Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 05:57

Sultan Mərzili "Qonaqlıq"














QONAQLIQ


Dostum,
gəl gedək "Azadlıq" restoranına,
ən yaxşısı Bakıdadır.
Dünyanın harasında
mən dolma yemişəmsə,
görmüşəm, bakı dadır.

Bir az abşeron küləyi,
bir az da ənciri, narı,
Nardaranın narın-narın,
pirləri, qalaları, qumları.
Ağzımızın şirin-şəkər dadları,
zadları, baldan sonra gələn nədir,
bax həmən o, mumları...

Bizimçün çalışırmış,
bu başı bəlalı, balşünas arı.
Neynirik, qırı, arı,
qır gölünə yapışdırdıq,
uca uçan Quları.

Qırr!- eləyən qarğalara
bağışladıq
Ala dağları, Qarabağları...,
Papaqaları.
Hələ də açıq qalıb orda,
şəhidlərin
göz qapaqları...
Gəl gedək restorana,
Çağırın qonaqları!


SÜNNƏT TOYU və QUŞ FALI

mini poema

1.

Yenə də dəvət gəlir,
bizə minnət olacaq,
minnət cəhənnəm qardaş,
qorxuram, yaramız sağalmamış,
yenə sünnət olacaq!

Kəsəcəklər, maddi, mədəni və bədəni
hissələrimizi,
qalacaq çəpiş buynuzu,
çayır izi,
kişilik tozu...
Min dəfə sünnətləndik,
Qırmızı tuman geydik.

Amma o sünnətlərdə
bircə qazanc qaldı bizə,
kefin istiyən kimi, yaxşıca,
içdik, yedik!
Day Vətəni neynirik!

Bizə bəsdi bir xəlvət dərə, bir gədik,
Bir sümük, bir gəmik,
Axı biz kimdən kəmik?!
Biz çox dözümlüyük, möhkəmik,
yaxşı vurmuşuq, dəmik,
dəmdəməkiyik.

2.

Aşa-aşa, savaşa-sayaşa, ayı kimi
Qıl basdı bizi qul bazarında,
Toyuq kimi kürtləşdik, qrip azarında,
dünəndə, bugündə, yarında!

Erməniylə güləşdik,
rusla süpürləşdik, farsla əlləşdik, gürcüylə, osmanlıyla,
əvvəl ləj idik, indi lələşləşdik/
A bəylər, a xanımlar,
ay axan arxayınlar,
Arazdan ayrımlandıq,
Kür daşdıqca kürdləşdik...
dik, dik, dik,.. dikduruuuş!
Ha boyun oorda,
əyağın goorda!

3.

Əlin qorda, yananda bas ağzına,
basmasan, heç,
atdan, körpüdən keç!
Körpümüz boldur, maşallah!
Meri meyvəyə döndərsin Allah!

Armuda, zoğala, əzgilə,
ya xırdalasın bir az da, gilə-gilə
etsin, ya üzüm, ya qaragilə...
Barınaq ondan,
sıxaq suyunu çıxaraq,
cecə arağı çəkək ondan!

4.

Bizə Körpü gərək isə bu Boyda,
kimə qalır-qalsın qoyun,
keçi qırxınından yığılan yun-qəzil
Sirat üstə qıllara.
Biz bizliyirik bir-birimizi, hələ də
açar yoxdu ağzımızdakı
qıfıllara.

Tilsimə düşdü Devimiz,
sındı şüşə, qaçdı quş, düşdü quş,
pis yollara.
Öldü dövlət
quşumuzun nəsli kəsilir, hayıf
lax çıxan fallara!.


ZAMANIN EŞŞƏYİ

Zamanın eşşəyinə
həqiqətin duz yükünü
yüklədim,
Ağır yükü əyməzlər,
yükünü düz yüklədim.
Səbr elədim,
bəklədim.
Hıqqındı, hıqqındı eşşəyim,
həqiqətun altında,
yerə yatdı, yastılandı,
bağaya döndü,
sonra da ürəkləndi.
Söz demək olmur indi,
əvvəli qanmaz idi,
indisi,
zirehdəndi.


DUA

İlahi,
dualar daha tez yetər sənə,
qutsal Ramazan ayı.
Qoyma tərsinə fırlana,
yerdə dəyirmanı, göydə ayı.
Hər bayquşun bir
xarabası olar,
Bizimkilərin sarayı?!


INCI

Aşıq deyər, inci dərmiş,
Yaralı yar inci dərmiş.
Bu nə incə yardır belə,
İncə-incə incidərmiş…
XS
SM
MD
LG