışdı. Sadəcə, kəndli psixologiyasıydı, oturuşduqca, kök atdıqca özünü büruzə verirdi...

Son vaxtlar çadır şəhərciklərini yerli-dibli ləğv edəcəkləri, sakinlərini də müxtəlif bölgələrdə salınan qəsəbələrə (qondarma adlarından başqa konveyerdən çıxmış kimi hamısı bir-birinincə eyniydi) köçürəcəkləri haqqında söz-söhbət gəzirdi. Həm də bu adi söz-söhbətə oxşamırdı...

Çadırları çoxdan suvaqlı qarğı daxallar, kərpic, lap elə daş evlər əvəz etsə də arxivdə tozlanan köhnə lentləri müxtəlif məqsədlər, sifarişlərlə telekanallarda təkrar-təkrar fırladır, Bakıda-şəkidə də baxıb qaçqın-köçkünün halına acıyır, vaysınırdılar.

Hamı kimi Elşən də əvvəl buna o qədər əhəmiyyət vermirdi. Yeni salınan qəsəbələrin təbliği kütləviləşəndə hər şey aydınlaşdı...

O zaman, erməni kənd-kəsəyindən qovanda olduğu kimi yuxarılar (rahat kabinetinə pir deyənlər) yenə millətin problemlərinə sərfəbazarı, öz xeyir-şər nöqteyi-nəzərindən yanaşırdılar.

Bu, dolayısıyla növbəti dəfə yaddaşlara təcavüz, on ildən artıq müddətə formalaşmış əlaqələri, ünsiyyəti təzədən düşməncəsinə qırıb-dağıtmaq, pozmaq, Qarabağı qarabağlılara unutdurmaqdı...

Əmisinin həyət-bacası dədə-baba kəndlərindəki kimi böyükdü. Ancaq qıraqları, böyür-başı oradakı kimi çal-çəpər deyildi. Bu ətrafda bol olan qamışdan hörülmüşdü. Geniş qapısı da qarğıdandı...

Ortalıqda gəzən səmə it duyuq düşüb tez özünü yetirsə də nə edəcəyini kəsdirmirmiş kimi iri, ilk baxışdan zəhmli görünən pərtdə gözlərini Elşənin üzünə zilləyib durdu.

Qaçıb tezcə onun böyründə şöngüyən qulağı təzə kəsilmiş (qanlı qartmağı hələ tökülməmişdi) küçük tez-tez itə tərəf çönür, ondan nəsə bir hərəkət, təşəbbüs gözləyirdi.

- Nədi, Vasqa, məni tanımadın?.. - Elşən qabaqlamaq məqsədi ilə (bir də gördün cumdular) itə qılıqlandı.

İtin birdəncə quyruğunu bulayaraq dönüb tənbəl-tənbəl uzaqlaşmasından başa düşdü ki, tanıdı. Küçük himə bənd imiş kimi ayaqlarına dolaşmağa, Elşənlə oynamağa başladı...

Yolun yarısında əmisi nəvələri (ikisi də oğlan uşağıydı) lap elə ayağına dolaşan qulağı kəsik küçük kimicə hürkək-hürkək, utana-utana, tanıyandan sonra gülə-gülə, itələşə-itələşə Elşənə tərəf götürüldülər.

Hərəsinin də altında bir qarğı at. İkisini də qucaqlayıb öpdü. Sumkasından çıxartdığı yağlı, şirin kökələri, oyuncaq tapançaları qoltuqlarına verdi.

Yan-yörədə vurnuxan, girəvə axtaran küçük tullanaraq uşaqların əllərindəkini qapmağa çalışsa da imkan tapmadı. Hərəsi öz payını bərk-bərk sinəsinə sıxaraq evlərinə tərəf qaçdı. Küçük də dallarınca...

Əmisinin iki oğlu vardı. Qaçhaqaç zamanı elə onun kimi orta məktəbdə oxuyurdular. Çadır şəhərciyində ərsəyə yetmişdilər.

Böyüyü ailə qurub oğul-uşaq sahibi olsa da kiçiyi hələ ki, evlənmək fikrində deyildi.

Bərk hazırlaşırdı ki, Bakıya gedəcək, oxuyub alim olacaq. Bu, atasının, Elşənin əmisinin də arzusuydu. Cavanlığında o da bu arzu ilə yaşamışdı.

Amma atası tez evləndirmiş (elə özünün də canında vardı), arvad-uşaq başını qatmış, hər şey yaddan çıxmışdı…

Uşaqların hay-harayına əmisi oğlu, gəlini qabağına yeridi. Hal-əhval tuta-tuta əlüzyuyana su tökdülər, təmiz məhrəba gətirdilər.

- Kaçalkanız işləmir?.. - Elşən soruşdu.

- Kaçalkanın suyu soyuqdu, yol gəlib tərləmisən, ziyan eləyər. - Əmisi oğlu canıyananlıqla dedi.

- Eləməz, soyuq yaxşıdı...

Gücləri zorla çatsa da “kaçalka”nın dəstəyini basmaqdan yana bir-biriynən dartışan balacalar (aralarında yaş fərqi azdı, lap əkiz taylara oxşayırdılar) Elşənin boyun-boğazına vurduğu buz kimi soyuq su üstlərinə sıçradıqca atılıb-düşür, çığırışırdılar.

