Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Mir Cəfər Bağırov olduğu kimi necə görünür?


Mir Cəfər Bağırov - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933-1953)
Mir Cəfər Bağırov - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933-1953)
Elə şəxslər var ki, hər hansı ölkənin ictimai-siyasi, mədəni həyatında sanki açar sözə çevrilir: o şəxsin adını çəkirsən və birdən-birə bütöv bir dövrün olayları, insan mənzərələri göz önünə gəlir. Mir Cəfər Bağırov da belə şəxslərdəndir. Bu dəfə «İz» proqamında bir daha onun izinə düşmüşük. Bələdçimiz yenicə çapdan çıxmış «Baş tutmamış çevriliş» kitabının müəllifi Adıgözəl Məmmədovdur.

- Adıgözəl bəy, necə oldu ki, Mir Cəfər Bağırov haqqında kitab yazmaq fikrinə düşdünüz?

MİR CƏFƏR BAĞIROV ÖMRÜNÜN SON GÜNLƏRİNDƏ BU SÖZÜ TEZ-TEZ TƏKRARLAYARMIŞ

- Məsələ burasındadır ki, 2000-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alarkən şəxsiyyət və şəxsiyyətlərarası münasibətlər, lider və lider psixologiyaları, lider və ətraf kölgələrinin psixoloji təsir mexanizmləri ətrafında araşdırmalar aparırdım. Bizim hörmətli professorumuz Nadir İsmayılov da mənə bu sahədə çıxmış kitablar barədə bilgi verirdi. Evdə, ailədə də həmişə Mir Cəfər Bağırovun adı hallanırdı. Anam rəhmətlik həmişə onu xatırlayarkən bir misal çəkərdi. Deyərdi ki, neynirəm o qızıl teşti ki, içinə qan qusam...

Anam tarixçiydi və deyərdi ki, Mir Cəfər Bağırov ömrünün son günlərində bu sözü tez-tez təkrarlayarmış. Evimiz xoşbəxtlikdən bulvarın yaxınlığındaydı. Axşamüstü nə vaxt bulvara çıxsaydım, yaşlı nəslin nümayəndələri Mir Cəfərdən danışardılar. Bütün bunlar məndə ona qarşı maraq yaradırdı. Bu mövzuda yazmağa ilk dəfə tələbəlik illərində başladım—«Siyasilərin psixoloji portretləri». Eyni zamanda Mir Cəfər Bağırovdan da materiallar, xatirələr toplamağa başladım. Sonra anladım ki, arxiv sənədlərinə ehtiyac var.

Hitlerin, Stalinin, Trotskinin, Mir Cəfərin portretləri olan kitab 2000-ci ildə işıq üzü gördü. 170 səhifəlik 300 nüsxə kitab bir həftə ərzində satılıb qurtardı. Başa düşdüm ki, bu mövzuyla bağlı cəmiyyətdə böyük bir boşluq var. Bir də, yaşlı adamların xatirələri ilə dövri mətbuatın Mir Cəfərlə bağlı yazdıqları üst-üstə düşmürdü. Mətbuatda bir rəngdə fikir söylənirdi, onunla ünsiyyətdə olmuş adamların xatirələrində isə o başqa görkəmdə canlanırdı. Bütün bunlar istər-istəməz Tibb Universitetinin tələbəsi olan məni tarixi şəxsiyyətlər barədə kitab yazmağa ruhlandırdı. Ondan sonra 7 kitabım işıq üzü gördü. Türkiyədə, Rusiyada da kitablarım çıxdı. Deyirlər ki, kitab alınmır. Amma mən bu fikrə gəldim ki, cəmiyyətin tələbi olan kitabı alırlar. 2003-cü ildə təkcə Mir Cəfər Bağırova həsr olunmuş kitab yazdım. Azərbaycan Dövlət Arxivini araşdırdım, sənədlərlə tanış oldum, Moskva arxivlərində çalışdım.

- Arxiv materialları bol idimi?

HƏRƏ BAĞIROVU İSTƏDİYİ KİMİ GÖRMƏK İSTƏYİR

- Nə qədər desən. Elə bir şərait yarandı ki, sənədlərlə, onun dəsti-xətti ilə, fikirləri ilə tanış olduqca bu şəxsiyyətə qarşı marağım daha da artdı. Kitab çıxandan sonra Bağırov mövzusuna maraq yarandı. Hərdən kitab dükanlarına gedirəm, görürəm ki, Bağırov barədə yazanlar çoxalıb. Düzdür, burda subyektivizm çoxdur. Hərə Bağırovu istədiyi kimi görmək istəyir.

