Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:37

İsa Qəmbər: «Onu dinləyəndə düşündüm ki, bu salamat adam deyil»


Mayk Hankok
Mayk Hankok
Böyük Britaniya parlamentinin Liberal Demokrat üzvü Mayk Hankokun Rusiya ilə əlaqələri bu ölkədə hazırda müzakirə olunan məsələdir. Sual budur ki, Hankok Avropa Şurasında Kremlə nə dərəcədə lobbiçilik edib?

Hankok Azərbaycan iqtidarının da dostlarından sayılırdı.

HANKOKUN RUS KÖMƏKÇİSİ DİNDİRİLİB


«Guardian» qəzeti yazır ki, Hankokun AŞPA-dakı həmkarları onun Rusiyayönlü fikirlərindən narahat olublar və Liberal Demokratların parlamentdəki lideri Çarlz Kennedini xəbərdar ediblər ki, partiya qalmaqala sürüklənə bilər. Ancaq Hankok deyir ki, Kennedi bu fikirləri vecinə almayıb.

Hankok parlamentdə Rusiya üzrə qrupun sədridir. «Sunday Times» qəzeti yazıb ki, Britaniya Təhlükəsizlik Xidməti (Mİ5) Hankokun Rusiyadan olan köməkçisi Katya Zatuliveteri Rusiya kəşfiyyatı ilə mümkün əlaqələrə görə dindirib. İddialara görə, kəşfiyyat işçiləri 25 yaşlı Zatuliveterin şəxsi həyatı haqda da bəzi detallar barədə məlumatlı görünüblər. Bu o deməkdir ki, o, həmişə nəzarətdə olub. Ancaq idarənin sözçüsü Zatuliveter barədə sorğuya heç bir şərh verməyib.

ƏN RUSİYAYÖNÜMLÜ DEPUTAT


Hankokun keçmiş həmkarları da deyirlər ki, onlar Hankokun AŞPA-da debatlar vaxtı Kremlyönlü mövqeyinə görə tez-tez tənqid olunublar. Liberal qrupun keçmiş rəhbəri Mágyás Eörsi:

«Bu əhvalat məni təəccübləndirmədi. Mən demirəm ki, Maykl xəfiyyədir. Ancaq əminəm ki, ruslar Maykldan yaxşıca istifadə edirlər. O, bütün Qərbi Avropa ölkələri arasında ən Rusiyayönümlü deputatdır. Elə onun nitqlərini oxumaq kifayətdir. Putinlə bağlı debat olanda, media azadlığı, Gürcüstanla müharibə məsələlərində Maykl həmişə Rusiyanı müdafiə eləyib. Strasburqdakı liberal blokda onun mövqeyi bizi şoka salırdı. Onun fikrincə, Rusiya tam demokratik ölkədir».

MƏN ANTİ-SAAKAŞVİLİYƏM

Hankok isə nəinki Rusiya dövlətindən hansısa mükafat aldığını etiraf edir, parlament köməkçisinin Rusiya kəşfiyyatı ilə hansısa əlaqələrini də «boş şey» adlandırıb:

«Bu, mənim problemim deyil. Bu, başqalarının şəxsi işidir. O, (Katya) hər dəfə Böyük Britaniyaya qayıdanda mənə deyirdi ki, işi ağır olub. Buna nəsə əlavə eləmək istəmirəm».

Mayk Hankok deyir ki, Çeçenistan müharibəsinə görə Rusiyanı tənqid edib, ancaq Gürcüstanla müharibədə Kremli müdafiə eləyib, çünki prezident Mixeil Saakaşvilini xoşlamır:

Gürcüstanla müharibə məsələlərində Maykl həmişə Rusiyanı müdafiə eləyib
«Mənim fikrim qəti idi ki, Saakaşvili Rusiyanı barmağına dolaya bilməz. Mən anti-Saakaşviliyəm».

Eörsi onu da iddia eləyir ki, Hankok AŞPA-da görüşlərə tez-tez rusiyalı köməkçilərlə gəlib: «Bilinmirdi ki, onlar kimlərdir?».

NECƏ OLURDU Kİ, HƏMİŞƏ RUSLARA SƏS VERİRDİ?


Rusiya-Gürcüstan müharibəsində kimin müqəssir olmasına dair AŞPA-da keçirilən 3 səsvermədə Hankok Rusiya nümayəndə heyətilə birlikdə səs verib. Onun adı Dumanın xarici əlaqələr komitəsinin rəhbəri Konstantin Kosaçevlə birlikdə çəkilib.

«Sual yaranır: necə ola bilər ki, o həmişə ruslarla birgə səs verib?» - Eörsi sual edir.

Hankok isə deyir ki, Eörsi və Assambleyanın keçmiş kommunist ölkələrindən olan digər üzvləri refleksiv olaraq Rusiyaya düşmən münasibət bəsləyirlər, onu Sovet İttifaqı ilə səhv salırlar. O, Eörsi «rəqibi» adlandırıb.

