Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:58

«Hökumət əvvəl razılaşdı, sonra imtina etdi»


Aqness Kalamart
Aqness Kalamart
«Azərbaycan hökuməti bizimlə görüşməyə ən az maraqlı olan hökumət olub».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Artikle 19» Təşkilatının icraçı direktoru Aqness Kalamart deyib. Onun sözlərinə görə, bu etinasızlığa baxmayaraq onların bu dialoqu aparmaq niyyətləri hələ də qüvvədə qalır.

PREZİDENT ADMİNİSTRASİYASI GÖRÜŞDƏN İMTİNA EDİB


«Biz 9 təşkilatdan ibarət bir beynəlxalq missiya olaraq biz bir neçə ölkədə olmuşuq, onlar da problemləri araşdırmışıq və Azərbaycan hökuməti bu ölkələr arasında bizimlə görüşməyə və bu məsələləri müzakirə edib onların həll yolunu araşdırmaqda ən az maraqlı olan hökumət olub. Mən və 9 həmkarım bir yerdə 10 təşkilatın nümayəndəsi Ombudsmanın ofisi, MSK və İnsan Haqları komitəsinin nümayəndəsi ilə görüşməyə nail olmuşuq. Amma Prezident Administrasiyasının rəsmisi dəfələrlə müraciətlərimizə baxmayaraq ən son anda görüşlərdən imtina ediblər. Medianın problemlərinə olan bu etinasızlıq və bu dialoqu aparmaq arzusunun olmaması bu səfərdə bizim ən əsas gəldiyimiz nəticədir. Və biz məhz bu problemlə bundan sonra mübarizə aparmağa çalışacağıq».

«Sərhədsiz Reportyorlar» Təşkilatının Yeni media şöbəsinin müdiri Lusi Morilyon deyir ki, bununla da onlar bir ağır yükün altına girdiklərini hiss edirlər:

HƏBSDƏKİ JURNALİSTLƏRİN AİLƏLƏRİ İLƏ GÖRÜŞƏNDƏ SEVİNİRDİLƏR


Lusi Morilyon
«Bu 10 təşkilat bu uzun müddətli bir işin altına girdiyinin fərqindədir və biz başa düşürük ki, bir gecənin içində dəyişikliyə nail olmaq mümkün olmayacaq. Ona görə özümüzü bu uzun müddətli iş üçün hazırlamışıq. Amma bir şeyi də nəzərinizə çatdırım ki, bir tərəfdən bir pessimizm var ki, sözlərimiz havayı gedir. Bir tərəfdən də, biz həbs olunmuş jurnalistlərin və yaxud döyülmüş, basqı altında olan jurnalistlərin ailələri ilə görüşəndə onlar sevinirdilər. Onları bu meydanda tək buraxmadığımız üçün sevinirlər. Bizim onlara dəstək verməyimizi arzulayırlar. Yəni bir tərəfdən bir pessimizm var, o biri tərəfdən bizim bu işlə məşğul olmağımız onlara optimizm verir».

Təşkilat nümayəndələri hökumətdən həbsdə olan jurnalistlərin və bloqqerlərin dərhal azad olunmasını istədiklərini bildiriblər. Onlar düşünür ki, bu, hökumətin öz marağında olmalıdır.

«Artikle 19» Təşkilatının icraçı direktoru Aqness Kalamart:

«Biz bu iki gənc bloqqerin dərhal azad edilməsini istəyirik hökumətdən. Çünki bu situasiyanın absurdluğunu göstərir ki, iki gənc polisə müraciət edir kömək üçün və kömək almaq əvəzinə onlar həbs olunurlar. Bu sistemin absurdluğunu göstərən bir şeydir. Onlar dərhal azad olunmalıdırlar ki, öz ailə üzvləri ilə bir yerdə olsunlar, öz dostları ilə bir yerdə olsunlar və cəmiyyətə xeyir gətirə bilsinlər».

ÖLKƏDƏ CƏZASIZLIQ MÜHİTİ VAR


«Sərhədsiz Reportyorlar» Təşkilatının Yeni media şöbəsinin müdiri Lusi Morilyon:

Rövşən Bağırov
«Əsas prioritet bu iki gəncin və Eynulla Fətullayevin azadlığa çıxmasıdır. Bu iki gəncin azadlığa çıxması hökumət üçün çox vacibdir. Çünki onları həbsdə saxlamaq kontur-produktivdir, yəni ölkənin pis imicini yaradır. Siz əgər fikir versəniz, bloqqerləri həbs edən ölkələr Çin, Vyetnam və İrandır. Biz düşünmürük ki, Azərbaycan məhz bu ölkələr sırasında olmalıdır. Və mən əlavə etmək istəyirəm ki, bu ölkədə ən ciddi problemlərdən biri də jurnalistlərə qarşı törədilən cinayətlərin cəzasız qalmasıdır. Elmar Hüseynovun qətlindən 5 il keçməsinə baxmayaraq qətli törədən insanların, bu qətlin arxasında duranların hələ də azadlıqda qalması cəzasızlıq mühitini yaradır ki, bu da jurnalistlərin aşırı ehtiyatlı davranmasına gətirib çıxarır, jurnalistlərin təhlükəsizliyi məsələsini bir daha qabardır».

İfadə Azadlığı Forumunun Təşkilat komitəsinin üzvü Rövşən Bağırov bu məsələlərin Forumda da dəfələrlə qabardıldığını və səsləndiyini bildirir.

«Ümumiyyətlə, Elmar Hüseynov onun simvoludur ki, belə hadisələr nəinki heç vaxt daha təkrarlanmamalıdır. Ümumiyyətlə, söz azadlığına, ifadə azadlığına və bu sahədə fəaliyyət göstərənlərə qarşı təzyiqlərə son qoyulmalıdır. Forum ərəfəsində Beynəlxalq təşkilatlar bu münasibətin bu və ya digər formada dəyişilməsinə çağırırdılar. Adnan Hacızadə, Emin Milli və Eynulla Fətullayevin azadlığa çaxması barədə öz təkliflərini bildirirdilər».

AZƏRBAYCANLILAR MƏLUMATLANMA HAQQINDAN İSTİFADƏ ETSİNLƏR

«Sərhədsiz Reportyorlar» təşkilatının nümayəndəsi Lusi Morilyon deyib ki, onların Azərbaycana səfərlərində əsas məqsədlərindən biri Azərbaycan cəmiyyətinin informasiya ala bilmək hüququnu müdafiə etməkdir.

«Jurnalistin həbsdə olması həm də o deməkdir ki, Azərbaycan xalqının doğru dürüst və tam məlumat almaq haqqı həbsdədir. Bizim bu ölkəyə böyük tərkibdə gəlməyimizin məqsədi odur ki, bu ölkədə vəziyyət əslində pisləşir. Məsələ təkcə statistikada deyil, statistika heç də hər şeyi göstərmir. Məsələ ondadır ki, bu ölkədə təkcə informasiya vermək hüququ yox, həm də informasiyanın alınması, yəni məlumatlandırılmaq hüququ da pozulur. Bizim işimiz təkcə jurnalistləri imtiyazlı zümrə kimi müdafiə etmək deyil, bizim işimiz həm də cəmiyyətin məlumatlandırılmaq haqqını müdafiə etməkdir. Yəni məsələ jurnalistlərdə yox, həm də onların işi görə bilmə imkanındadır. Qarşıdan seçkilər gəlir. Əsl məqamdır ki, azərbaycanlılar bu haqlarından istifadə edə bilsinlər».

XS
SM
MD
LG