Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:21

Taciklər problemlərini şəriətlə həll edirlər


Taciklərin dini instutulara marağı tək dinə bağlılıqla əlaqəli deyil
Taciklərin dini instutulara marağı tək dinə bağlılıqla əlaqəli deyil
Bibi Zaynura keçmiş həyat yoldaşından ayrılandan sonra, uşaqları üçün aliment ala bilməyəndə əvvəlcə dövlətə üz tutub. Ancaq rəsmi qurumlara müraciət nəticəsiz qalıb və Zaynura kənddəki qadınlardan birinin məsləhəti ilə mollaya üz tutub.

Paytaxt Düşənbə yaxınlığında yerləşən məscidlərdən birinin imam-xatibi peyğəmbərdən hədislər gətirərək və «Quran» vasitəsilə Zaynuranın ərinə uşaqları və keçmiş yoldaşı ilə bağlı məsuliyyətini xatırladıb. Dövlətin kömək edə bilmədiyi bir vaxtda imam Zaynuranın məsələsini yoluna qoyub:

ŞƏRİƏTƏ ÜZ TUTANLARIN SAYI GETDİKCƏ ARTIR

- Biz hamımız eyni kənddə yaşayırıq və molla ərimlə danışa bilər. Ola bilsin ki, mollanın yardımına görə, problem daha tez həll olundu, çünki yoldaşım məsciddə hər hansı söz-söhbətin yaranmasının qarşısını almaq istəyirdi.

Tacikistan hökuməti dinə ciddi nəzarət etsə də, şəriət qanunlarına icazə verməsə də, şəriətə üz tutanların sayı getdikcə artır.

Xucand şəhərinin sakinlərindən biri Əbdülqadir Xucayevin ailəsi də mollanın köməyindən yararlanıb. Molla onlara babalarından qalma mirasın bölüşdürülməsində yardım edib. Əbdülqadir də Zaynura kimi ilk növbədə hökumətə müraciət etsə də, ailənin dağılması təhlükəsi yarandığından bu sevdadan vaz keçiblər:

BİZİM MOLLA PROBLEMİ DİNC YOLLA HƏLL ETDİ

- Əgər biz məsələni məhkəməyə çıxartsaydıq, bütün ailə münasibətləri kəsiləcəkdi. Şükür Allaha, bizim molla ziyalı və hörmətli şəxsdir, problemi dinc yolla həll etdi.

Taciklərin 85 faizi dinin həyatlarının mühüm hissəsi olduğunu bildirir
On illər boyu Sovet İttifaqı tərəfindən qadağan olunan din bu gün taciklər üçün xüsusi önəm daşımağa başlayıb.

Tacikistanın Dini Əlaqələr Komitəsinin sabiq rəhbəri Səid Əhmədov deyir ki, müstəqillik əldə olunandan sonra ölkədə şəriət qanunlarına riayət edənlərin sayı artıb.

«Gallup» sorğu agentliyinin avqustun 31-də açıqladığı məlumata görə, taciklərin 85 faizi dinin həyatlarının mühüm hissəsi olduğunu, cəmi 12 faizi isə əksini deyib. Tacikistan Mərkəzi Asiya ölkələri arasında ən dindar ölkəyə çevrilməkdədir.

Ancaq taciklərin dini instutulara marağı tək dinə bağlılıqla əlaqəli deyil.

HÖKUMƏT ORQANLARINA ETİRAZ ÜSULU?

Bəziləri məhkəmə sistemindəki korrupsiyaya, sərfəli hökmün çıxarılması üçün rüşvət tələb olunmasına etiraz olaraq dini liderlərə üz tuturlar. Digərləri molla xidmətinin daha ucuz olduğunu düşünür, üçüncülər isə məsələyə mollanın subyektiv yanaşmasına üstünlük verirlər.

İslamın «insan təbiətinə yaxın və insan həyatını yaxşılaşdıran bir çox qanunu var» – İslam Dirçəliş Partiyasının Alimlər şurasının üzvü Zuvaidulla Rozik bu fikirdədir. O qeyd edir ki, «məhkəməyə getmək 2 molla yanına getməkdən baha başa gəlir» və insanlar «danışır, məsləhəti dinləyir» və anlayırlar ki, «məsləhət yolu ilə problemləri həll olunacaq».

TELEFONLARA ZƏNG SƏSİ YERİNƏ XÜTBƏ VƏ MOİZƏ

Gənclərdə dinə meyllilik daha çox hiss olunur
Düşənbəni gəzdikcə dinin təsiri hiss olunur. Məsələn, küçədə gənclərin pop musiqisi yerinə xütbə dinləmələrini, telefonlarına zəng səsi yerinə xütbə və moizə yazdırmalarını görmək mümkündür.

Cümə namazlarına gedənlərin də sayır artır. Hətta bəzi məscidlərdən tələb olunub ki, gələnlərin hamısının yerləşməsi üçün ikici, üçüncü mərtəbə tiksinlər, ibadət ərazisini genişləndirsinlər.

Tacikistan Dövlət Milli Universitetinin jurnalistika fakultəsinin dekanı, professor İbrahim Usmanın fikrincə, bir çoxları şəriət qanunlarını Tacikistan vətəndaşlarının həyatına tətbiq etməyə cəhd edirlər, dünyəviliyə zidd olan bu məqsəd isə radikal meyllərin yaranması ilə nəticələnə bilər.

/Tərcümə etdi: Sevinc Hüseynzadə/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG