Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:06

2500 sürücü cərimələnib


Azərbaycan paytaxtında bu ilin avqust ayında «Təmiz hava» aylığı çərçivəsində ixrac etdiyi qazların tərkibində normadan artıq zərərli maddələr aşkarlanan avtomobillər saxlanılıb, 2500 sürücü inzibati qaydada cərimə olunub.

Bu barədə cümə günü «Trend»ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev məlumat verib.

Hənifəyevin sözlərinə görə, atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində avqustun 1-dən 31-dək paytaxt ərazisində yerləşən avtomobil təsərrüfatlarında və yollarda müvafiq tədbirlər həyata keçirilib.

BŞDYPİ-nin şöbə rəisi bildirib ki, reydlər zamanı 35 avtonəqliyyat müəssisəsinə baxış keçirilib.

Onun sözlərinə görə, yoxlamalar zamanı müəssisələrdə 1001 avtomobildən 278-nin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunub. Yoxlamanın gedişi zamanı profilaktik işlər aparılaraq 191 avtonəqliyyat vasitəsində karbon-oksigenin (CO) miqdarı norma həddinə endirilb.

Eyni zamanda aylıq çərçivəsində Bakı şəhərinin küçə və magistral yollarında keçirilən reydlər zamanı 6000 avtomobildən 2151-də mühərriklərin işlənmiş qazlarında CO-nun və tüstünün miqdarının normadan artıq olduğu aşkar olunub. Bu avtomobillərin sürücüləri barəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən protokollar tərtib edilərək inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilib.

Atmosferə normadan artıq zəhərli maddələr buraxan nəqliyyat vasitələrinin sürücülərinin əməli İnzibati Xətalar Məcəlləsinin 155.2.1-ci maddəsi ilə tövsif olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Azərbaycanda atmosfer çirklənməsinin 60 faizdən çoxu nəqliyyat vasitələrinin payına düşür.

Bu il Azərbaycanda «Ekologiya ili» elan edilib.

XS
SM
MD
LG