Lap axırda ovcunu doldurub içəndə əmisi oğlu yenə böyürdən dilləndi ki, içmə, duzlutəhərdi, biz onu qaynadıb içirik, vecinə almadı.

- Bakıda içdiyimiz Kürün suyundan pis deyil ki!.. - dedi.

- Deyirlər, vallah, guya gürcülər Kürün suyunu hökumət səviyyəsində heyvanlara belə verməyi qadağan edib?. - Əlindəki zoğal ağacını divarın dibinə söykəyib ona sarı gələn əmisinin səsini eşitdi. Görüşüb öpüşdülər.

- Kürü murdarlayan elə onlar, bir də ermənilərdi…

Bir azdan əmisi oğlu atasının him-cimiynən gimrik quzulardan birini qılçalayıb ərik ağacının altına çəkdi. Gəlin əlində iri bıçaq, dolu su qabı dalınca getdi. Uşaqlar da onlara qoşuldular.

- Ay əmi, vallah, mənə heç nə lazım deyil. - Elşən məsələni başa düşüb onlara mane olmaq istədi. - Onsuz da hər gün yediyimiz ətdi. Mən üzlü qatıq, pendir tamarzısıyam...

- Ə, az danış, gəl otu yerində! - Əmisi acıqlandı. - Bakıda hər gün quzu əti, quzu kababı yeyirsən?..

Quzunun buğlanan içalatını çıxardıb yerə atan kimi bayaq Elşənin Vasqa çağırdığı səmə it olar-olmaz qanmadan dartışdırmağa başladı. Əmisi kənardan iradını bildirdi:

- Ə, içalatı aparın zəncirdəki itin qabağına qoyun. Buna bir az saxlasanız bəsidi. Ortalıqda sülənə-sülənə ağına-bozuna baxmır, nə gəldi yeyir, özünə korluq verən deyil. Amma zəncirdəki sonalayandı, hər şeyi bəyənmir...

Zəncirdəki it evin arxasında, öz damındaydı. Əmisi gecə arvad-uşağın ayağı həyət-bacadan yığışanda açıb azadlığa buraxırdı. Onun qorxusundan bir inni-cinni bu həndəvərə hərlənməzdi...

İçalatı əlindən aılnan səmə itin ağzının suyu şora versə də yaxına dura bilmir, elə kənardan maddım-maddım baxa-baxa payının haçan veriləcəyini gözləyirdi...

Ocaq çatdılar, quzu kababını bişirib stola gətirdilər. Hər şey yaxşıydı. Bircə ortalıqda qaynaşan milçəklər könül bulandırırdı. Nə qədər qovsan da xeyiri yoxdu, bir deyildi, beş deyildi...

Bakıda Elşənin anası pəncərələrə tor tutmuşdu. Vay oydu evdə bir ağcaqanad, yaxud milçək görünəydi, hərəsinin əlində bir milçəkvuran haray-həşir qopurdu. Tapıb öldürməyincə sakitləşmirdilər...

Elşənin narahatlığını görən əmisi oğlu gətirib stolun üstünə, yeməklərin ara-bərəsinə qoz yarpağı düzdü. Milçək bir az geniyib seyrəldi...

Sonra əmisinin sözü olmasın, gəlin tələsərək Elşənə bir kasa camış qatığı gətirdi. O da üzə düşərək (axı demişdi, qatıq tamarzısıdı) həmin saat:

- Hə, bu başqa məsələ, - deyib kababdan əlini yarımçıq çəkdi.

Yeyə-yeyə altdan-altdan maraqla çoxdan yadırğadığı həyət-bacadakı heyvanları müşahidə edirdi. Talvarın kölgəsində bağlanmış camış arabir burnunu irəli uzadaraq muşquran sayaq için-için böyürdükcə iri qulaqları qoşa çəkilən avar kimi gülməli şəkildə enib-qalxırdı.

- Bu istidə yazığın günahı nədi ki, tutub bağlamısınız?.. - Elşən sоruşdu.

- Ayağını yaralayıb. - Əmisi oğlu dedi. - Tayı yaxındakı göldədi deyə narahatdı...

- Heyvanın paxılı ələ düşməz, qardaş oğlu, - əmisi əlavə etdi. - Bilir ki, о orda, göldə sərniyir, bunun burda canının yeri darıxır.

- Görməyə-görməyə nədən bilir ki, hardadı, neyniyir?..

- Uzaqdan-uzağa öz dillərində bir-biriynən danışırlar (diqqət yetirəndə, doğrudan da, arabir hardansa başqa bir camışın da böyürtüsü eşidilirdi), bu ondan harda olduğunu, neynədiyini soruşur, o da göldə kefə baxdığını bildirir.

Bəlkə də heç göldə ağnıyıb sərnimir ha! Belə də, necə deyərlər, gopa basır. Amma hər şey tərsinə də ola bilər. Necəsə bu ona acıq verər, o orda bunun paxıllığını çəkər...

Bir azdan bayırdakı camışın başıynan qarğı qapını basıb çamuru süzələnə-süzələnə həyətə girməsiynən hər ikisi sakitləşdi. Hansı hansını aldatmışdı, bunu allah bilirdi...

