Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:41

Rüfət Əhmədzadə “Xalq şairi”


(poetik hekayə)

Hansısa tədbirdə, hansısa xalq şairinin gurultulu çıxışını izlədi. İnsanların rəğbət ilə alqışını dinlədi. Qulaqları cingildədi. Sümükləri dingildədi.

Tükləri biz-biz ürpərdi. Və ağlına fikir gəldi: “Mən də şeir yazmalıyam.

Mən də bu şair kimi, zalı qaldırmalıyam, alqışların altında, gül dəstələri qucağımda, orden-medal yaxamda, mötəbər insanların arasında, mən də öz mövqeyimi tutmalıyam!”

Bu sözləri beynində dövr elədi, çənəsinin altında pıçıldayıb, özü də böyük həvəslə dinlədi.

Onun səsini duyan, savadına-qabındakına çox yaxşı bələd olan qrup yoldaşının da, yanında xısın-xısın gülməsi heç vecinə deyildi.

Artıq, bir kənar səsi eşitmirdi – təzəcə baş qaldıran, yeni arzu-diləklə hayqıran öz içsəsindən qeyri.

O, şövqə gəlmişdi ruhunu silkələyən bu sözlərdən – bu tərpəniş, zal oynadan şairlərin nitqlərindən daha təsirli idi.

O özünü dinlədi. Və özünə söz verdi. “Sabahdan... Yox, elə bu gündən, bu gecədən, mən də şeir yazacam. Xalq şairi olacam!”

Hərə bir təəssüratla tərk edirdi tədbiri. Amma, ən ədəbiyyat sevən kəslərin belə, təəssüratı tən gələ bilməzdi qəhrəmanım keçirən duyğulara. Onun üzü dəyişmişdi, onun gözü dəyişmişdi,

onun özü dəyişmişdi - tamam özgələşmişdi. Artıq, onu yanlayıb papiros istəyən yataqxanadakı otaq yoldaşını da yuxarıdan aşağı seyr edirdi.

Halbuki, bu oğlanla çox sirləri var idi. Çox dərdləri, sevincləri bir bölüşmüşdülər.

Dekanın, prorektorun, canım desin, rektorun kabinetinə belə, onlar birlikdə elçi düşmüşdülər.

Neçə torba tikmişdilər bir az qabağa gedən qrup yoldaşlarına.... Nəticədə qalib gəlmişdilər. Dostu keçmişdi həmkarlara sədr, özü isə, qrup nümayəndəsi...

Amma, indi, bu dostuna, sirdaşına qarşı da ikrahı oyanmışdı. Özünü o cür duyurdu, elə bil, bir az əvvəl, çıxış edən xalq şairinin titulunu əlindən almışdı.

Gəldi yataqxanaya. Çərənləyən dostuna əhəmiyyət verməyib çökdü cızmaqaraya.

Dostu danışmaqdan bezdi, uzanıb yuxuya getdi... Amma, mənim qəhrəmanım yazmaqdan heç bezmədi.

Yazdı, pozdu, cırdı, vərəq qopardı... Sonra, bir-bir şeir kitablarını vərəqləyib təsirli söz axtardı. Səhər də belə açıldı, gecə də belə gəldi... Növbəti gün, gurultulu bir şeir hazır oldu.

Tələbə qəzetində, institut tədbirində... Yavaş-yavaş tanıtdı öz adını. Qabağa çəkdilər “özümüzünküdür” deyə. Artıq, onun yadından da çıxmışdı qaranlıq keçmişdəki yataqxana yoldaşı, tək dostu-sirdaşı...

Çünki, yaman qarışmışdı şeir yazmağa başı.

Hansı işi keçən varsa, hər işinə yaradı. Harda bir haramyeyənin harın gədəsi varsa, ona bir şeir yazdı.

Kitabları nəşr olundu dalbadal. Yazıçılar Birliyinin ən hörmətli üzvlərindən oldu. Hələ elmi müdafiə də etdi – bir kasıba yazdırdığı dissertasiya ilə.

Deputat olmamışdan, deputat yerişini öyrəndi. İcra başçılarının qapısını əliylə yox, təpiyiylə açmasından öyündü.

Məclislərdə baş yerlərdə oturdu. Bir tərifli şeir ilə, iki cibin doldurdu. “Yuxarı” tərəflərə pul dolu zərf ötürüb, “Xalq Şairi”də oldu.

Vəzifəni vəzifəyə dəyişdi. Qohumlara-tanışlara vasitəçilik edib, təyinata girişdi. Hətta, saxta seçkilərin birində, rəqibi şərləyərək mandata da yetişdi. Ona qarşı sübut oldu, adını “böhtan” qoydular.

Kim etiraz elədi, “xalqın şairi ilə düşmənlik edən biri xalq düşmənidir!” deyə, gözlərini oydular. Əcəb günə qoydular ədəbiyyatı, yox, cəmiyyəti – “xalq şairi” və onun yoldaşları!

Qəzetlərin-jurnalların taleyi də, əlindəki təsbeh kimi iradəsinə uyğun dövr olundu.

Kim şəninə xoş yazdısa, başından pul yağdırdı. Hansı jurnalist və ya tənqidçi xətrinə toxundusa, mənzilindən-daşından da ayırdı.

Nə qədər gənc şairin haqqını yedi. Nə qədər bəyəndiyi özgə əsərlərini mənimsədi. Kimsə nəsə demədi.

“Bir şeirlə heç nə olmaz” deyərək, susdular. Dözdülər. Amma, onun içindəki insanlıq azğınlığa dözmədi.

O şeir dəryasında köpəkbalığı idi. İstedadlılar isə, xırda balıqlar kimi, hey yanında süzdülər. Onun artıqlarından nəsə görsünlər deyə. Yoxsa, kor qoyardı, adın “nankor” qoyardı sözünə baxmayanın!

Beləcə keçdi illər.... Yazıldı “xalq şairi”nin imzasıyla əsərlər... Alındı, satıldı onun arzusu ilə vəzifələr, imarətlər, sahələr...

Bu həyatdan istədiyi hər şeyi aldı mənim tədbirdə arzu tutan qəhrəmanım.

“Xalq şairi” də oldu, millət vəkili də, professor, akademik... Hətta, sinəsində böyür-böyürə düzdü medalı-ordeni də...

...Amma, şair olmadı ki, olmadı. Heç, onun şair olmaq arzusu da yox idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG