Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:49

Putindən NABUKKO-ya yeni hücum


Rusiyanın Baş naziri Vladimir Putin hesab edir ki, Nabukko layihəsinə Azərbaycanın verə biləcəyi qaz azdır, Bakı olan qazını da artıq Rusiyaya satıb.

Sentyabrın 6-da Soçidə beynəlxalq diskussiya klubu olan Valdai klubunun üzvləri ilə görüşündə Putin bildirib ki, Nabukkoya İrandan qaz almaq olardı, amma bu ölkədə yataqlar heç işlənməyib. Daha bir alternativ Türkmənistan ola bilərdi, bu ölkədə də hazırda başqa istiqamətə - Çinə qaz marşrutunu işə salmağa çalışır.

Putin Nabukkoya daha bir maneəni də Türkmənistanla Azərbaycan arasında Xəzərin statusu üstündə mübahisəni görür: “Xəzərin bölünməsi üstündə Azərbaycanla Türkmənistan arasında ərazi mübahisəsi var. Bütün bu şərtlərin hamısını nəzərə alanda mənim fikrimcə, Nabukkonun həyata keçirilməsi çətin işdir. Hələ mən yumşaq deyirəm, bəlkə də heç ümumiyyətlə mümkün deyil” – deyə Putin bildirib.

Amma Rusiyanın Baş naziri həm də əlavə edib ki, bəlkə də bu işdə maraqlı şirkət tapılarsa, nəzəri olaraq Nabukko qaz kəməri də reallaşa bilər.

Nabukko Avropa Birliyinin Rusiya qazından asılılığını azaltmaq üçün nəzərdə tutduğu alternativ qaz kəməri layihəsidir. Bu kəmər Xəzər və Yaxın Şərqdən Rusiyadan yan keçməklə Avropaya qaz çatdırılması üçün nəzərdə tutulur. Amma layihə üzərində bir neçə ildir söhbət getsə də hələlik onun reallaşması istiqamətində sərmayəçilərin tapılması, qaz müqavilələrinin bağlanması kimi ciddi addımlar atılmayıb.
XS
SM
MD
LG