Qonşu həyətlərdən gah orda, gah da burda eşşəklərin anqırışması da yəqin boşuna deyil, bu qəbildən olan bir şeydi...

Həyətin o başında qarğının arasından zorla içəri dürtülən qara bir it dayanıb çəkinə-çəkinə ətrafı gözdən keçirməyə başladı.

Səmə it duyuq düşsə də əhəmiyyət vermədi. Yerindən qalxmağa belə ərindi. Uzandığı vəziyyətdə başını qaldırıb ona tərəf əyri-əyri baxmaqla kifayətləndi.

Çağırılmamış “qonaq” da ürəklənərək bağı dolanmaq fikrinə düşdü. Evin arxasındakı it deyəsən bunu gördü-nəydisə birdəncə özünü yeyib-tökdü.

Qulağını şəkləyib duran yad itin zəncirdəkindən ağlı bir şey dadmadı. Gəldiyi kimi də dinməz-söyləməz geri qayıtdı.

Zəncirdəki itin yava hürüşü isə o zaman kəsildi ki, qeyrətində boğulan səmə it (elə bil bu dəfə ona hürür, ona acıqlanırdı) nəhayət, qalxıb tənbəl-tənbəl yad itin dalınca qarğı hasara doğru getdi, yalandan, xala xətrin qalmasın, bir-iki ağız hürdü…

Əmisi oğlu üzünü evin arxasına tutub zəncirdəki itə acıqlandı. Əmisi dedi:

- İtnən işin olmasın!..

- Görmürsən boşuna hürür?.. - Əmisi oğlu özünə haqq qazandırdı.

- Boşuna hürmür!.. - Əmisi acıqla dedi. - Sən elə şeyləri qanmazsan! - Nə fikirləşdisə handan-hana əlavə etdi: - Kaş zamanında biz də öz yerimizin-yurdumuzun keşiyində elə onun kimi ayıq-sayıq dayana biləydik…

Barama qurdunaca oxşayan pipiyi dimdiyi aşağı sallanan, qanadları yer süpürən erkək hinduşka fısıltıynan onu heç saya salmadan ortalıqda dənlənən fərənin başına fırlanırdı.

Əmisi nəvələri təpinən kimi pipiyi yığılır, qat-qat buxağı-başı göyərir, aradan bir az keçmiş təzədən qızarıb pörtürdü. Lakin əlindən bir iş gəlmirdi…

Hardasa yaxınlıqda arabir cırcıramaların monoton, zəhlətökən səsini batıran qəribə bir quş oxuyurdu. Ancaq hansı quşdu, ayırd edə bilmir, soruşmağa da utanırdı. Uçub yaxınlıqdakı qarağatlığa qonanda gördü ki, qaratoyuqdu, təəccübləndi. Qaratoyuqda belə səs?..

Bütün bunlar kəndlə bağlı Elşənin daxilində mürgüləyən keçmiş hisslərini, xatirələrini oyadır, ürəyi qübarlanırdı.

Hələ şər qarışana yaxın əmisinin o biri oğlu inək qarışıq otarmağa apardığı qoyunları gətirəndə quzuların mələşə-mələşə analarına cummaları, altdan yuxarı dox vura-vura döşlərini sortuqlamaları tamam özgə bir mənzərəydi...

- Ay əmi, heç olubmu bu məqamda quzular analarını dəyişik salsın? - Elşən soruşdu.

- Heyvanlarda anadangəlmə, instinktlə tanıma qabiliyyəti çox güclüdü, qardaş oğlu, - əmisi dedi.

Heyvanın çöldən qayıtmağı ilə həyət-bacada iş artsa da hərə neyniyəcəyini əvvəldən bilirdi.

Əmisi nəvəsinin, həm də kiçiyinin tut ağacının altında qırtıldaya-qırtıldaya balalarını başına yığan kürt toyuğun (bağlamışdılar ki, uzağa gedər, yiyəsizlikdə balalarını qurd-quş daşıyar) ipindən yapışaraq böyüklər sayağı işgüzarlıq və səriştə ilə çəkə-çəkə aparıb hininə saldığını, dalınca balalarını içəri doldurub qapağını örtdüyünü görəndə heyrətləndi.

- Ə, sən nə ağıllı oğlansan! - Qeyri-ixtiyari uşağı təriflədi.

- Bu evdə böyükdən kiçiyə hamının öz işi var, qardaş oğlu... - Kənardan hər şeyə göz yetirən əmisi məmnunluqla güldü. - Onun dа işi-gücü səhər-səhər toyuq-cücəni hinindən açıb buraxmaq, axşamlar da yerinə salmaqdı.

- Neçə yaşı var, əmi? Heç danışa bilirmi? - Elşən gələndən fikir versə də uşağın danışdığını görməmişdi.

- Üç yaşındadı. Hələ əməlli danışmır, amma hər şeyi başa düşür…

Uşaq gedəndən sonra hardasa azıb qalan cücələrdən biri çığır-bağırla özünü yetirib qapağın böyür-başından içəri keçməyə yer axtarsa da tapmadı. Dayanmadan, aramsız cükküldəyir, başını ara-bərədən içəri soxur, neyniyirdisə bədəni keçmirdi.