- Bəs siz necə gördünüz Mir Cəfər Bağırovu?

Adıgözəl Məmmədli
- M.C. Bağırovu olduğu kimi gördüm. Bizim çox hörmətli alimlərimiz var, bu dövrü araşdırırlar. Arxiv sənədlərini qeyd edirlər. Filan fond, filan iş, filan səhifə. Gedirəm həmin yeri axtarıram, görürəm ki, orda elə bir səpkidə, elə mövzuda fikir söylənilib ki, onu müəllif öz baxışından keçirib yazıb. Orda fikir, məqsəd elə deyil, axı...Məsələn, Cənubi Azərbaycanla bağlı M.C.Bağırovun məktublaşması var. Məktubu olduğu kimi kitabda verdim. Sonra dövrün geosiyasi vəziyyətini açaraq, öz baxışımı da ortaya qoydum. Amma oxucunu öz fikrimi qəbul etməyə məcbur etmədim. Bax, kitabın özəlliyi ən birincisi bundadır.

- Kitabda bizim bilmədiyimiz nələr var?

O AZƏRBAYCANIN BƏZİ DÖVLƏT, İCTİMAİ-SİYASİ XADİMLƏRİNİ QORUMAQ ÜÇÜN GƏLƏNLƏRDƏN XAHIŞ EDİRDİ

- Kitab başdan-ayağa bizim bilmədiyimiz materiallardan ibarətdir...Arxiv sənədlərini oxuduqda çox şey aydın olur. Repressiyalara baxış, Cənubi Azərbaycan hərəkatına baxış dəyişir. M.C.Bağırovun hakimiyyətdən getməsinin səbəbləri və nəticəsini yenidən təhlil etməyə məcbur olursan. Məhkəmədə Mir Cəfərə qarşı irəli sürülən ittihamların sifarişli olduğunu görürsən. Repressiyalar SSRİ Daxili İşlər komissarı N.Yejovun 0047 saylı əmri ilə həyata keçirilib. Əmri icra etmək üçün Moskvadan adamlar gəlib otururdu NKVD-də. M.C. Bağırovun məktubları var. Məktublarda o Azərbaycanın bəzi dövlət, ictimai-siyasi xadimlərini qorumaq üçün gələnlərdən xahiş edir, onları müdafiə etməyə çalışır.

Mən M.C. Bağırovun siyasi səhvlərinə haqq qazandırmaq istəmirəm, sadəcə hadisələri bir rəngdə görməyin tərəfdarı deyiləm. Bax, Cənubi Azərbaycan hərəkatının ideya daşıyıcısı, onu yaradan Mir Cəfər Bağırovdur. İstər Seyid Cəfər Pişəvəri, istər Şəbüstəri, istərsə də Padiqan onun təşəbbüsü ilə irəli çəkilmişdilər. Bü üçlük hərəkatın proqramını göndərirdi Bakıya, Mir Cəfər öz fikirlərini əlavə edib Təbrizə qaytarırdı. Demokratik firqə də o istiqamətdə işləyirdi. Düzdür, Cənubi Azərbaycanda xalqın fars rejiminə nifrəti vardı. Ancaq bunu siyasi müstəviyə keçirmək, təşkilatçılıq işini həyata keçirmək lazım idi. Bu işin də ideya atası Mir Cəfər Bağırov idi...Bunu mən demirəm, sənədlər deyir.

- A.Məmmədlinin araşdırmasında M.C.Bağırov daha hansı rənglərdə göründü?
- A.Məmmədli onu niyə «bütün siyasi səhvləriylə tarixi şəxsiyyət» adlandırdı?
- M.C.Bağırovun, L.Beriyanın siyasi portretini cızarkən həkimlik müəllifin necə dadına çatdı?
- A.Məmmədli M.C.Bağırovu nəsildən-nəslə qamçılayanlara nə dedi?
- Müəllifin fikrincə, ermənilər Mir Cəfəri niyə sevmirdilər?
- 1937-ci ildə Mir Cəfəri niyə tutmaq istəyirdilər və onu kim xilas etdi?
- Mir Cəfərlə Beriyanı nə bir-birinə bağlayırdı?
- Mir Cəfərin ölüm hökmü nə vaxt həyata keçirildi?


«İz»i elə bu səhifədən dinləyə bilərsiniz


XS
SM
MD
LG