Yanvarda, parlamentin Rusiya üzrə qrupunun rəhbəri seçiləndən sonra Hankok Londonla Moskvanın münasibətlərini yenidən başlamağa çağırıb. Bu münasibətlər 2006-cı ildə rusiyalı dissident Aleksandr Litvinenkonun qətlindən sonra düzəlməyib.

Hankok münasibətlərin pisləşməsinə görə Vladimir Putindən çox Qordon Braun hökumətini günahlandırıb.

AŞPA Qərbi Avropa və keçmiş sovet ölkələri nümayəndələrinin birgə toplaşdığı yeganə forumdur. Adətən bu debatlarda rus nümayəndələr Qərbin insan haqları, seçkilər, Gürcüstan ərazilərinin işğalına dair tənqidini rədd edirlər.

ZATULİVETERİN DOSTLARI


Rusiyanın «Komsomolskaya Pravda» qəzeti də Zatuliveterin rus kəşfiyyatına bağlılığına dair iddialardan yazıb, belə bir başlıqla: «Britaniyalılar öz parlamentlərində «rus agenti» axtarırlar». Qəzet əlavə edir ki, Zatuliveter iddiaları təkzib edib.

Zatuliveter deyib ki, onu sorğu-sual edənlərdə dostlarının adları olub, deməli, telefonlara qulaq asırlar. Zatuliveter «Guardian»ın zənglərinə cavab verməyib.

«Guardian» yazır ki, Moskvada polis avqustun 31-də axşam şəhər mərkəzinə toplaşan azı 20 müxalifətçini həbs edib. Onlar sərbəst toplaşma azadlığı tələb edirdilər.

Moskva meriyası anti-Putin yürüşünü qadağan edib, beləliklə də etirazçıların qarşısı alınıb.

Mayk Hankok Bakıda 2009-cu il referendumundan 12 gün əvvəl olub
«Bu, demokratik idarəetmənin qəribə metodudur, adam şoka düşür», - bunu Niderlanddadn olan deputat Zis Berman deyir. O, Avropa Birliyi parlamentində insan haqlarına dair alt-komitəyə daxildir.

MAYK HANKOKUN BAKI SƏRGÜZƏŞTLƏRİ

Mayk Hankok Bakıda 2009-cu il referendumundan 12 gün əvvəl olub. Konstitusiyaya dəyişiklikləri xarakterizə etmək üçün. Həmin referendumda konstitusiyaya edilən dəyişikliklərlə bir şəxsin prezident seçilməsinə qoyulan məhdudiyyət ləğv olundu.

Mayk Hankok həmin tədbirdə referendumda dəyişikliklərə «hə» deməyin əsaslarından danışmışdı. O deyirdi ki, insanlara azad seçim imkanı yaradılmalıdır ki, adamlar yaxşı hesab etdikləri prezidenti növbəti dəfə də seçə bilsinlər.

Cənab Hankoka görə, əgər ABŞ prezidenti Bill Klinton vaxtında belə bir dəyişiklik etsəydi, onda Corc Buş prezident olmazdı. İraqda da səhvlərə yol verilməzdi.

Həmin tədbirdə danışanların demək olar ki, hamısı konstitusiya dəyişikliyinin müsbət bir addım olduğundan danışıb.

Ancaq bu tədbiri kimin maliyyələşdirdiyi açıq qalmışdı. AzadlıqRadiosu araşdırıb üzə çıxarmışdı ki, təşkilatçılardan biri Azərbaycan iqtidarına lobbiçilik edən Amerika təşkilatı- «Bob Lourens və Assoşieyts» şirkətidir.

İSA QƏMBƏR HANKOK BARƏDƏ


Müsavat Partiyasının başqanı İsa Qəmbərin facebook sosial şəbəkəsində Mayk Hankok barədə yazdıqları:

«Qətiyyən təəccüblənmirəm. Mayk Hankok dəfələrlə Azərbaycanda seçki-müşahidə turizmi ilə məşğul olub.

İsa Qəmbər
Onu ilk dəfə dinləyəndə düşündüm ki, bu salamat adam deyil. Avropadakı tərəfdaşlarımıza da demişəm ki, bu adamın liberal dəyərlərə aidiyyəti yoxdur.

Bir fikrimi də bölüşmək istəyirəm: Azərbaycandakı seçki saxtakarlıqlarına göz yuman, bəraət qazandıran, Əliyev rejiminə dəstək olan avropalıların əksəriyyətini araşdırsan oxşar situasiya ilə qarşılaşacaqsan.

Biz bu faktlara qarşı daha diqqətli olmalı, bu cür adamları Avropanın özündə ifşa etməliyik».


XS
SM
MD
LG