O üzdə anac toyuğun qırtıltısına qarışmış cücələrin həyəcanlı civiltisi hini başına götürmüşdü. Handan-hana haray-həşiri eşidən uşaq qaçaraq qayıtdı.

Qapağı aralayıb cücəni içəri ötürdü, sakitliyi bərpa etdi...

Həyət-bacada yır-yığışı qurtarıb təzə rahatlanmışdılar ki, elektrik lampasının güclə işıqlandırdığı cığırda əliağaclı bir kişi göründü.

- Qonşu, gəlmək olarmı? - Kəndçilərindəndi. Cavab gözləmədən gəlib onlarla əl tutdu, boş stulda əyləşdi. - Eşitdim qardaşoğlun gəlib. Dedim, keçim bir hal-əhvallaşım. Həm də görüm bizim başımıza gətirdiklərindən ağlı nə kəsir? Bakıda nə deyib, nə eşidirlər?..

- Nə məsələdi ki?.. - Elşən sual dolu baxışlarını əmisinin üzünə dikdi.

- Əşi, bekara söhbətdi, sənlik deyil... - Əmisi sözkəsənliklə dedi.

Əmisi çox sərt, qapalı adamdı. Arvadı rəhmətə gedəndən sonra xasiyyəti bir az da tündləşmişdi. Hər saat sözünü çevirmir, xətrinə dəymirdilər.

- Ə, niyə bekara söhbət olur? Bir də gördün “Kamaz”ı dirədilər böyrünə ki, şələ-küləni də yığ köç, neyniyəcəksən? De, qardaşoğlu da halı olsun. Lap elə qəzetində işıqlandırsın. Bəlkə qələmi düşərli oldu...

- Az işıqlandırıblar?..

- Yaman da işıqlandırıblar! Biz burda bir söz deyirik, allah insaf vermişlər gedib orda başqa cür yazıb-pozurlar. Bəlkə yalandı?..

- Qardaş, mən heç yana köçmürəm, vəssalam!.. - Əmisi elə dedi, guya bu saat onu köçürtməyə gəlmişdilər.

- Qardaşoğlu, - qonşu üzünü Elşənə tutdu, - ev-eşiyi bulduzerə verib uçurdur, həyət-bacanı düzləyirlər, baxırsan ürəyin qana dönür. Budey, bu səmtdəkiləri köçürüblər, - əlini yana qovzadı, - səhər işıqlaşanda gedib xarabasına özün baxarsan...

- Ə, yeri deyil, qızışma görək... - Əmisi elə bil ona mane olmaq, nəyisə qandırmaq istəyir, ancaq bir tərəfdən başa düşməyəcəyindən, o biri tərəfdən kimisə, nəyisə duyuq salacağından ehtiyatlanırdı.

- Boyy, ə, niyə yeri deyil?.. - Qonşusu təəccübləndi.

- Yaxşı də, bir hovur səbrini bas görüm... - Əmisi birdən əsəbi halda ayağa qalxıb evə tərəf addımladı. - Rast belə oldu, durun keçin içəri... - Elə bil uşaq-muşağa göstəriş verirdi.

Qonşusu:

- Ə, evə niyə, ev bürküdü, - desə də durub başını bulaya-bulaya yarıkönül əmisinin dalınca getdi. - Yoxsa kiminsə esidib böyüklərə xəbərləyəcəyindən çəkinirsən?..

Elşən də məcbur olub onlara qoşuldu. Ev, həqiqətən, bürküydü. Lakin əlac nəydi, əmisi belə istəyirdi.

- Hə, indi nə qədər kefindi danış, ürəyini boşalt. Ağaclar da canlıdı, hər şeyi eşidib başa düşür axı...

Hər ikisi, həm qonşusu, həm də Elşən heç nə anlamadan mat-məəttəl əmisinin üzünə baxdı. Bu nə danışır, ə?.. Gözlədilər ki, sözünü xırdalayacaq, amma ağzına su alıb durdu.

Qonşu təzədən danışmağa başladı. Arabir səsini bir balaca qaldırdıqca əmisi yenə eyni narahatlıqla döyükür, pəncərədən çölə, qaranlığa boylanırdı...
Elşən əvvəl elə bildi köçürsələr də bunları ürəkləri istəyən qəsəbəyə köçürtmür, istədikləri yeri vermir, ya da maşın-filanla təmin etmirlər.

Amma əmisi deyəndə ki, özləri köçmək istəmir, inanmadı. Dedi, axı tikilən qəsəbələri tez-tez televizorda göstərir, tərifləyirlər ki, hər bir rahatlığı var.

Yaxşı yolu, suyu-seli, işığı, on iki sot həyətyanı torpağı... Üstəlik də, bacarana, səriştəsi olana əlavə əkin-biçin sahəsi də ayırırlar...

Əmisi dedi, bunların hamısı kampaniya, küy-kələk, başaldatmadı. Bir də ki, onlara heç bir şey lazım deyil.

Özləri pis-yaxşı ev-eşik qurub, bağ-bağat salıb, heyvanları üçün şərait yaradıblar. Buraların havasına, suyuna zorla öyrəşsələr də (dağdan arana qovulan nətəər olar!) artıq özlərini, bir növ, öz kəndlərindəki kimi hiss edirlər.

