Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:55

«Eşidəndə hirsləndim. O nə artımdır?»


«O milyardlar hara gedir? Yaxşı olmazmı o milyardları versinlər bu yazıq kasıb əhaliyə. 50 il işləmişəm, əmək veteranıyam, 90 manat pensiya alıram. İndi də 10 manat artsın. 100 manatla dolanmaq, ailə saxlamaq olar? Mən dolanmıram, sürünürəm. Hər şeyə həsrət qalmışıq».

70 yaşlı təqaüdçü Heydər kişi belə deyir. O bildirir ki, ölkədəki abadlaşdırma, hay-küylə, vur-çatlasınla müqayisədə pensiya və əməkhaqları çox aşağıdır.

Sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı və pensiyaların məbləği 10 manat artaraq 85 manat olub. Bu artım nə qədər adamı əhatə edir və onun ümumiyyətlə əhalinin güzəranına təsiri olub-olmayacağı barədə mütəxəssis fikirləri isə fərqlidir.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, YAP-dan olan deputat Nazim Məmmədov deyir ki, hökumət ilin sonunadək inflyasiyanın səviyyəsini 6-7 faiz proqnozlaşdırır. Amma bu göstərici 8 faiz olsa belə, indiki artım onu üstələyir. Yəni inflyasiya az maaş və təqaüd alan adamların pulunu çox yeyə bilməyəcək.

KOMMUNAL XƏRCLƏR GƏLİRİN 30 FAİZİNDƏN AŞAĞIDIRSA, BU, NORMAL SOSİAL SİYASƏT SAYILIR

Nazim Məmmədova görə, ümumilikdə kommunal xərclər gəlirin 30 faizindən aşağıdırsa, bu, normal sosial siyasət sayılır. Azərbaycanda isə bir ailənin kommunal xərcləri gəlirin 30 faizdən aşağıdır ki, artıq deyil:

«Deyək ki, bir ailədə iki nəfər təqaüdçü var və hərəsi 85 manat alır. Başqa heç bir gəlirləri də yoxdur. Onların ümumi gəliri 170 manatdır. Əgər iki otaqlı mənzildə yaşayırlarsa, bunun sosial kommunal xərcləri təqribi hesablamalara görə heç 25 manatı ötmür. Bu o deməkdir ki, həmin xərclər faktiki gəlirin 30 faizindən də aşağıdır. Eyni zamanda Azərbaycanda insanlar yalnız dövlətdən aldıqlarını deməyə üstünlük verirlər.

Fərdi təsərrüfatlarından, fəaliyyətlərindən əldə etdikləri gəlir barədə isə deklarasiya verməyə meylli deyillər. Ancaq insanlar gəlirlərini doğru-dürüst elan etmiş olsalar, təbii ki, bu gün Azərbaycanın mövcud iqtisadi durumuna, inkişaf perspektivinə və bazarlarına uyğun minimum yaşayışı təmin etmək mümkündür».

Nazim Məmmədov
Nazim Məmmədov hesab edir ki, Azərbaycan insanı həqiqətən də daha yaxşı yaşamaq haqqına malikdir və ölkə prezidenti bu istiqamətdə işlər görür.

Deputatın hesablamalarına görə, ancaq dövlət büdcəsinin imkanları hələ ki, daha kəskin artım üçün yetərli deyil. Bununla belə, 2009-cu ildə dünyada gedən böhran və bu il ölkənin müəyyən bölgələrində baş verən təbii fəlakət nəzərə alınanda dövlət büdcəsi hesabına belə artım ciddi addımdır. Çünki minimum pensiyaların artırılmasına ümumilikdə təqribən 150 milyon manatdan artıq vəsaitin sərfi nəzərdə tutulur.

Bakının bir neçə rayonu ərazisində keçirdiyimiz sorğuda isə sakinlərin bu artıma münasibətləri deputatın fikirlərindən xeyli fərqli oldu:

BU PULA NECƏ DOLANMAQ OLAR?

- Bu pula necə dolanmaq olar? Mən eşidəndə hirsləndim. O nə artımdır? Əgər pul yoxdursa, o məmurların şəraiti, villaları haradandır? Dövlətin ciddi artım etmək üçün imkanları yetərincədir. Neft gəlirləri və qeyri-neft sektorundan büdcəyə daxilolmalar xeyli artıb. Hökumətdən soruşmaq lazımdır ki, niyə artımlar minimum dolanışığı təmin etmək səviyyəsində deyil.

Sakinlərdən birinin sualımıza cavabı isə özünəməxsusluğu ilə fərqləndi:

«Bir dəqiqə hələ söndür onu, deyəcəm».

O pensiya və təqaüdlərin artımı barədə əvvəl kefi istəyən kimi ürəyini boşaltdı, sonra isə mikrofona tamam fərqli fikirlər söylədi:

«Bu, gözəl artımdır. Allah canlarını sağ eləsin. Tez-tez artırsınlar ki, biz də dolanaq. Kömək eləyir».

Haqqında danışdığımız artımla bağlı prezident İlham Əliyevin avqustun 31 –də imzaladığı sərəncama görə, bu addım Azərbaycanda əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə atılır.

BU, CİDDİ ARTIM DEYİL

Azər Mehtiyev
İqtisadçı ekspert Azər Mehtiyev isə deyir ki, bu, ciddi artım deyil və onu inflyasiyanın səviyyəsi ilə heç cür müqayisə etmək olmaz. Ölkədə baş verən qiymət artımını qarşılamaq iqtidarında olan artımdan isə söhbət gedə bilməz.

Onun sözlərinə görə, bu, əslində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yox, siyasi məqsədli bir artımdır. Azər Mehtiyev deyir ki, burada söhbət seçki kampaniyasında bir element olaraq istifadə ediləcək addımdan gedir:

«Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinin dediyinə görə, bu 1 milyon 300 minə qədər adamın pensiyasının artımı istiqamətində müəyyən dəyişikliklərə gətirib çıxaracaq. Minimum əməkhaqqı məsələsində isə əvvəllər verilmiş açıqlamalara istinadən demək olar ki, təxminən 600 min adamın fəaliyyətinə təsir göstərəcək. Say çox olsa da, ciddi artımdan söhbət getmir».

Azər Mehtiyev minimum pensiya və əməkhaqqının artımını inkar etməyin, tam mənasız olduğunu düşünməyin də əleyhinədir. Amma deyir ki, nəzərə almaq lazımdır ki, bu cür addımlar qiymətlərin artmasında da psixoloji faktor rolunu oynayır.
XS
SM
MD
LG