Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:22

«Azad seçki» mahnısı nəyi dəyişəcək?


Anar Məmmədli, Firudin Allahverdi və Günel Mövlud
Anar Məmmədli, Firudin Allahverdi və Günel Mövlud
«Mən inanmıram ki, bir mahnıya, beş mahnıya görə, seçki keçirilməsində böyük dəyişiklik olsun, şəffaflıq olsun».

Bu sözləri «İşdən sonra» proqramında «Azad seçki» mahnısının musiqi müəllifi Firudin Allahverdi deyib. Onun sözlərinə görə, seçkidə şəffaflığı təmin etmək üçün başqa həll yolları tapmaq lazımdır.

«Seçkinin şəffaflığını mahnılar və ya şerlərin təyin etməsinə inanmıram. Bu problemlərin başqa mənbəyi var. Başqa da həll yolları var».

APOLİTİK CƏMİYYƏTİN ÇƏTİNLİYİ...

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin rəhbəri Anar Məmmədli isə deyib ki, apolitik cəmiyyətdə belə ideyaları həyata keçirmək çətindir.

«Belə mahnıların ərsəyə gəlməsi üçün yaradıcı insanların bu sahəyə maraq göstərməsinə ehtiyac var. Çünki biz elə bir reallıqda yaşayırıq ki, Azərbaycan gerçəkliyində apolitik yaradıcı kontingentlə üz-üzə oluruq. Onlara belə bir ideyaları çatdırmaq həddindən artıq çətin olur».

Bəstəkar Firudin Allahverdi deyib ki, mahnı mümkün dərəcədə pozitiv enerji ilə yüklənib ki, insanları həvəsləndirsin. Mahnının ifaçılarına gəldikdə, Firudin Allahverdi onların adını açıqlamaqdan imtina edib. Bircə onu deyib ki, onlar populyar deyil.

HANSI MÜĞƏNNİ SEÇKİ HAQQINDA OXUYAR?


«Mahnının ifaçıları şou-biznes aləmində tanınan adam deyillər. Onlar heç oxumazlar axı. Hansı bizim populyar müğənni gəlib bizim seçki haqqında mahnı oxuyar? Onlar kölgələrindən qorxurlar».

Mahnının mətn müəllifi Günel Mövlud mahnının sözlərində sonradan dəyişiklik etməli olub:

«Əslində şerin ilkin variantı daha şüarlı, daha etiraz olan bir şer idi. Amma Anar bəy təklif etdi ki, bu sovet vaxtı oxunan əmək nəğmələrinə, o şüarlı nəğmələrin sözlərinə daha çox oxşayır. Gəlin burda pafosu –zadı yığışdıraq. Seçkini sadə insanların gözündə maraqlı, vacib bir şeyə çevirən normal sadə sözlərlə işləyək bunu. Mən də fikirləşdim ki, əslində Anar bəy düz deyir. Pafosu, şüarları yığışdırdıq. Amma əsas mahiyyət, deyilən söz qaldı».

SMDT mərkəzinin rəhbəri Anar Məmmədli bu mahnıya görə müəlliflərə qonorar verilmədiyini deyib. O deyib ki, klip çəkməyi planlaşdırsalar da, buna hələlik maddi resursları çatmır. Amma klipin çəkilməsinə yardım göstərmək istəyənlər var.

«Bu, heç bir layihə əsasında olan şey deyil. Dostlar da heç bir qonorar almayıblar. Burda sadəcə texniki tərəfinə yardım göstərilib. Aparatlar, ansambl və s.»


XS
SM
MD
LG