Durub birdən-birə təzədən onları harasa köçürmək, kəndçiliklərinə təhsilə vaxtsız, arxadan vurulan əlifba zərbəsi kimi bir şeydi.

Canları, həqiqətən, yanirsa, çаtmayan əyər-əskiyi düzəltsinlər, vəssalam! Təzə tikilən qəsəbələrin nəyi burdakından artıqdı?..

Qaz, kanalizasiya orda da yoxdu, burda da... Köçənlərin deməsinə görə, evlərin çölü bəzək, içi təzəkdi, bir-iki aydan sonra gərək özün təzədən remont eləyəsən...

- Əmi, gəl belə danışaq də, sizin gücünüz çatıb, necə deyərlər, dişli-dırnaqlı olub özünüzə şərait yarada bilmisiniz. - Elşən dedi. - Əlsiz-ayaqsız, yetim-yesir də var axı...

- Biz səninlə yüz faiz razıyıq! - Əmisinin əvəzinə qonşusu cavab verdi. - Neynək, qoy onda təzə tikilən qəsəbələrə əlsiz-ayaqsızları, şil-şikəstləri, yol qırağındakı vaqonlarda yaşayanları köçürtsünlər…

- Ə, Bakıda-şəkidə əlsiz-ayaqsız yoxdu? - Əmisi fikrini tamam başqa cür, həm də daha sərt şəkildə bildirdi. - Tənbəl, ver yeyim, ört yatım, kasıb, ac-yalavac həmişə, hər yerdə olub. Quyuya su tökməklə quyu sulu olmaz axı.

O qəsəbələrə çəkilən xərcin üçdə biri çadır şəhərciklərinə xərclənsəydi, cənnətə dönərdi... Bir də, oğul, millətə iş-güc lazımdı.

Yedirdib-içirdən, dolandıran ev-eşik yox, iş-gücdü. О zaman başda oturanlarımız bir-biriynən tozanağa qalxdı, ara yerdə erməni torpağımızı, ev-eşiyimizi əlimizdən aldı.

Çalışıb-çabalayaraq hərə bir yerdə zor-güc, öz fərasətinə iş-güc, dolanışıq tapıb, indi də başlayıblar ki...

Əmisi nədənsə sözünü axıra çatdırmadı.

- Torpaq verəndi, odu qaynıma verəydi də, əzəldən əkinçidi. - Qonşu dedi. - О qapı qalmadı döyməsin, yazmasın. Axırda Bakıdakı böyüklərdən biri, nazirdi, deputatdı-nədi, torpaq almışdı kənd boyda, onu icarəyə götürüb becərir...

- Ə, bunlar atın qabağına ət, itin qabağına ot qoyandı. - Əmisi əsəbiliklə əlini yellətdi.

- Təzə şəhərciklərə sizin kimi köçmək istəməyən çoxdu?..

- Ə, kim özünə ala-babat gün ağlayıb, yaxşı həyət-baca qayırıb, ailəsini dolandıran iş-güc tapıb, köçmək istəmir. Əzəldən gözünü tulapayı yardım-yurduma tikən üçün nə fərqi var? Deyir, dərziyə dedilər, köç, iynəsini taxdı yaxasına, dedi, mən hazır...

- Bu haqda fikrinizi heç yuxarılara bildirmisiniz?..

- Bildirmisiniz də sözdü?.. - Qonşu yenə əmisini qabaqladı. - Baş nazirə, prezidentə, prezidentin arvadına teleqramanı teleqrama dalınca vurmuşuq. ANS-ə xəbər vermişdik. Dedik, bəlkə xeyiri oldu, yığışıb magistral yolu bağladıq. Televizordan gəlmişdilər, hamımızı danışdırıb çəkdilər.

Gedib üç gündən sonra köhnə çəkilişləri, şəhərcikdəki acınacaqlı vəziyyətdən dəm vuran icra başçısını, nümayəndələrini göstərdilər.

Guya kimsə araya girib bizi öyrədir, pərxaşdıq qatır. Halbuki özləri altdan-altdan bizə təsir göstərir, simsarlarını zor-güc təzə qəsəbələrə köçürürlər ki, şəhərcikdə sözümüzü deyən azalsın...

- Püşklə burada qonşu olanı bir-birindən ayırıb başqa-başqa qəsəbələrdə yerləşdirirlər.

Qəsəbənin eləsi var erməniynəncə üzbəüzdü. Sabah erməni atanda nə hökumət harayına çatacaq, nə də ATƏT-matət...

Qəfildən işıq söndü, hər tərəf qatı zülmətə büründü. Əmisi böyük oğluna him elədi.

- Ə, akkumulyatoru qoş.

О da qalxıb küncdəki akkumulyatorun (Elşən indicə gördü) sallanan tellərinin yerini dəyişən kimi tavandan əlavə asılmış lampa otağı işıqlandırdı. Televizor da göstərdi.

- Bu nədi, ay əmi?.. - Elşən soruşdu.

- Təzə əməldi, - əmisi güldü, - işlənmiş adi maşın akkumulyatorudu. Düz dörd dənədi. İşıq olanda zaryadkaya qoyuruq. Sönəndə şunurların yerini dəyişirik, işığımız da yanır, üstəlik televizorumuz da işləyir.

- О boyda lampaya gücü necə çatır?..

- Böyüklüyünə baxma, on iki voltluqdu. İkisi bəs eləyir, biri çöldə, biri evdə…

- Bəs televizorda deyirlər, qaçqınların işığını daha keçirtmirlər, rayonlarda işıq bütün günü yanır?..

- Bütün gün yanmağı ağ yalandı. Ancaq yaxınlaracan babatıydı. İndi icra nümayəndəsi işıq idarəsini öyrədir, o da bizə deyir ki, limitiniz qurtarır, daha sizə işıq verməyəcəyik. Tək işıqla sıxışdırmırlar. Köçməyənə deyirlər, vətənpərvərliyiniz çatmır.

Guya vətənpərvərlik bir yerdən başqa yerə köçmək, yaxud köçürtməkdi. Belə çıxır ki, erməni bizi yerimizdən-yurdumuzdan qovanda elə vətənpərvərlik öyrədirmiş...

- Təzə salınan qəsəbələrin əksəriyyəti 300-350 evlikdi. - Qonşu dedi. - Hərəsində də balaca bir məktəb tikiblər. Sabah uşaq çatışmasa ibtidai məktəb eləyəcəklər, tifillər qar-qiyamatda basa-basa qonşu kəndlərə gedəsi olacaq.

Hələ müəllim problemini demirəm. Təhsilimizin də necə bərbad vəziyyətdə olduğu hamıya bəllidi...

- Barı köçənə maşın-zad verirlərmi?..

- Handa kasıbı neçə ildə pis-yaxşı ev-eşiyini yığıb doldurub. - Əmisi dedi. - Minnət-sünnət bir reys maşın verirlər.

О da bəs eləmir. Məcbursan evini uçurdasan, taxta-tuxtasını, nə bilim, ələ gələnini satasan, üstünə də qoyub əlavə maşın tutasan, heyvanını, başqa şeylərini daşıtdırasan...

- Bəs bağ-bağat necə olur?..

- Necə olacaq? Cəllad kimi doğrayıb tökürlər. - Əmisi bunu deyəndə bayırda eşidiləcəyindən qorxurmuş kimi səsini qısdı. - Vallah, billah, bu, canlının canlıya xəyanətidi, günahdı. Eşidərsən, qardaş oğlu, deyir, yaponlar bir aparat icad edib.

Ağaca qoşub baltanı da verirlər birinə ki, filan budağı kəs. О da üzünü həmin budağa tutub hədələyə-hədələyə yaxınlaşanda aparat nə göstərsə yaxşıdı? Baxırlar ki, ağac qorxusundan zağ-zağ əsir...

Bir müddət heç hansı dinmədi. Araya çökən sükutu qonşu pozdu:

- Hə, qardaşoğlu, dərdimiz böyükdü. Gör neynirsən…

“Ehh, dəyirman bildiyini edir, çax-çax başını ağrıdır. Nə qədər ki, başbilənlərimiz, vəzifə sahiblərimiz arasında millətinə görə vəzifəsini, stolunu qurban verənlər yox, vəzifəsinə, stoluna görə millətini qurban verənlər çoxdu, vay bu millətin halına! Bu necə mentalitetdi, fələk də baş açmır...”

- Yaxşı, ay əmi, tutaq ki, sabah kənd-kəsəyimizi özümüzə qaytardılar. Yenə burda qalacaq, yığışıb yerimizə-yurdumuza getməyəcəksiniz?.. - Elşən birdən xatırlamış kimi soruşdu.

- Gedəcəyik, qardaş oğlu, öz də lap mələyə-mələyə gedəcəyik... - Əmisi dedi. - Bilirəm daşı hara atırsan.

Amma o köçmək bu köçməkdən olmayacaq! Cinlə şeytanı qarışdırma. Bir də, qayıdacağıqsa, gündə bir yerə köçürtməyin, bu qədər israfçılığın nə mənası var?..

Qəfildən gözləri televizorun ekranına sataşdı. Qəribə təsadüfdü, xəbərlər proqramında Bərdədəki çadır-şəhərciyini, sakinlərinin magistral yolu bağlamalarını göstərirdilər.

Kimi təzə tikilən qəsəbədə ona ev çatmadığından, kimi də ailəsi böyük olsa da ona iki, üç otaqlı əvəzinə bir otaqlı ev verildiyindən şikayətlənirdi. Bəzisi də deyirdi ki, evləri tamam kənar adamlara, nə bilim Bakıda-şəkidə, ursetdə yaşayan imkanlı qaçqın-köçkünə satıblar...

- Buna sözünüz nədi, ay əmi? - Elşən üzünü əmisinə çevirdi. - Qəsəbələrə köçmək üstündə millətin necə dava saldığını görürsünüz?..

- Vallah, nə bilim, qardaş oğlu?.. - Əmisi də, qonşusu da mat qalmışdı. - Qurama işə oxşayır. Ola bilsin, əlsiz-ayaqsız, kasıb-kusubdu. Məcburiyyət qarşısındadılar. Bir də, onların şəhərciyində olmuşam. Bizdəki yol-riz, şərait, bağ-bağat onlarda yoxdu.

Əvvəl bizdə də camaat əlini ağdan-qaraya vurmurdu ki, bu gün-sabah geri qayıdacağıq. Dad döydüm ki, atalar deyib, ək, peşiman ol. Sağ olsunlar, sözümü eşitdilər.

Bənsabəns hamı əkdi, bağ-bağat saldı...

Söhbətləri xeyli uzandı. Gecədən keçmiş əmisi qonşusunu ötürməyə getdi. Az sonra Elşən də durub həyətə düşdü.

Aylı-ulduzlu, sirli-sehrli bir gecəydi. Qəribəydi, rayon yerində, illah da kənd-kəsəkdə təbiət özü adamı qoynuna çağırdığı, dindirib-söylətmək, ünsiyyətdə olmaq istədiyi halda şəhərdə ondan gen qaçırdı.

Elə bil səs-küydən, cürbəcür zərərli, zəhərli iy-qoxdan hürkürdü.

Yaxud qorxurdu saysız-hesabsız uca, nəhəng binaların ara-bərəsində, gün görməzində itib-batar, necə ki, itib-batırdı, hörümçək toru kimi bir-birinə dolaşan yollarda belədən-belə şütüyən maşınların təkərləri altında qalıb şil-şikəst olar, necə ki, olurdu...

Elşən birdən ağacların arasında pıçıltıya bənzər bir səs eşitdi. Ayaqlarının ucunda yaxınlaşanda əmisinin nar ağacıynan danışdığını gördü. Ağırlıqdan sallanan budaqlarını qaldıraraq meyvələrini sığallayıb oxşayırdı.

Sonra heyva ağacına yaxınlaşdı.

Ötən ildəkindən çox bar gətirdiyinə görə ağacı təriflədi. Meyvələri sulanıb ağırlaşdıqca armud ağacının dirəyi qaçmış budağı heyvanın üstünə əyilmişdi, onu düzəltdi. Əriyə haçansa onu bazardan, axsaq bir tingsatandan aldığını söylədi.

Calaqdı. Həm də qaysıydı, çərdəklərini sındırıb ləpəsini də yeyirdilər. Bitirincə naz-qəmzəsini çox çəkmişdi.

Bu il əriyin ili deyildi. Çiçək vaxtı aramsız yağan yağış tozlanmaya mane olmuşdu.

Tutanını da nəvələri göy-göy daş-kəsək, salbaynan tökmüş, ağızlarını bürüşdürə-bürüşdürə xəlvətdə duza batırıb yemişdilər. Almanı iki almışdı. Biri tingsatanın dediyi kimi, dədə-baba qızıləhmədisiydi. O biri anton alması çıxmışdı.

Alça cırdı, çərdəkdən kopaynanca bitmişdi. Yerini dəyişib seyrəldəndə ikisi qalmışdı. Birinə özü iynəburun gavalı calamış, o birinə heç dəyməmişdi.

Cırın yağış-zad vecinə deyildi. Lap çınqıl kimi bar gətirirdi. Qonşu-qonumla yediklərini yolmaşdayıb yeyir, yemədiklərini də qışda turşu kimi işlətmək üçün gəlini çırpdıraraq yarısını tərəcədə qurudur, yarısını da lavaş bişirib sərirdi.

Həyətin ayağındakı qoz ağacının da bağbanı bir ala qarğaydı. Həmin qarğaydı, yoxsa yox, iki ildi ki, bar gətirən vaxtı özünü yetirir, meyvəsindən barınırdı. Birinci ili qarğanı daşlayıb qovanda uşaqlarına təpinmiş, başa salmışdı ki, nə aparsa, öz halal haqqıdı, dəyməsinlər.

Tut ağacı keçən il qəfilcə az qalmışdı qurusun.

Demə, dibində, torpağın altında çoxlu kimool, qurd varmış, qazıb hamısını qırmış, ağacı ölümün cəngindən qurtarmışdı. Üzüm, əncir, zoğal ağacı da əkmişdi, nübarlarını dadsalar da hələ balacaydılar...

Əmisi beləcə bir ağacdan o birinə adlayır, hərəsini də bir cür, guya öz dilində dindirir, gah hal-əhvalını xəbər alır, gah tərifləyir, gah da boyunu sevib-oxşayırdı. Birinə zarafatla yerini-yurdunu, haralı olduğunu xatırladır, nəslini-nəcabətini, qohum-əqrəbasını tanıdır, o birinə ürək-dirək veriridi...

Yel vurduqca ağaclar öz dillərində sirli-sirli xışıldayır, yarpaq-yarpaq pıçıldaşırdı.

Bu qeyri-adi ünsiyyətdən ağacların elə bil üzü gülür, işıqlanırdı. Axı necə sevinməyəydilər ki, əmisi cır, turş alçanın belə tərifini göylərə qaldırırdı.

Hər birini də ayrıca, dönə-dönə inandırırdı ki, köçmək söhbəti ola bilməz, bayaq qonşusunun dilindən eşitdikləri hamısı cəfəngiyyatdı! Onları bir-birindən ayırmağa heç kimin gücü çatmaz!..

Ağaclar, hətta kollarla danışıb qurtarandan sonra əmisi evin qabağındakı çin gülünə yaxınlaşdı. Güllə danışanda əmisinin səsi birdən titrədi, kövrəlib ağladı.
Çin gülünü əmisi arvadı doğma kəndlərindən özüynən vedrədə əkili gətirmişdi, onun yadigarıydı.

Tez bir zamanda qol-budaq atıb iri ağac boyda böyüdüyünə görə vedrəsini ağac çəlləklə əvəz etmişdilər.

Əmisi yanlarına iki tutacaq da bərkitmişdi. Soyuqlar düşəndə içəri aparır, havalar qızanda təzədən bayıra çıxardırdılar...

Çiçək vaxtı üstü qıpqırmızı, çətir kimi güllərlə dolu olar, baxanın ağlını alardı. Əmisi arvadı gülə özü qulluq edərdi.

Çox qoçaq arvaddı. Əmisi bu ev-eşiyi, həyət-bacanı allahdan aşağı elə onun hesabına qayırmışdı. Balağını çırmayıb ayaqyalın palçıq qatar, kərpic, daş daşıyar, heç bir işdə ərindən geri qalmazdı...


Elə o vaxt soyuqlamış, əhəmiyyət vermədiyinə görə qara ciyəri şişmişdi. Nə qədər həkimlərə düşsə, dava-dərman eləsə də sağalmaqdansa xəstəliyi üstələmişdi...

Arvadı öləndən sonra sanki çin gülünün də çarxı çönmüşdü. Hamısı bir nəfər kimi üstündə nə qədər əssələr də o zamandan gül açmırdı. Həmişə yamyaşıl olan yarpaqlarının rəngi də dəyişmiş, əvvəlki şuxluğunu itirmişdi.

Xəstə adam tək sozala-sozala qalmışdı. Günlərini sayırdılar ki, daha axır nəfəsidi, quruyacaq. Lakin dözümlüydü, hələlik duruş gətirirdi. Di gəl gül açmırdı…

Əmisi oğlunun evlənən ili bir də baxdılar ki, çin gülü düymələyib. Vur-tut bir dənə gül açdı. İlahi, o necə güldü! Heç vaxt bu cür gül açmamışdı. İri, parlaq! Günəş kimi yanır, işıq saçırdı. Neçə müddət solmadı...

Görüb-görəcəkləri elə həmin gül oldu, bir daha nə düymələdi, nə də gül açdı...

***

Elşən gecəni yatmadı. Adətən hara ezamiyyətə getsəydi həmin axşamı yerinin içində gündüz topladığı məlumatları fikrən saf-çürük edir, yazacağı yazını hardan başlayıb harada qurtaracağını düzüb-qoşardı.

Səhərisi də geri qayıdarkən yol uzunu avtobusda da bu haqda fikirləşərdi. Belə Bakıya çatanda yazmaq asan olurdu. Yaddaşındakını birbaşa, birnəfəsə kağıza köçürürdü...

Bu gecə Elşənin yuxusunu ərşə çəkən Qarabağ, qarabağlılar, onların başına gələnlər oldu. Yox, bu dərd onu kənardan qəfil yaxalamamışdı.

Neçə ildi qanı-canı ilə yaşadığı dərddi!.. Çadır şəhərciklərini ləğv edənlər bəlkə də doğrudan-doğruya qaçqınların halına yanırdılar.

Amma əmisigil də umu-küsülərində haqlıydı. Yeri gələndə gərək onlarla da məsləhətləşə, hesablaşaydılar.

Bu adamlar bir tərəfdən yetim, o biri tərəfdən şıltaq, kür uşaq kimiydilər. Nə istədiklərini bəzən özləri də bilmirdilər. Əslində nə istədiklərini bilməmələri elə Qarabağı istədiklərindəndi.

Bütün kürlüklərinin mayası Qarabağdı! Nə buracan, nə də bundan belə nəyə sahiblənsələr də itirdiklərinə əvəz deyildi! Onların itirdiyini heç kim itirməmişdi!

Onların dərdi ilə müqayisədə yer üzünün bütün dərdləri heç nəydi. Qarabağlı ola-ola nə onunla düz-əməlli fəxr edə, öyünə, nə də ona yetə, qovuşa bilirdilər...

Elşən öz-özünə söz verdi ki, Bakıya qayıdanda Qarabağ haqqında sanballı bir şey hazırlayacaq. Mövzunun adını da dəqiqləşdirmişdi: “Qarabağ dərdi”...

***

Ata-anası Elşəndən birinci növbədə, əlbəttə, əmisigili xəbər aldı. Axırda da öz ismarıcları ilə maraqlandılar. Anasına yun çırpmaq, atasına da milçəkvuran düzəltmək üçün nar, zoğal ağacı çubuqları lazımdı.

Doğrusu, ismarıc Elşənin yadına çox pis vaxtda, gecə əmisi bağda ağacları ilə danışarkən düşmüşdü…

İndi onların ismarıclarını əmisinə niyə çatdırmadığını ata-anasına necə başa salacağını bilmirdi. Elşəni başa düşmək üçün gərək əmisinin ağaclarla söhbətini öz gözləri ilə görəydilər!..

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG